Ehtiram
Zivər ana Goranboy rayonundakı Əhmədabad kəndində dörd övlad böyüdürdü: üç oğlan, bir qız. Rəfail, İlqar, Rafiq və bir də son beşiyi Firuzə. Dördü də yaxşı oxuyur, təsərrüfat işlərində ata-anaya əl tutur, kömək edirdi.
Evin böyüyü Rəfail məktəbi bitirən kimi atası İsa kişi ilə əkində-biçində olurdu. İlqar texnika ilə maraqlanırdı. Gəncədə sürücülük məktəbində oxudu. Hərbi xidmətdən qayıdandan sonra ailə qurub Bakıya köçdü. Lətifə xanımla Biləcəridə yurd saldı. Quşçuluq fabrikində işləyir, yedəkli "Moskvic"lə mağazalara ət paylayırdı. Özünə görə gün-güzaran yaratmışdı. Səidə və Elçin adlı iki övladı var idi.
1990-cı il yanvarın 20-də obyektlərə ət paylayıb qurtarmaq üzrə idi. Sonuncu mağaza qalırdı. Yol-iz bağlı idi. Getməmək də olardı. İlqar heç vaxt işi yarımçıq qoymazdı. Obyektə doğru ara yol ilə irəlləyirdi. Qəfildən aramsız atəş maşını gülləbaran etdi. Neçə yerdən yaralanan İlqar Kərimov yerindəcə həlak oldu.
Onu dogma yurdunda dəfn etməyi qərara aldılar. Əhmədabad ilə Muzdurlar kəndinin qovuşduğu yerdə, çinarların qoynunda ilk şəhid məzarı yarandı. Sonra Qarabağ şəhidlərindən Bəxtiyar Ələkbərov, Hafiz Alıyev və Ələsgər Abbasov da burada dəfn olundu. Səliqəsi yaşıllıqların qoynunda yığcam bir and yeri - şəhidlər xiyabanı yarandı. İlqar Kərimovun baş daşının qara mərməri üzərində oğlu Elçinin şəhid atasının dilindən yazdığı yanıqlı misraları ürəkləri göynədir.
Qardaş harayladım, bacı səslədim,
Həkimə yalvarıb, kömək istədim.
Səidəmlə Elçinimi görmədim,
Belə dar günümdə ana gəlmədin,
Qaldım burda yana-yana gəlmədin.
Muzdurlar kəndi üzrə ərazi icra nümayəndəsi Rza Səfərov deyir ki, Əhmədabad məktəbi İlqar Kərimovun adını daşıyır. Şəhidlər xiyabanına məktəblilər
müntəzəm xidmət
edirlər. İlqarın iki yadigarı qalırdı. Heyif ki,
Səidə dünyasını
dəyişib. Elçin idmançıdır,
ata yurdunu yaşadır. Şəhidin qardaşları Rəfail və Rafiq Moskvada
yaşayır, bacısı
Firuzə isə Kələk kəndində
müəllimədir. Onlar vaxtaşırı bir yerə yığışır,
doğma yurdu ziyarət edir, igid şəhidi iftixarla, məhəbbətlə
xatırlayırlar. Anım günlərində
rayonun veteranları Bakıya gedir, mərhumun aləsinə baş çəkir, kəndin cavanları və məktəblilər
isə şəhidləri
ehtiramla yad edir, tez-tez burada
sədaqət andı
içirlər.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 19 yanvar.- S.12.