Yanvarda atılan güllə
Üç bacının
bircə qardaşı idi Vaqif.
Bakıdakı 52 saylı orta məktəbi
və Politexnik İnstitutunun
avtomatika fakültəsini bitirmişdi.
İki il də hərbi
xidmətdə olmuşdu. Ozon
zavodunda mühəndis işləyirdi. Hələ
orta məktəbdə oxuduğu
illərdə idmanla məşğul olurdu
Dəfələrlə boks yarışlarında birinci yeri tutmuşdu. Atası Sabir Tahirov elmlər namizədi idi. Fizika İnstitutunda çalışırdı. Əsilləri Zəngəzurdan olan Vaqif Tahirov hər yay doğma yurdun yaşıllığa sığınmış qoynuna tələsərdi. Vaqifin uşaqlığı Urudda keçmişdi. O, bu yerlərin dağına, dərəsinə, gülünə, çiçəyinə, çəməninə, çayına vurğun kəsilmişdi. Gecələr Bazarçayın nəğmələrinə qulaq asar, gündüzlər qədim qalanın zirvəsinə qalxaraq dağların ovcunda əl içi kimi aydın görünən balaca kəndin ürəkaçan mənzərəsini maraqla, heyranlıqla süzərdi.
1988-ci ilin payızında
ermənilər Vaqifin
bütün qohumlarını
dədə-baba torpaqlarından
vəhşicəsinə qovdular. 25 yaşlı gənc bu ağır dərdi sinəsinə sığışdıra bilmirdi.
Baba yurdunun erməni
vəhşilərinin əlində
qalmasına tablaşmırdı.
Qəlbi
intiqam hissi ilə çırpınırdı.
Bu çırpıntı isə çox çəkmədi. 1990-cı
ilin 20 yanvarında Vaqif Tahirov ağır
yaralandı. Lakin onda
ölümdən sovuşa
bildi. Uzun müddət xəstəxanada
müalicə olunduqdan
sonra sağalan kimi iş yerinə
qayıtdı. Amma doğma
torpaqlarımızın üzləşdiyi
fəlakətlər Vaqifə
dinclik vermirdi. Onun bütün fikri-zikri Qarabağda qalmışdı.
Günlərin birində ata
oğlunu cəbhəyə
yola saldı.
Təəssüf ki, döyüş yolu o qədər də uzun çəkmədi. Məlum Daşaltı
əməliyyatında Vaqif
həlak oldu. 1990-cı ildə Bakıda Vaqifə atılan güllə
1992-ci ilin yanvarında
Qarabağ torpağında
sinəsinə tuşlandı.
Bu çinar boylu
igidimiz də belə şəhid oldu.
Vaqif haqqında
danışanda əzizləri
həmişə bir hadisəni tez-tez xatırlayırlar. Ölümündən bir qədər
öncə Bakıya gəlmişdi. Özü ilə
birlikdə yaralanmış
dostunun itini də gətirmişdi.
"Hospitalda yatır, Alazan (itin adı idi)
onsuz məhv olardı, qorxdum. Yiyəsi xəstəxanadan çıxan
kimi gəlib aparacaq" - deyə Vaqif doğmaları ilə görüşərək
yenidən cəbhəyə
qayıtmışdı. Doğmalarını da elə ən çox bu yandırırdı ki, Vaqif adi
bir itin də arada-bərədə
qalıb ölməsinə
qıymamışdı.
O vaxt evin tək
oğularını müharibəyə
aparmırdılar. Vaqif özü
könüllü getmişdi.
Hətta
bir dəfə atası Sabir müəllim ona eşitdirmişdi ki, sən təksən.
O an Vaqifin sifətində
bir giley duyulmuşdu və incik halda demişdi:
"Nə bir, nə beş?
Hər kəs öz ömrünü yaşayıb
borcunu da verməlidir". Bu məqsəd və məram uğrunda da döyüşə gedən Vaqifin ömrünə yağı
gülləsi son qoydu.
Vaqifdən sonra ailənin
bütün tifaqı
dağıldı. Valideynləri
də ciyər-paralarının
son gedişinə tab gətirməyərək
qəflətən dünyalarını
dəyişdilər. Vaqif Tahirovun
müqəddəs məzarı
Şəhidlər xiyabanında
uyuyur.
Mayın bir ilıq günü Vaqifin ad günüdür. Hər dəfə onu ziyarətə gedəndə qəbrinin başında bir qız görərdin. Amma hənirti hiss edən kimi dərhal ordan uzaqlaşardı. İllər ötdü. İndi onun məzarı qarşısında bir yaşlı xanımın ağladığını görürlər.
Azərbaycan.-2014.- 19 yanvar.- S.12.