O gecəni xatırlayarkən

 

Məmləkətimiz tarix boyu çox müsibətlərlə, qanlı-qadalı hadisələrlə üzləşib. Lakin onlardan heç biri xalqımızın yaddaşında 1990-cı ilin qanlı Yanvar faciəsi qədər əbədilik qazanmayıb. Bu hadisələr - 20 Yanvardan keçən savaş yolu kimi doğma Azərbaycanımızı azadlığa və müstəqilliyə aparırdı. Ona görə də bu hadisə şanlı tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Yanvar qırğınından 24 il ötsə də, həmin gecənin ağrıları, əzabları yaddan çıxmır. Sahil Əliyev  bu qanlı gecənin şahidlərindən biri kimi həmin günü belə xatırlayır:

-Yaxşı yadımdadır. Yanvarın 19-u axşamdan başlayaraq hər tərəfdən müxtəlif xəbərlər gəlməyə başladı. Hərə bir söz danışırdı.  Ceyranbatan qəsəbəsinin  körpüsünün ətrafı adamla dolu idi. Quba istiqamətindən gələnlər dedilər ki, zirehli texnika şimaldan paytaxta tərəf irəliləyir. Azadlıq mücahidlərinin əyilməzliyini duyubmuş kimi zirehli texnika Bakı-Quba yolundan dönüb Sumqayıt stansiyasına tərəf hərəkət etməyə başladı.

Ceyranbatan körpüsünün yanına toplaşan əliyalın insanlar Bakıda nələrin baş verəcəyindən xəbərsiz idilər. Şəhərlə heç bir əlaqə yox idi. Tankların Bakıya irəliləməsini yoldaşlarımıza çatdırmaq lazım idi. Maşına bir nəfər də əyləşdi və paytaxta tərəf üz tutduq. Artıq qaranlıq düşmüşdü, hava da soyuq idi.

Sahil söhbətinə davam edir:

- Biləcəri yoxuşuna çatar-çatmaz maşınımız qəfildən gülləbaran edildi. Zirehli texnikanın haradan peyda olduğunu hiss etməmişdik. Projektorların güclü işığından yolu seçə bilmirdik. Axşam saat 11 olardı. Ara-sıra güllə səsi eşidilirdi. Sən demə, həmin vaxtlarda Salyan kazarması yaxınlığında atışma olubmuş...

Həmin axşam Sahilin maşınının şüşələrinə 30-dan artıq güllə dəyibmiş. O, qapını açıb yerə düşmək istəyəndə başının üstündə mülki geyimdə iki nəfəri görür. Saçları uzun olan həmin adamlardan biri digərinə rus dilində erməni ləhcəsi ilə belə deyir: "Ölməyib, deyəsən, başından vur, getsin".

- Güllənin açılıb-açılmadığını da hiss etmədim, Sahil bildirir.  Al-qan içində idim. Başımdan, qolumdan  bel nahiyəmdən güllə dəymişdi. Sənədlərimi də götürmüşdülər. Özüm kimya zavodunda işləyirdim, həm də NeftKimya İnstitutunun Sumqayıt filialının sonuncu kursunda oxuyurdum. EBircə onu hiss edirdim ki, hansısa yük maşınının üstündəyəm. Sonralar öyrəndim ki, həmin maşın məni ölmüş bilib Respublika Kliniki Xəstəxanasının morquna  gətirib. Koma vəziyyətində olan Sahil həmin gecə meyitlərlə birlikdə morqda qalır. Səhərə yaxın həkimlərdən kimsə onun tərpəndiyini görür.

- Həkimlərimizin səyi nəticəsində Allah üzümə baxıb salamat qaldım, gözləri yaşaran Sahil əlavə edir. Uzun müddət müalicə alsam da, sağlamlığımı itirdim, II qrup əliləm.

Sahil danışdıqca gözlərimin qarşısında qanlı Yanvar gecəsinin vahimələri, sarsıntıları canlanır. Həmin gün əliyalın əhalinin üzərinə yeriyən ordu onlarla günahsız insanı qətlə yetirdi. Bu, gün gözləri yol çəkən neçə sahillərin isə bir arzusu var; işğalda olan doğma torpaqlarımızın azad edilməsi və üçrəngli bayrağımızın o yerlərdə dalğalanması. Yurda dönüş gününü görmək istəyən hər bir ölkə vətəndaşı isə həmin zamanın uzaqda olmadığını yaxşı bilir.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 19 yanvar.- S.9.