Ölkəmizin İqtisadi Azadlıq İndeksi üzrə göstəricisi 1,6 bal artıb

 

Azərbaycan iqtisadiyyatı yola saldığımız 2013-cü ildə də dinamik inkişaf etdi. Bütövlükdə bütün sahələrdə böyük uğurlar qazanıldı. Bir çox iri layihələrin icrası başa çatdı, yenilərinə start verildi. Bir sözlə, həyata keçirilən uğurlu iqtisadi islahatlar ötən il də iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərdi. Bunu ötən ilin makroiqtisadi göstəricilərinin dinamikası, ölkə iqtisadiyyatının şaxələnmiş şəkildə inkişafı bir daha sübut edir.

Rəqəmlərə nəzər salaq: keçən il ölkə üzrə 57 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8, o cümlədən qeyri-neft sektorunda 9,8 faiz artım olmuş, adambaşına düşən ümumi daxili məhsulun həcmi 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə qazanılan uğurlardan danışarkən demişdir: "2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq".     

Məlumdur ki, iqtisadiyyatın inkişafında kapital qoyuluşu mühüm rol oynayır. Keçən il iqtisadiyyatımıza rekord həcmdə - 28 milyard dollar sərmayə qoyulmuşdur. Halbuki son illər bu rəqəm 20-22 milyard civarında olmuşdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, yatırılan investisiyaların 17,5 milyard dolları daxili sərmayədir. Belə hal artıq bir neçə ildir davam edir. Bu fakt onu göstərir ki, ölkəmiz artıq ağır şərtlərlə xarici kapitalı cəlb etmək məcburiyyətində deyildir.

Son 10 ildə sənayenin, xüsusilə, qeyri-neft sənayesinin inkişafında böyük uğurlar qazanılıb. Əvvəllər istehsal, emal və xidmət tipli iriorta müəssisələr ölkənin paytaxtında tikilirdi. Lakin son bir neçə ildə belə müəssisələrin çoxu bölgələrdə istifadəyə verilir. Bu, iqtisadiyyatın şaxələnmiş inkişafı ilə yanaşı, coğrafi məkanın da müxtəlifliyini təmin edir. Üstəlik, bölgələrdə yaşayan əhalinin işlə təmin olunmasına imkan yaranır. Təsadüfi deyil ki, 2003-cü ildən bəri ölkədə açılan 1 milyon 200 min yerinin əksəriyyəti bölgələrin payına düşür. Belə hal əhalinin bölgələrdən paytaxta miqrasiya axınının qarşısını alır ki, bu da özlüyündə ciddi bir sosial problemin həlli deməkdir.

Onu da qeyd edək ki, regionların inkişafına dair qəbul edilən dövlət proqramları ölkənin inkişafında xüsusi rol oynayır. Belə proqramlarda hər bir bölgənin inkişaf perspektivləri, yerli xammal və potensialının nəzərə alınması da müsbət haldır. Nəticə göz qabağındadır. Azərbaycanın bütün bölgələri öz potensialına uyğun  sürətlə inkişaf edir.

Azərbaycanda bu uğurlar daim beynəlxalq maliyyə qurumlarının diqqət mərkəzindədir. Aparılan islahatlar nəticəsində ölkəmizdə yaranan münbit investisiya mühiti, sahibkarlara fəaliyyət müstəqilliyinin verilməsi və onların hüquqlarının qanunla qorunması bunun sübutudur. Hər il ölkəmiz əlverişli biznesinvestisiya mühitinə görə beynəlxalq təşkilatların reytinq cədvəlində irəliləyir. "The Heritage Foundation" Fondunun son hesabatı bunu bir daha təsdiqləyir.

Xatırladaq ki, "The Heritage Foundation" təşkilatı dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik "İqtisadi Azadlıq İndeksi - 2014" hesabatını ("2014 Index of Economic Freedom") açıqlayıb həmin hesabata görə, bu indeks üzrə göstəricisini 1,6 bal artıran Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 81-cidir.

Qeyd edək ki, iqtisadi azadlıq indeksi müxtəlif göstəricilər əsasında hesablanır. Hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 100 ballıq qiymətləndirmə sistemi ilə 61,3 bala malikdir. Beləliklə, Azərbaycan "Orta azad" (Moderately Free) ölkələr qrupuna daxil edilib ki, bu da hesabat müəlliflərinin fikrincə, həyata keçirilən əhəmiyyətli iqtisadi islahatların nəticəsidir.

Məlumat üçün bildirək ki, 80,2-100 bal iqtisadiyyatın tam azad, 70,7-78,7 bal əsasən azad, 60,0-69,9 bal orta azad, 50,0-59,9 bal əsasən azad olmayan, 1,0-49,9 bal isə təzyiq altında olduğunu göstərir.

Hesabatda ölkəmizin bir çox göstəricilər üzrə daha yüksək nəticələr əldə etdiyi xüsusi vurğulanmalıdır. Belə ki, Azərbaycan büdcə azadlığı üzrə 88,1, pul siyasəti azadlığı üzrə 78,8, əmək azadlığı üzrə 77,9, ticarət azadlığı üzrə 77,2, biznesin azadlığı üzrə 73,5, dövlət xərcləri üzrə 64,8 bal toplayıb.

Budəfəki hesabata Honkonq (90,1 bal) başçılıq edir. Sonrakı yerlərdə Sinqapur (89,4 bal), Avstraliya (82,0 bal), İsveçrə (81,6 bal), Yeni Zelandiya (81,2 bal) Kanada (80,2 bal) qərarlaşıb. Hesabatda postsovet ölkələri arasında ən yüksək göstərici Estoniyaya məxsusdur (11-ci yer).

İqtisadi azadlıq sahəsində ən pis vəziyyət isə Şimali Koreya (1,0 bal, 178-ci yer), Kuba (28,7 bal, 177-ci yer) Zimbabvedə (35,5 bal, 176-cı yer) qeydə alınıb.

Ümumiyyətlə, siyahıda haqqında məlumat olan ölkələrin 6-da iqtisadiyyatın tam azad, 28-də əsasən azad, 56-da orta azad, 61-də əsasən azad olmayan, 27-də isə təzyiq altında olduğu göstərilir.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 19 yanvar.- S.3.