Tarixi qanla yazılan gecə

 

20 Yanvar faciəsi o qədər ağrılı, dəhşətlidir ki, illər keçdikcə belə, onun yaralarından hələ də qan axır. Bizi kövrəldən  o dəhşətlərin şahidi və şəhidlərinin günahsız tökülən qanlarıdır. Fəxrimiz, qürur yerimiz isə o gündən başlayaraq birliyin, vahidliyin, azadlığın, müstəqilliyin şərəfini hiss etməyimiz, ağır günlərdə birləşməyimizdir.

Bu  qanlı hadisənin səbəbkarları və baislərini zaman öz hökmü ilə cəzalandırdı. Daxildən çürümüş imperiya öz cəlladlarının əli, bu buxovdan qurtulmaq üçün illərlə  milli azadlıq uğrunda mübarizə aparanların ölümün gözünə dik baxmaları ilə tarixin arxivinə çökdü. Bakıya qoşun yeridilməsinə göstəriş vermiş keçmiş SSRİ-nin ilksonuncu prezidenti M. Qorbaçov sonralar Türkiyədə bu qanlı hadisənin törədilməsinə rəvac verən fərman imzalamasını etiraf etdi. Bu, tarix,  azadlıqsevər xalqlar və millətlər qarşısında imperiyaının diz çökməsi anlamına gəlir. Bu, sadəcə, etiraf  deyil, əsl üzr istəmə idi, gec olsa da...

20 Yanvarın -  qanlı şənbə gecəsinin  eyni zamanda şərəfli bir tarix olması danılmaz həqiqətdir. O dəhşətli günlərin tarixləşməsi isə isti-istisonralar soyuqqanlılıqla qələmə alınan yazılar, onların toplanaraq kitab şəklində daha geniş oxucu auditoriyasına çıxarılmasından çox asılı idi.

Doğrudur,  həmin  faciəli günlərdə imperiya öz çirkin siyasətini dünya xalqlarından gizlətmək üçün öncə Azərbaycanı, xüsusən, paytaxt Bakını informasiya blokadasına almış, ölkədə yeganə fəaliyyət  göstərən Azərbaycan televiziyasının enerji blokunu partlatmış və bununla, zülmət gecənin və sonrakı  günlərin qırğınları barədə məlumatın yayılmasına imkan verməmişdir.

20 Yanvar hadisələri haqqında əsl həqiqətlər, faciənin ağrı-acısı, miqyası yenə də qələm və söz əhlinin üzərinə düşürdü.  Şəhidlərin qırxına qədər Rafiq Səməndərin qələmə aldığı "Şəhidlər" kitabı Azərbaycan ədəbi mühitində şimşək kimi çaxdı. Daha sonra qara cildli, qara yazılardan ibarət "Qara  Yanvar, Bakı-1990" kitabı səhifələndi, vərəqləndi. 50 min tirajla çap olunmasına baxmayaraq, kitabı əldə etmək çox çətin idi. "Şahidlər" də o dəhşətli zülmət gecəyə işıq saldı, imperiyanın  son nəfəsdə belə, öz qanlı  əlləri ilə azadlıq aşiqlərini boğmağa çalışdığına şahidlik etdi. Ümumiyyətlə, zaman keçdikcə o qanlı-qadalı günlər qələm sahiblərinin yaddaşından kitablara  köçürülür və gələcək nəsillərə çatdırılır. Uzun müddət "Azərbaycan Ordusu" qəzetində çalışan, döyüşlərin od-alovundan keçən igidlərin ömür yollarından söz açan  "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Qələbə naminə", "Ölməzlik zirvəsi", "Pulemyotçu Nurəddin" və "Erməni əsirliyindən dönənlər" adlı kitabların müəllifinə  çevrilən yazıçı-jurnalist Vahid Məhərrəmov da 20 Yanvar hadisələrinə münasibətini bildirmiş, şahidi olduğu o müdhiş gecədən yaddaşına yazdıqlarını kitaba çevirərək, "Qanlı gecə - qanlı tarix"i ilə növbəti dəfə oxucuları ilə görüşə gəlmişdir.

İndiyə kimi çapdan buraxılan kitablarında olduğu kimi, müəllif burada da Vətənimizin azadlıq və müstəqilliyi uğrunda canından keçənlərin şərəfli ömür sahibi olduğunu dəfələrlə və xüsusi vurğu ilə qeyd edir. 20 Yanvar hadisələrindən danışan kitabın içərisindəki  yazılar da 20 sərlövhəyə ayrılıb.

Kitabın 20 Yanvar faciəsinin növbəti, 22-ci ildönümü ərəfəsində nəşr edilməsi heç də təsadüfi deyil. Ötən illər ərzində 20 yanvar 1990-cı il tarixi ümumxalq hüzn günü kimi qeyd edilib. Tariximizin şanlı səhifələrindən biri olaraq, 20 Yanvar həmçinin yaddaşlara mübarizlik, cəsurluq, qorxmazlıq, imperiya üzərində qələbə günü  kimi də yazılır. Əyilməzliyin, mətinliyin mübarək, azadlığına, müstəqilliyinə qovuşan, onu göz bəbəyi kimi qoruyan Azərbaycan xalqı, qəddini əymə şəhid atası, qəm eləmə,  o gecə oğul itirən ana! Azərbaycanın azadlıq mübarizləri, şəhidlik zirvəsinə yüksələnlərlə ancaq fəxr etmək olar! Fəxri kürsün mübarək, ölməz igidlərimiz - şəhidlərimiz!

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 19 yanvar.- S.8.