Onlar
azadlığı hər şeydən üstün tutdular
O,
1990-cı ilin deyil, 1986-cı ilin 20 yanvarında doğulub. O,
1990-cı ilin 20 Yanvarında Bakının küçələrində
deyil, 2010-cu ilin sentyabrında Qarabağ cəbhəsində
düşmən gülləsindən dünyasını dəyişib.
Bu güllə ona 20 Yanvarda atılan güllə idi, sadəcə,
bir az gecikməklə gəlib
Qarabağın dağlarında, döyüş bölgəsində
Fəridi tapdı... Əslində, Torpaq, Vətən,
azadlıq aşiqlərinə atılan güllələr
çoxdan atılıb, sadəcə, onun öz hədəfinə
- "sahib"inə gəlib çatma vaxtı müxtəlif
olur.
20 Yanvar faciəsi günlərində Azərbaycan
xalqı sanki yenidən qurulur, onun azadlıq ruhu yenidən
doğulur, yenidən imtahana çəkilirdi. O gecə, o gün xalq
öz tarixinin ən unudulmaz günlərindən birini
yaşayırdı. Vaxtilə böyük alman
filosofu Hegel yazırdı ki, ruhun mahiyyəti azadlıqdır.
Məhz bu azadlıq üçün, bu
azadlığa qovuşmaq üçün Azərbaycan
xalqı yüz illər boyu mübarizə aparmaqda, şəhidlər
verməkdə idi. 200 il əvvəl imperiya Azərbaycan
xalqının siyasi istiqlalını əlindən alsa da, onun azadlıq
ruhunu öldürə bilmədi. Bu münasibətlə
Qafqazda gördüklərini qələmə alan
rus canişini V.Z.Veliçko yazırdı: "Azərbaycanlılarda
qan şübhəsiz ki, nəcibdir, onlar təbiətən
xeyirxah, mərd, alicənabdırlar, əqli və mənəvi
inkişafa qabildirlər. Dövlət
quruluşu, həm də hakimiyyətə, adət-ənənələrə
və qanunlara hörmət təlqin edən güclü ideya
... onlara xasdır".
Məhz buna görə uzun illər
işğalçıların apardığı siyasət
iflasa uğradı, Azərbaycan xalqının
inkişafının, millət kimi formalaşmasının
qarşısını almaq mümkün olmadı, XX əsrin
əvvəllərində Azərbaycan Şərqdə ilk demokratik
dövlət qura bildi. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik əsasları
özünü demokratiyanın beşiyi hesab edən bir
sıra Avropa dövlətlərinə belə nümunə
ola biləcək səviyyədə idi. Bunlar isə
təsadüfi deyildi. Azərbaycan
xalqının tarixi keçmişindən, mədəniyyətindən,
adət-ənənəsindən, əxlaqi dəyərlərindən,
milli azadlıq ruhundan doğurdu.
Bu ölməz ruhun daşıyıcılarından biri
də Azərbaycan Prezidentinin sərəncamı ilə
ölümündən sonra "İgidliyə görə"
medalına layiq görülən baş leytenant Fərid
Əhmədovdur.
Deyirlər ki, qəhrəmanlıq hamının ürəyində
var, amma onun üzə çıxması şəraitdən
asılı olaraq müxtəlif cür olur. Fərid Əhmədovun
anası Nərgiz xanım həm həsrətdən,
ayrılıqdan, həm də bunlardan danışır: "Fərid uşaqlıqdan
çox qeyrətli, namuslu, istedadlı, ümumiyyətlə,
qeyri-adi uşaq idi. Uşaq vaxtlarında gözəl
şəkillər çəkərdi. Həmin
şəkillərdə də vətənpərvərlik hissləri
vardı. Rəsmlərində cəngavərlik
səhnələrini təsvir etməyi xoşlayırdı.
Uşaqlıqdan mərd, sözübütöv
idi. Məktəb illərində öz
yoldaşlarını müdafiə edərdi. Hər işini özü həll edər, çox
şeyləri mənə deməzdi. Hərbi Akademiyada
oxuduğu müddətdə iki dəfə əməliyyat
keçirmişdi: bir dəfə ayağından, bir dəfə
əlindən. Amma mənə 3-4 ay keçəndən
sonra bildirmişdi. İstəmirdi ki, mən
narahat olum."
Fərid
1992-cı ildə N.Gəncəvi adına
Cəlilabad rayon 1 saylı orta məktəbin birinci sinfinə
gedib. 2003-cü ildə məktəbi bitirib Heydər Əliyev
adına Ali Hərbi Akademiyaya qəbul olub.
2007-ci ildə oranı əla qiymətlərlə
bitirən Fərid Əhmədov rütbə almaq
üçün Təlim-Tədris Mərkəzinə göndərilir.
O, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və
Gəncə şəhərində yerləşən
"N" saylı hərbi hissədə tağım komandiri
vəzifəsinə təyin edilir. Xidmətə
başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını
başa vurur, fərqlənmə nişanı və diplomla təltif
olunur. Sonra yenidən Gəncədəki
"N" saylı hərbi hissəyə xidmətə
qayıdır. 2009-cu ildə Fərid
öz ərizəsi ilə Tərtər rayonunda yerləşən
"N" saylı hərbi hissədə xidmətə
başlayır. Qısa müddət ərzində
orada hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat
bölüyünün komandiri təyin edilir.
İndi ondan acı, qəmli, ancaq işıqlı xatirələr
qalıb. Bacısı deyir ki: "Fərid
9-cu sinifdən hərbi məktəbə
hazırlaşırdı. Həm
özünün marağı vardı, həm də atam onun hərbçi
olmasını istəyirdi. Hərbi məktəbə
qəbul olunandan sonra evimizə təşəkkürnamələr
gəlməyə başladı. Yazırdılar ki, belə
övlad böyütdüyünüzə görə
çox sağ olun. Təsadüfi deyil ki, sonralar Türkiyədə
təhsil alanda ona sertifikat verən türk general Fəridin əlini
sıxaraq demişdi: "Sən əsl hərbçisən!".
Fəridin
qısa həyat yolu
Nərgiz xanımın gözləri önündən
bir film lenti kimi gəlib keçir: "Yadımdadır, Fəridin
8 yaşı vardı, evimiz tikilən zaman idi, bir dəfə
oynayanda dəmir qolunu kəsdi. Həkim tikiş
qoymalı oldu. Həmin tikişin izləri
qalmışdı. Həmişə
zarafatla mənə deyərdi ki, narahat olmayın, itsəm, məni
bu çapıqla taparsınız. Elə
bil, hər şeyi bilirdi. Onun bu uşaq
zarafatı kədərli gerçək oldu. Sonradan xəstəxanada
biz Fəridi əlində və qolundakı həmin
çapıqla tanıdıq... Fərid
Türkiyədən qayıdandan sonra özü ərizə
yazıb döyüş bölgəsinə - Tərtər
rayonuna xidmətə gedib. Çox şeyi
bizə bildirmirdi. Hər dəfə zəng
edəndə deyirdi ki, Gəncədə işlərim
yaxşı gedir, narahat olma".
Fəridin bacarığı, qabiliyyəti diqqətdən
yayınmır. Ona leytenant rütbəsi verilir və rota
komandiri təyin edilir. O vaxt Fərid çox gənc idi,
cəmi 23 yaşı vardı. Bu yaşda belə yüksək
rütbə qazanan zabitlərdən biri kimi Fərid kəşfiyyat
bölməsinə rəhbərlik edirdi...
2010-cu il sentyabrın 3-dən 4-nə keçən
gecə Tərtərin Çiləbürt kəndi
yaxınlığında erməni qəsbkarlarına
qarşı vuruşaraq qəhrəmancasına şəhid
olan Fərid Əhmədovun meyiti uzun müddət düşmən
tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan
və Azərbaycan tərəflərinin
razılaşmaları nəticəsində geri
qaytarılıb. Azərbaycan Prezidenti İlham
Əliyev baş leytenant Fərid Əhmədovun və kapitan
Əhməd Abdullayevin "İgidliyə görə"
medalı ilə təltif edilməsi (ölümündən
sonra) haqqında sərəncam imzalayıb. Onlar bu medala hərbi borclarını yerinə yetirərkən
igidlik göstərdiklərinə görə layiq
görülüblər.
Dostları danışırlar ki, Fərid Mübarizin nəşinin
düşmən tərəfdə qalmasına görə
çox narahat idi, həmişə deyərdi ki, biz necə hərbçiyik
ki, onu qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündən
yazmışdı ki, biz səninlə fəxr edirik: "Fərid
uşaqlıqda çox sakit, tərbiyəli oğlan idi. Fəridlə əməliyyatda olan yaxın dostu
rayonumuza gəlmişdi. Deyirdi ki, Fərid əməliyyatdan
bir neçə gün öncə çox narahat idi. Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin
qaytarılmamasını da çox ürəyinə salırdı,
qəzəblənirdi. Əməliyyata gedəndə
deyib ki, mən gedəcəm, Mübarizi də gətirəcəm.
Fərid getdi də... Bu əməliyyatın əmr
və ya şəxsi istəkləri hesabına olduğunu
bilmirik. Bizim Cəlilabaddan olan digər
şəhidimiz Əhməd Abdullayev hündür bir yerdə
gözləyirmiş. Bu zaman görüb
ki, Fərid erməni əsgərləri ilə
döyüşür. Bu məqamda Əhməd əsgərləri oradan
uzaqlaşdırıb. Daha sonra özü Fəridin
cəsədini götürmək üçün ermənilər
olan yerə qayıdıb. Bu zaman Əhmədi
də güllə ilə vurublar. Ancaq
Əhməd ölməyib, sürünə-sürünə
bizə tərəf gəlib. Sərhədə
çatanda isə ölüb. Əhməd
Abdullayev da beləcə Fərid Əhmədovla bir əməliyyatda
şəhid olub. Hətta biz sonradan bildik
ki, Fərid əməliyyatdan öncə Əhmədə
deyib ki, sən getmə, uşaqların var. Amma buna baxmayaraq,
Əhməd həmin əməliyyata gedib və orda şəhid
olub. İndi onun Hüseyn və Nihad adında iki
uşağı atasız qalıb..."
Fəridin dayısı Aslan müəllim
üçün o günlər bitib-tükənməyən
xatirələrdir: "Biz təkcə
dayı-bacıoğlu yox, sanki yaxın dost idik. Fərid namus çəkən idi. O, haqqın
tərəfdarı idi. Bir dayı kimi, Fəridin
qəhrəmanlığı mənim üçün həm
fərəhli, qürurverici, həm də kədərlidir.
"Uzaq sahillərdə" filmi Fəridin ən
çox sevdiyi filmlərdən idi. Necə ki Mehdi
Hüseynzadə həm döyüşür, həm də
şəkillər çəkirdi, o da boş vaxtlarında
şəkillər çəkərdi..."
Nərgiz
xanım deyir ki, "Fərid indi də yuxularımda məndən
halallıq istəyir... Onun telefonunu özümdə
yadigar saxlayıram".
Xalası Kəmalə Həsənova isə deyir: "Hərbi məktəbə imtahan verməyə gələndə Fərid bizdə qalırdı. Bir dəfə evə gec gəldi. Çox narahat oldum. Dedi ki, mənə görə narahat olma, sən bilmirsən ki, mənə heç nə olan deyil?"
Doğrudur, indi Mübariz, Fərid, Əhməd heç nə olmamış kimi hər gün evlərinə gəlirlər. Amma artıq olanlar olub... İndi hamı, bütün Azərbaycan öz qəhrəman övladlarından danışır. Onların ata yurdu - Biləsuvar və Cəlilabaddakı evləri də artıq böyük bir ziyarətgahı xatırladır.
İllər
öncə Azərbaycanı gəzib dolaşan,
xalqımızın qəhrəman və fədakar
övladları ilə görüşən böyük
fransız yazıçısı A.Dümanın
yazdıqlarını yada salmağa, onun gözlərilə
özümüzə bir daha baxmağa dəyər: "Bu
xalq vaxtı ilə müzəffər olmuş, ürəyində
indinin özündə də döyüşkən olaraq
qalır... Onlar azad yaşamağı hər şeydən
üstün tuturlar".
Bəxtiyar QARACA,
Azərbaycan.-2014.- 19 yanvar.- S.10.