Şəhidlik zirvəsi
- Allo, eşidirsiz? Bilirsinizmi ki, bir gəncə Bakıda 20 Yanvar gecəsi sovet tankı atəş açsa da, onu məhv eləyə bilmədi, o gecədən yaralı çıxan igid oğlan qanlı-qanlı Qarabağa, torpaqlarımızın müdafiəsinə yollandı. Bəli, bəli, Nəsimi iki dəfə düşmən gülləsinə tuş gəldi. Bakıda yanvarın 20-də yaralansa da, şəhidlik zirvəsinə Qarabağda yüksəldi. Daha ətraflı öyrənmək istəyirsinizsə, 1-ci mikrorayondakı (Şamaxı yolu), Tbilisi prospektindəki birinci doqquzmərtəbəli binanın fasadında şəkli olan şəhidin ünvanına baş çəkin...
Bu telefon zəngi ilə bir gəncin nakam taleyindən söz açan ailəyə baş çəkəsi olduq. Həmin mənzildə hər yan 20 Yanvar rəngində qara-qırmızı idi: üzlər də, yaşlı gözlər də, yanıqlı-yanıqlı eşidilən sözlər də...
20 Yanvardan keçən yol ölümsüzlüyə, əyilməzliyə, azadlıq və müstəqilliyə aparırdı... Bu yolun yolçuları təkcə o gecə - qanlı, Qara Yanvarda ölümün və imperiya cəlladlarının gözlərinə dik baxanlar deyil, bütövlükdə xalqımız idi...
O gecə şəhidlik zirvəsinə bir yol açıldı. Kimi o gecə, kimi isə sonralar Qarabağda, Vətənimizin digər guşələrində, onun azadlığı, torpaqlarının müdafiəsi uğrunda şəhid olmalı idi...
1990-cı ilin 20 Yanvar gecəsində sinəsi sipərə çevrilənlərin şərəfli ömür yolları gənc nəsil üçün örnəyə çevrildi. Bir gecənin şəhidlərinin qanı torpaqdan qurumamış Qarabağda və onun ətrafında qanlı döyüş yolları başladı. O yolla gedənlərdən və bu ali məqama - şəhidlik zirvəsinə ucalanlardan biri də Nəsimi Rza oğlu Əliyev oldu.
Tale yolu 20 Yanvardan Qarabağa qədər uzanan Nəsimi 11 sentyabr 1973-cü ildə Bakıda anadan olmuşdu. Bu tarixi gündə Azərbaycanın böyük oğlu, görkəmli söz ustadı, bu cahana sığmayan, lakin qəlbinə iki cahan sığan İmadəddin Nəsiminin (Seyid Əlinin) 600 illik yubileyi qeyd edilirdi. Uşaqlıqdan atasızlığın ağır dərdini çəkən, uzun müddət Azərbaycan Dövlət Televiziyasının texniki heyətində çalışan Rza Əliyev o gecə qürur hissi ilə xoş xəbərin sevincini yaşadı: İmadəddin Nəsiminin 600 illik yubileyi günündə dünyaya sonbeşik oğlu gəlmişdi. O, elə bu şərəfə görə də övladının adını Nəsimi qoymuşdu.
Sonbeşiyinin
yeniyetməlik dövründə dəfələrlə
üzləşdiyi qeyri-adiliklər onu narahat edirdi. Uşaqlıqdan
ata üzünə həsrət
qalmış Rza kişi
sonbeşik oğlunun onu daha çox
istəməsini taleyin qəribəliklərindən
sayırdı. Ona görə də atasından
doymayan Nəsiminin xətrinə dəyə
bilmirdi. Bütün bunlarla yanaşı, oğlunun xatirinə çox
şeyləri güzəştə getsə də, Nəsimi bu istəkdən, həvəsdən sanki qida alır, bir gündə bir boy artırdı. Xasiyyəti də onu bir az
sevdirir, bəlkə də elə ona görə tez-tez "gözə
gəlirdi".
İlk
möcüzə belə olmuşdu: körpə Nəsimini
peyvənd olunmaq üçün həkimə aparıb evə
qayıdanda Tbilisi prospektində sürətlə keçən
maşın onları vurub kənara tullasa da, hər ikisi
yüngülcə yaralanmışdı.
...Nəsimi orta məktəbin səkkizinci sinfini bitirəndə peşəyə olan marağını nəzərə alıb atası onun Bakı Rabitə Texnikumuna qəbul olunmasına razılıq vermişdi. Atasının iş yerinə - telestudiyaya da onu bağlayan məhz operatorluq peşəsi idi. Texnikumda oxuduğu illərin çox hissəsini telestudiyada, təcrübə-sınaq meydanında keçirmişdi. Texniki avadanlıqlarla "dil tapanda" sanki qanad açıb uçmaq istəyirdi. Fikri var idi ki, texnikumu bitirdikdən sonra Politexnik Universitetində təhsil alsın və ali təhsilli mühəndis-texnik olsun.
... Tələbəlik illərinin şirinliyini dadanda Bakıda sovet tanklarının vəhşi hayqırtısı qopdu. 20 Yanvar hadisələrinin ağrısını o da yaşadı. Telestudiyada dəmirdəbilqəlilərin vəhşi hərəkətlərini görüb əsəbiləşərək, babasının divardan asılmış şəklinin qənşərində dayanaraq, dərin fikrə gedər və dodaqaltı "Eh, ay zavallı babalar, gör bir kimi kimdən qorumusuz?! Nə biləydiniz ki, öyündüyünüz, sıralarında fəxrlə xidmət etdiyiniz Sovet Ordusunun qırmızı güllələri sizin oğul-uşağınızı, nəvə-nəticələrinizi bir gecənin içərisində qanına qəltan edəcək" - deyir və düşüncələrə dalırdı.
... O gecə atasının da başına az müsibət gəlməmişdi. Eyvanları Bakı şəhərinin 1-ci mikrorayon ərazisində, Tbilisi prospektinə baxdığından, Biləcəri istiqamətindən Bakıya daxil olan qoşunun güllə yağışı altında qalmışdı. Atası vəziyyətin ağır olduğunu hiss etmişdi. Ona görə də fotoaparatını hazırlayıb, hər ehtimala görə, bir neçə kadr çəkmək qərarına gəlmişdi.
...Yanvarın 19-dan 20-nə keçən gecə, axşamdan hamı kimi, onun da anası möhkəm-möhkəm tapşırmışdı ki: "A bala, silahınız-filanınız yoxdur. Siz tankın qabağına əliyalın çıxıb nə edəcəksiniz?"
O, anasına söz vermişdi: "Qorxmayın, lap elə bu yaxınlıqda, işıqforun yanında tonqal qalayıb otururuq. Bir azdan qayıdacam".
Gecənin bir aləmi dünya od tutub yananda, vəhşi hayqırtı ilə şəhərə soxulan tanklardan açılan atəş Nəsimigilin balkonundakı əşyaları, çilik-çilik edib, hələ ağlının zorla kəsdiyi vaxtlarda divara yazdığı "Nəsimi" sözünün tən ortasından dəyəndə evdə nə Rza kişi var idi, nə də Nəsimi. Atası da fotoaparatı götürüb işıqforun yanındakı borunun arxasında özünə yer edib, dinc əhaliyə tuşlanmış avtomatlardan atılan işıqsaçan güllələri lentə köçürürmüş. Amma onun da vəziyyəti yaxşı deyilmiş: fotoaparatın işığı çıxan kimi avtomatın bir daraq patronu həmin istiqamətə boşalırmış.
Nəsimi səhərə kimi evə qayıtmamışdı. Evdəkilərin əlləri qoynunda qalanda Rza kişi üzə salmasa da, vəziyyəti gözləri ilə gördüyündən, çox qorxmuşdu. Nəsimidən soraq almaq üçün o, arxa yollarla şəhərə çıxanda bu vaxt Nəsimi, sən demə, küçələrdə qalmış yaralıları xəstəxanaya çatdıranlardan, qan verənlərdən biri idi. Səhərə yaxın isə özü qolundan güllə yarası alaraq, xəstəxanaya aparılır.
Texnikumu bitirdikdə sonra atasının fikri var imiş ki, Nəsimini yanında, telestudiyada işə düzəltsin ki, gözündən kənarda olmasın, həm də ixtisası bunu tələb edirdi. Nəsimi sanki yaşını artırmağa tələsirdi. Danışığı, dərrakəsi, fəhmi, qabiliyyətindəki qeyri-adiliklər onu, az qala, dilə-dişə salırdı. Özü də bilmirdi ki, bu qaçhaqaç onu ömrünün son akkordlarına aparır. Yeniyetməlikdən həyatın hər üzünü görməyə çalışan, zəhmətə alışan atasının ailə qayğılarına bir övlad kimi kömək göstərməyə tələsən Nəsimi, sən demə, eyni zamanda, həyatda bir iz qoymağa can atırmış. Arzularının gündən-günə çoxalması onu bir boy da böyüməyə səsləyirdi...
Rayon hərbi komissarlığından gəlmiş çağırış vərəqəsi alan kimi atası gətirmişdi Biləcəriyə. Deyəsən, elə o gün də rayona getməli idilər. Anası oğluna həkim komissiyasından sonra evə qayıtmağı tapşırmışdı. Evə qayıdanda Rza kişini tək görüb anası Nəsimini niyə özü ilə gətirmədiyini soruşanda, ona bir az qəzəblənmişdi. Amma nədənsə, Nəsiminin indiyə kimi evə qayıtmaması onu narahat etdiyindən, yenidən Biləcəriyə dönməyə hazırlaşmışdı. Qapıdan yenicə çıxanda telefon zəngindən bilmişdilər ki, Nəsimi ön cəbhəyə, Ağdamın Quzanlı kəndinə yola düşübE
Nəsiminin qısa vaxt ərzində keçdiyi döyüş yolundan bir soraq almaq üçün ön cəbhəyə gedəndə oğlundan nigaran qalmamağı tapşıran komandir və əsgər dostları Rza kişini arxayın etmiş və üstəlik, "Kaş, gələn cavanların hamısı onun kimi döyüşçü olsun" - demişdilər.
Həyat yoldaşı ilə birlikdə digər əsgər valideynləri kimi, onlar da Ağdama, Ətyeməzliyə-Kəngərliyə gedəsi oldular. Birtəhər Şellinin qənşərinə kimi gəlib çıxmışdılar. Ora çatanda marıqda yatan quldurlar onları gülləyə tutmuşdular. Yaxşı ki, Qızbəst ananı aşağıda - qayalıqda qoymuşdular. Yarım saatdan sonra Nəsiminin al-qanın içində sürünə-sürünə gəldiyini görən ata əvvəlcə qorxmuşdu. Sən demə, yaralı əsgər yoldaşını atəş altından çıxaranda qəlpələr onu da "sınağa çəkibmiş"...
...Dekabrın 31-də səhər tezdən evdən çıxıb həyətə düşəndə çoxdan xəyalından keçirdiyi bir fikri Rza kişi dilinə gətirmişdi: "Burda bir mağar yeri var ki, min restorandan yaxşıdır. Heyif deyil, öz toy mağarın olsun. Elə buradaca bir xeyir-şər mağarı tikmək pis olmazdı. İnşallah, Nəsimiyə burda bir toy mağarı tikdirəcəyəm. Qoy ondan sonra toy edənlər restorana verdiyi yer pulu ilə toy xərcini ödəsinlər"...
...Bayaqdan onu fikir aparmış, evdəkilərin hay-harayını eşitmirdi. Birdən ayılıb ayağa qalxdı ki, mən niyə oturub gözləyirəm. Durum qaçım xəstəxanaya.
Geyinib qapıdan çıxanda həyətdəki "UAZ" markalı maşının yanında dayanmış oğlanların çiyinlərində tabut görüb dizləri qırılmış, başa düşmüşdü ki, qonşunun yalan deməsi onları sakitləşdirmək üçünmüş. Nəsimi o gecə sonuncu dəfə olaraq ata-anasının qonağı oldu. Amma nə qədər səsləsələr də cavab gəlmədi...
Nəsiminin şəhid olmasından hələ
qırx gün keçməmişdi. Hər yan yaslı-yaralı idi. Ev
başdan-başa qaraya
bürünmüşdü. Əslində, evdəkilərin xəyalları qaralmış,
arzuları su üzünə həsrət
dibçəkdəki güllər
kimi saralmışdı.
Mətbəxdən eyvana çıxanda
Qızbəst ana gözlərinə inanmamışdı.
Xəyalında oğlu
ilə danışırmış...
Hələ Qanlı Yanvar
gecəsində bu eyvana çıxmağa ürək etməyən ana buradan gizli-gizli
boylanıb, Nəsiminin
yolunu gözləyəndə
belə qorxmamışdı.
İndi daş-divar sanki onun üstünə yerimişdi. Yox, deyəsən, gözləri
onu aldatmamışdı:
qabaq-qənşər dayanıb
ona baxan, sinəsindən qan axan Nəsimi idi. Yaralanmışdı. Ananı dəhşət
bürümüşdü: "Bəs, indi niyə qanayır balamın yarası"? Qulağına səs gəlmişdi:
- Ana, qorxma, mənəm. Yaram qanayır, yaxın gəl, sarı. Güllə məndən keçib evimizə dəyib. Odey, divara bax!
Gör bir necə qan
axır ordan?
Qızbəst ana var səsi ilə qışqırmışdı:
- Yox, sən Nəsimi
deyilsən, ay oğul!
Nəsimi yoxdur daha!
Hamı bir-birinə dəymişdi. Nəsiminin
bacısı Sevda mətbəxə keçmiş,
eyvana açılan qapının yan divarda güllədən hələ də deşik qalan "Nəsimi" sözünü
görcək qışqırmışdı:
- Nəsimi!!!
Hay-küyə hamı
mətbəxə qaçmışdı. Sevda divara yazılmış "Nəsimi"nin önündə diz çökərək hönkürmüşdü:
"Nəsimi"yə 1990-cı ilin 20 Yanvarında iki-üç güllə
dəymişdi. Rza onda başa düşmüşdü
ki, Qızbəstin və Sevdanın qorxudan gözləri böyüyüb. Divardakı söz
isə Nəsiminin öz əli ilə yazılmışdı.
1990-cı ilin 20 Yanvar gecəsində Nəsimiyə və onun ailəsinə atılan güllə divara yazılmış sözə dəyərək,
onu parçalayıb keçmişdi. Nəsimi
o gecə şəhid
ola bilməmişdi.
O, Vətən üçün
doğulan milyonlardan biri idi. Ona
imperiya gülləsi dəyməmişdi, o, yaralı
vətənin köməyinə
yetmək, 20 Yanvardan Qarabağa gedən yola düşüb, sinəsini sipər etmək üçün doğulmuşdu! Bu isə
ölümsüzlük, əbədilik,
şəhidlik zirvəsinə
aparan yol idi... Bu şərəfli adın və yolun mübarək, Nəsimi!
Rza kişi, Nəsimi kimi oğulu Vətən üçün dünyaya gətirən şəhid anası Qızbəst xala, hər ikinizin də ürək ağrıları sizi incidir, bilirik. Amma Nəsimi kimi, 20 Yanvardan sıyrılıb çıxan mərd oğullar Qarabağı düşmən gülləsindən qorumaq üçün doğulmuşdular! Siz Vətənin azadlığı uğrunda Nəsiminizi iki dəfə şəhid vermisiz. İmperiya tankından yıxılmayan Nəsimi Qarabağ torpağına qan və can verib. Bu şərəfli ölümü isə hər doğulan oğullar yaşamayıb!
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 19 yanvar.- S.10.