Gəncədə Heydər Əliyev park-kompleksi və

 Heydər Əliyev Mərkəzi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə

 şəhərinə və Göygöl rayonuna səfəri

 

 

 

 

 

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə yenidən qurulan Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Qeyd olundu ki, parkda yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm "Zəfər tağı" ucaldılıb. Orijinal layihə əsasında inşa olunan bu istirahət ocağında muzey və kafe də fəaliyyət göstərəcəkdir. Buraya gələn qonaqlar "Zəfər tağı"nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə biləcəklər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilmiş və burada istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Disneyland" əyləncə mərkəzi də fəaliyyət göstərəcəkdir.

Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi  davam etdirilir.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. Həmin ağaclar parka xüsusi gözəllik verir.

Daha sonra Prezident İlham Əliyev Gəncədə möhtəşəm layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzlə tanış olan Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verildi.

Bildirildi ki, ulu öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Muzeydə  Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir. Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, "IDEA" İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları vardır. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi  və sərgi salonu da muzeyin layihəsinin orijinallığına dəlalət edir.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

- Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm.

 

Düz iki il bundan əvvəl - 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm mərkəzin açılışını qeyd edirik. Bu parkın və mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir, burada ulu öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.

Eyni zamanda, bu böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti, istirahət üçün bütün imkanlar vardır. Cəmi iki il ərzində demək olar ki, yeni gözəl bir məhəllə yaradılmışdır. Əminəm ki, bu parkın ətrafında gələcəkdə yeni yaşayış binaları da tikiləcəkdir. Belə layihələr vardır.

Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı  arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir. Mən sizi bütün bu uğurlar münasibətilə ürəkdən təbrik edirəm.

Burada bundan sonra da abadlıq işləri aparılacaqdır. Minlərlə, bəlkə də on minlərlə ağac əkilmişdir və bu ağaclar getdikcə böyüyəcək, yeni ağaclar əkiləcək, yeni binalar, yaşayış binaları tikiləcəkdir. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni, bu, doğrudan da bir möcüzədir. Əminəm ki, gəncəlilər və şəhərin qonaqları buraya gələrkən buradan ən xoş təəssüratlarla ayrılacaqlar. Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər, xüsusilə, yerli icra hakimiyyəti və fəallar, Gəncə sakinləri. Bu, doğrudan da gözəl hadisədir. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Belə işlər, sözün əsl mənasında, öz xalqına, öz şəhərinə, diyarına olan məhəbbətin təzahürüdür. Ümumiyyətlə, Gəncə gözəlləşir, abadlaşır. Bu, mənim Gəncəyə 12-ci səfərimdir. Mən demək olar ki, son on il ərzində hər il, yaxud da ildə iki dəfə Gəncədə olmuşam və hər dəfə yeniliklər, dəyişikliklər, abadlıq, quruculuq görürəm. İndi binalar təmir edilir, küçələr genişlənir, gözəl bərpa işləri aparılır. Gəncəyə xas olan xüsusi memarlıq üslubu qorunur, saxlanılır, harada lazımdırsa bərpa edilir, ictimai yerlər salınır. Bu da çox önəmlidir. Mən dəfələrlə demişəm ki, Bakıda və bütün başqa şəhərlərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, ictimai zonalar ki, insanlar burada öz asudə vaxtlarını keçirsinlər. Bu ictimai yerlərin arasında ən böyüyünü siz yaratmısınız. Ən böyük park, ictimai mərkəz Gəncədədir. Parkın gələcək inkişafı, abadlaşması, yeni mədəniyyət ocaqlarının yaradılması, əlbəttə ki, bütün gəncəliləri buraya cəlb edəcəkdir.

Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, o cümlədən mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır, filarmoniyanın tikintisi davam edir. Hesab edirəm ki, işlər daha da sürətlə getməlidir. Bu məqsədlə əlavə tədbirlər görüləcək ki, filarmoniya da qısa müddət ərzində istifadəyə verilsin. Bilirəm ki, gəncəlilərin böyük arzusudur ki, filarmoniya olsun, olacaqdır. Artıq daş işləri başa çatmaq üzrədir. Hesab edirəm ki, biz bu il də olmasa, gələn il filarmoniyanın açılışını bərabər qeyd edəcəyik. Yəni, şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur. Əlbəttə ki, Gəncənin tarixi keçmişini, zəngin tarixi irsini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Eyni zamanda, Gəncə müasirləşir, burada yeni binalar tikilir, o cümlədən sənaye inkişaf edir, böyük sənaye kompleksləri yaradılır, iş yerləri açılır. Gəncə Azərbaycanın sənaye mərkəzinə çevrilir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Burada yeni sənaye komplekslərinin - alüminium və poladəritmə komplekslərinin tikintisi nəzərdə tutulur. Burada, ümumiyyətlə, iş yerlərinin açılması ilə bağlı gələcək planlar da həyata keçiriləcəkdir. Ola bilər ki, yaxın gələcəkdə başqa rayonlardan da işləmək üçün Gəncəyə gələcəklər. Bir sözlə, şəhərin inkişafı çox sürətlidir, təqdirəlayiqdir. Gəncənin gələcək inkişafı ilə bağlı konkret fikirlər, planlar vardır. Əminəm ki, onların hamısı reallaşacaq və Gəncənin inkişafı üçün əlavə işlər də görüləcəkdir.

Bütövlükdə ölkəmizdə işlər yaxşı gedir. Biz 2013-cü ili yaxşı nəticələrlə başa vurmuşuq. 2014-cü il də yaxşı başlayıbdır. Biz ilin birinci ayında sizinlə görüşürük. Əminəm ki, 2014-cü il də Gəncə, bütün başqa şəhər və rayonlarımız üçün uğurlu il olacaqdır. Çünki iqtisadiyyat artır, sosial məsələlər öz həllini tapır, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirir. Bir sözlə, bu ili də uğurla başa vurmaq üçün bütün imkanlar vardır. Sadəcə olaraq, biz fəal işləməliyik, hərə öz yerində öz zəhməti, işi ilə doğma Vətənimizin inkişafına töhfəsini verməlidir. Mən gəncəlilərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Siz həmişə öz dövlətinizə çox bağlı olmusunuz, müstəqilliyimizin möhkəmlənməsində də fəal olmusunuz. Azərbaycan Demokratik Respublikası da Gəncədən başlayıbdır. Bu dövlətçilik ənənələri yaşayır, yaşayacaqdır. Ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür, görüləcəkdir. Azərbaycan bundan sonra da yalnız irəliyə gedəcəkdir. Bir daha sizi ürəkdən salamlayıram və təbrik edirəm.

 

* * *

 

Olimpiya çempionu Toğrul Əsgərovun məşqçisi Elçin ZEYNALOV dedi: Cənab Prezident, mən Sizə gəncəlilərin səmimi salamını çatdırıram.

Prezident İlham ƏLİYEV: Biz keçən ay görüşmüşük.

Elçin ZEYNALOV: Bəli, Qusarda. Gəncəlilər Sizinlə fəxr edir. Mən də fəxr edirəm, sevincimdən səhərədək yatmamışam.

 

Prezident İlham ƏLİYEV: Sağ olun, Toğrul necədir?

 

Elçin ZEYNALOV: Yaxşıdır, Allaha şükür.

 

Prezident İlham ƏLİYEV: Məşq edir?

 

Elçin ZEYNALOV: Bəli edir, bu Olimpiadada da bizi sevindirəcəkdir.

 

Sonra Prezident Toğrul Əsgərovla görüşdü.

 

Prezident İlham ƏLİYEV: Toğrul qəhrəmandır, Gəncənin və Azərbaycanın şöhrətini ucaldıb.

 

* * *

 

Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Pərvin KƏRİMZADƏ dedi:

- Möhtərəm cənab Prezident, icazə verin Sizi milli, mənəvi dəyərlərin beşiyi olan doğma Gəncəmizdə salamlayaq, bütün gəncəlilər adından Nizami yurduna "Xoş gəlmisiniz!" deyək. Qarşısında dayandığımız, Sizin də vurğuladığınız kimi, möhtəşəm Heydər Əliyev Mərkəzi bütün gəncəlilərin cahanşümul şəxsiyyət olan Heydər Əliyevə dərin məhəbbətinin və hörmətinin rəmzi ifadəsidir. İnanın ki, bu mərkəzin ərsəyə gəlməsində hər bir gəncəlinin öz töhfəsi vardır. Bizim bu Heydər Əliyev Mərkəzində ulu öndərin irsi öyrəniləcək, azərbaycançılıq fəlsəfəsi, dövlətçilik məfkurəsi, Azərbaycan dili, tarixi, mədəniyyətinin təbliği sahəsində mühüm işlər görüləcəkdir. Amma ən əsası burada "Toefl AJax" kursları təşkil olunacaq ki, onlar gənclərimiz üçün xaricdə təhsil almağa geniş imkan yaradacaqdır. Gənclərin asudə vaxtının səmərəli təşkili üçün xüsusi yaradıcılıq dərnəkləri, xalçaçılıq tədris mərkəzi, eyni zamanda, "10D sinema" da fəaliyyət göstərəcəkdir. Bir sözlə, biz əminik ki, bura tezliklə bütün gəncəlilərin üz tutduğu ən sevimli məkana çevriləcəkdir.

Cənab Prezident, bizim şəhər son dövrlərdə özünün intibah dövrünü yaşayır. Gəncəyə daxil olanda biz Nizami möhtəşəmliyi ilə qarşılaşırıq. Nizami Gəncəvinin "Xəmsə"sindən olan daş kitabələr, yenidən qurulan Nizami məqbərəsi, Nizami Muzeyi - bütün bunlar insanların qəlbini riqqətə gətirir.

Əlbəttə ki, bunlar Sizin xüsusi diqqət və qayğınız nəticəsində mümkün olmuşdur. Son dövrlərə qədər Gəncədə əgər bir muzey var idisə, bu gün beş muzey öz zənginliyi ilə hər birimizin qürur mənbəyinə çevrilibdir. Gəncəlilər hər zaman öz şəhərləri ilə qürur duyublar. Amma bu gün bu qürurun həddi-hüdudu yoxdur. Bizə bu fəxarət hissini bəxş etdiyiniz üçün gəncəlilər adından Sizə təşəkkürümüzü bildiririk.

Bütün dünya XXI əsrin əvvəllərində gender bərabərliyindən, qadınların cəmiyyətdəki mövqeyindən danışır. Halbuki bizim gəncəli xanım Məhsəti Gəncəvi hələ 900 il öncə cəmiyyətdə öz mövqeyini təsdiqlədi. Bir şairə, şahmatçı, filosof, musiqiçi kimi adını tarixə yazdı. Məhz Sizin dəstəyinizlə Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi təkcə Azərbaycanda deyil, ən yüksək səviyyədə UNESCO-nun xətti ilə qeyd olundu. Məhsəti Gəncəvi bütün dünyada maraq və məhəbbətlə qarşılandı.

İcazə verin, fürsətdən istifadə edib, Azərbaycan mədəniyyətinin, eləcə də onun tərkib hissəsi olan Gəncə mədəniyyəti nümunələrinin dünyada təbliği sahəsində misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, xanımlar xanımı Mehriban Əliyevaya bütün Gəncə ictimaiyyəti adından öz təşəkkürümüzü bildirək. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz Mehriban xanımın sayəsində Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin əsərləri Avropada sərgiləndi, bir daha bu insanların dühası Avropada öz təsdiqini tapdı. Hələ onu da deyim ki, təsəvvür edin, Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yaratdıqları, yazdığı dövrdən bu günə qədər nə qədər kitab çıxmışdısa, son dövrdə ondan daha da artıq Azərbaycan, rus, fransız, ingilis və digər dillərdə kitablar çıxdı və yayıldı.

Cənab Prezident, biz hər zaman Sizin siyasətinizi izləyirik. Sizin apardığınız məqsədyönlü, cəsarətli siyasətin uğurları göz qabağındadır. Bütün Azərbaycanda olduğu kimi, son prezident seçkilərində Gəncəmizdə də insanlar o qədər böyük fəallıq göstərdi ki, bu, bizi çox sevindirir. Bütün insanlar öz düzgün seçimlərini etdilər. Çünki xalqımız doğrudan da, uzaqgörən və qədirbilən xalqdır. Qədirbilən xalq başa düşdü ki, ulu öndərin ideyaları yaşadıqca Azərbaycan da var olacaqdır. Odur ki, biz əminik, bütün gəncəlilər hər zaman Sizinlə olub və gələcəkdə də Sizinlə olacaqlar.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

* * *

 

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi, əməkdar elm xadimi Fuad ƏLİYEV çıxış edərək bildirdi:

- Cənab Prezident, mən də Gəncəmizdə elm-təhsil sahəsində böyük layihələrin həyata keçirilməsi haqqında qısaca məlumat vermək istərdim. Cənab Prezident, hələ 1980-ci ildə ulu öndərimiz - müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Gəncə şəhərinin inkişafını, elm-təhsil sahələrini, universitetləri görərək, burada Regional Elmi Mərkəz yaratdı. Həmin elmi mərkəzin yaradılması o dövr üçün çox böyük hadisə idi. Biz, cənab Prezident, Sizə çox minnətdarıq. Siz ulu öndərimizin siyasətini davam etdirərək Gəncə Regional Elmi Mərkəzin bazasında AMEA-nın Gəncə bölməsini yaratdınız və onun tərkibində yeddi institut fəaliyyətə başlamışdır. Bu institutların fəaliyyətə başlamasında Milli Elmlər Akademiyasının rəhbərliyinə, Prezident yanında Elmin İnkişafı Fonduna və şəhər icra hakimiyyətinə dərin minnətdarlığımızı bildiririk. Bu institutlar artıq mütəşəkkil formada fəaliyyət göstərir. Siz də çıxışınızda çox gözəl qeyd etdiniz ki, Gəncə metallurgiya sahəsində böyük ənənəsi olan şəhərdir. Əlvan metallurgiya sənayesi Gəncədə ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. Biz qarşımıza məqsəd qoymuşuq ki, metallurgiya sənayesinin inkişafında elmi nailiyyətlər, innovativ xarakterli tədqiqatlar tətbiq olunmalıdır.

Cənab Prezident, Siz 2014-cü ili "Sənaye ili" elan etdiniz. Cənab Prezident, Siz qeyd etdiniz ki, Gəncədə polad emalı kompleksi yaradılacaqdır. Bu, çox nəhəng bir kompleksdir. Biz alimlər bunu çox yaxşı başa düşürük və bu sahədə də tədqiqat işləri aparırıq. Gəncəmizdə - qərb bölgəsində yalnız dəmir, alüminium, qızıl deyil, eyni zamanda, metallurgiya üçün vacib olan kobalt, titan Filizçay yataqlarında çox zəngin yayılıb. Biz hesab edirik ki, Gəncə gələcəkdə bu sahələr üzrə də öz inkişafını tapacaqdır. Təsadüfi deyil ki, bir milyon əhalisi olan şəhərin layihəsini biz icra hakimiyyəti ilə müzakirə etdik və Gəncənin bu böyük inkişafına görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, çox sağ olun ki, şəhərimizdə beş qəsəbənin yaradılması haqqında sərəncam verdiniz və artıq həmin qəsəbələrin infrastrukturunda böyük işlər görülür. Bütün bunlar sözsüz ki, gəncəlilərdə Sizə böyük fəxarət hissi yaradır, dövlətimizə, dövlətçiliyimizə olan münasibəti bir daha sübut edir. Gözəl bir atalar məsəli var: Görünən dağa bələdçi nəyə lazımdır? Cənab Prezident, Siz özünüz də gəzdiniz, gördünüz, çox böyük layihələrin bir neçəsi ilə tanış oldunuz. Gəncəlilər bütün bunlara görə Sizə minnətdarlıq edirlər. Çünki Gəncəmiz çox qədim mədəniyyət ənənələrinə malik bir şəhərdir. Siz ötən səfərinizdə, 2012-ci il yanvarın 21-də Cavad xan küçəsində gəncəlilərə çox gözəl bir söz dediniz ki, burada Cavad xanın ruhu hiss olunur. Alimlər qədim Gəncənin tarixi köklərini araşdırmalıdırlar. Bu məqsədlə 150-dən artıq tarixi abidə yenidən pasportlaşdırıldı, onlar Gəncə memarlıq üslubunda yenidən bərpa olundu.

Nizaminin adını daşıyan böyük küçədə heç də Cavad xan küçəsindən geri qalmayan, ənənəvi Gəncə üslubunda, Nizami Gəncəvi demişkən, qırmızı kərpiclə Gəncə memarlığına xas olan böyük bir şəhər yaradılır. Siz dediyiniz kimi, Gəncəmizdə dörd xiyaban vardır. Ən böyüyündə klassiklərimizin tarixi abidələri bərpa olunur. ABŞ-dan bizə arxeoloqlar, alimlər gəldilər. Biz onları abidələrimizlə tanış etdikdə heyran qaldılar. Gəncədə Nizaminin əsərlərində təsvir edilən musiqi alətləri ilə tanış oldunuz. Bu, heç Avropada olmayanda bizdə var idi. Mirzə Şəfi kimi böyük dühanın əsərlərinə Avropada klassik musiqilər yazılır. Yəni, Gəncə çox böyük, çox gözəl bir şəhərdir və biz gəncəlilər Sizə çox minnətdarıq, cənab Prezident. Çünki Siz Gəncəmizdə nəinki elm-təhsil sahəsində, milli dəyərlərimizin bu formada qorunmasına çox böyük kömək göstərirsiniz. Biz - bütün Gəncə ziyalıları, alimləri Sizə bu dövlətə, dövlətçiliyimizə, elmimizə göstərdiyiniz qayğıya görə bir daha dərin minnətdarlığımızı bildiririk. Sizin verdiyiniz bütün qərarlar Gəncədə yüksək səviyyədə həyata keçiriləcəkdir. Çox sağ olun ki, yenidən Gəncədəsiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

* * *

 

Daha sonra Gəncə Dövlət Universitetinin tarix fakültəsinin dekanı, professor Həsənbala SADIQOV çıxış edərək dedi:

- Cənab Prezident, mən də Sizi qədim tarixi ənənələrə, parlaq keçmişə, dünya tarixində dərin iz buraxan bir məmləkətin ən mühüm şəhərlərindən birində - Heydər Əliyev kursuna, Azərbaycan dövlətçiliyinə həmişə sədaqətin rəmzi olan Gəncə şəhərində çoxminli ziyalılar adından salamlayıram.

Cənab Prezident, mən ixtisasca beynəlxalq münasibətlər üzrə mütəxəssisəm. Mən bugünkü görüşdə istərdim ki, beynəlxalq münasibətlər kontekstindən Azərbaycanda və Gəncədə həyata keçirilən tədbirlərin qısa xülasəsi haqqında bir neçə kəlmə deyim. Doğrudan da, Azərbaycan son illərdə beynəlxalq tədbirlərin ən mühüm mərkəzlərindən birinə çevrilibdir. Mən burada bir ifadəni işlətmək istəyirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq  tədbirlər, sözün həqiqi mənasında, hazırda dünyada təşkil olunan beynəlxalq tədbirlərə yeni bir forma, yeni bir model, yeni bir məna verib yenidən dünyaya qaytarır. Bu, bizim çox böyük qələbəmizdir. Çox sevindirici haldır və gəncəlilər çox sevinirlər ki, beynəlxalq tədbirlərin sayının artması həmin tədbirlərin bir qisminin Gəncədə həyata keçirilməsinə çox güclü təsir göstərmişdir. Son bir neçə ildə Gəncə, sözün həqiqi mənasında, beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. Biz buna görə Sizə minnətdarlığımızı bildiririk.

Ən mühüm tədbirlərdən biri 56 ölkənin prezidenti və Baş nazirini özündə birləşdirən Madrid Klubunun tədbirinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin himayədarlar qrupunun iclasının Gəncədə keçirilməsi, nümayəndələrin Sizin tərəfinizdən Bakıda qəbul edilməsi, tövsiyələrinizi verməyiniz, Nizami yurduna, Nizami irsinə, Gəncə şəhərinin tarixinə aid mülahizələrinizi söyləməyiniz, sözün həqiqi  mənasında, gəncəliləri bu əzəmətli işləri, həqiqi mənada bu möcüzələri reallaşdırmağa həvəsləndirir, istiqamətləndirir.

Cənab Prezident, mən bir məsələni demək istəyirəm. Mən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi barədə bir yazı yazmışdım. Siz də Bakıda çıxışınızda bu məsələyə çox ciddi toxundunuz. Dediniz ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olması adi tədbir deyil, tədbirlərin zirvəsində dayanan bir tədbirdir. On altı turda mübarizə getdi və necə oldu ki, Azərbaycan qalib gəldi?! Azərbaycan Prezidentinin dünyada həyata keçirdiyi tədbirlər qalib gəldi. Burada ixtisasıma uyğun olaraq bir ifadəni işlədirəm, dünya dövlətlərinin reytinq əmsalı nəyə görə müəyyən olunur? Sözünün bütövlüyünə, əqlin itiliyinə, dünyaya göndərilən mesaja, dünya birliyində tutduğun yerə və dünya ölkələri qarşısında götürdüyün öhdəliklərə görə. Bunların hamısına görə Azərbaycanın hazırda dünyada ən böyük reytinqi vardır.

Sizin qurduqlarınız bu gün üçün, sabah üçün deyildir. Siz Gəncəni, Azərbaycanı əbədiyyət üçün qurursunuz. Allah Sizə kömək olsun.

 

* * *

 

Prezident İlham ƏLİYEV dedi:

 

- Çox sağ olun, xoş sözlərə görə sizə minnətdaram. Siz, doğrudan da, çox vacib mövzulara toxundunuz. Dediyiniz sözlər bir daha onu göstərir ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf edir. Mən bunu dəfələrlə demişəm ki, Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Hər bir sahə üzrə  konkret proqram, planlar, iş planı vardır. Biz hər bir istiqamət üzrə inkişaf görürük. Mədəniyyət sahəsində - ölkə üzrə tikilən mədəniyyət sarayları, tarixi abidələrimizin bərpası, tariximizi, mədəniyyətimizi dünyaya çatdırmağımız, beynəlxalq forumlarda  Azərbaycan haqqında dolğun, düzgün məlumatın çatdırılması - bütün bunlar Azərbaycanı dünyaya müasir və eyni zamanda, böyük tarixə, mədəniyyətə malik olan ölkə kimi təqdim edir.

Sənaye ilə bağlı siz tamamilə haqlısınız, Gəncənin çox böyük sənaye  potensialı vardır. Gəncənin inkişaf planı elə tərtib edilməlidir ki, biz uzunmüddətli inkişaf strategiyamızı düzgün quraq. Çünki Gəncə də böyüyəcək, Azərbaycan da böyüyəcək, əhali də artır. Gəncədə əlbəttə ki, gələcəkdə bir milyon əhali yaşayacaqdır. Şəhərsalma strategiyası düzgün qurulmalıdır. Eyni zamanda,  gələcəkdə iş yerləri ilə təmin etmək üçün  əlavə tədbirlər görülməlidir. Biz bir milyondan artıq iş yeri yaratdıq. Ancaq əhali artır. Bax, keçən il Azərbaycanda 170 min uşaq doğulubdur. Əhali artır, artacaqdır. Ona görə Azərbaycanın inkişafı, sənayenin inkişafı, şəhərsalma strategiyamız buna uyğun olmalıdır. Sənaye və iqtisadiyyat sahələrindən danışarkən deməliyəm ki, bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən qabaqcıl yerlərdədir.  Son on il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Təsadüfi deyil ki, dünya iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 39-cu yerdədir. İki yüz ölkə arasında 39-cu yerdə olmaq çox böyük bir nailiyyətdir. Neft strategiyamız, qaz siyasətimiz bu gün dünyanın diqqətini cəlb edir. Bizim qəbul etdiyimiz qərarlar gələcəkdə regionumuzda və müəyyən mənada, Avropada enerji təhlükəsizliyi məsələlərini həll edəcəkdir.

Bizim beynəlxalq mövqeyimiz birmənalıdır, çox prinsipialdır, qeyd etdiyiniz kimi, dünya birliyinin rəğbətini qazanıbdır. Bizə nəyə görə səs verdilər? Ona görə gördülər ki, ədalət bizim tərəfimizdədir. Ona görə gördülər ki, biz ədaləti müdafiə edəcəyik. Biz heç bir təzyiqə boyun əyməyəcəyik. Biz prinsipial, ədalətli mövqeni müdafiə edəcəyik və iki il ərzində Təhlükəsizlik Şurasında bunu da etdik.

Azərbaycanda hər bir sahə - təhsil, səhiyyə üzrə, ictimai proseslər çox müsbət istiqamətdə gedir. Siz qeyd etdiniz ki, müxtəlif forumlar keçirilir. Biz buna artıq öyrəşmişik. Amma demək olar ki, Azərbaycanda hər ay zirvə görüşləri, prezidentlər, dövlət, hökumət başçıları səviyyəsində tədbirlər, beynəlxalq forumlar keçirilir. Nizami Gəncəvi Beynəlxalq Cəmiyyətinin işi artıq genişlənir. Bu, nəinki bölgədə, dünya miqyasında böyük bir ictimai hərəkata çevrilmişdir. Madrid Klubu dünyanın mötəbər təşkilatlarından biridir, artıq Nizami Gəncəvi Cəmiyyəti ilə elə bil ki, vahid siyasət aparır.

Gəncədə tədbirlər keçirilir, gələcəkdə də keçiriləcəkdir. Gəncə 2016-cı ildə Avropa gənclərinin paytaxtı elan edilibdir. Bir sözlə, ölkəmizin strateji inkişafı ilə bağlı düzgün seçilmiş siyasət artıq özünü göstərir. Ona görə ictimai proseslər də müsbət istiqamətdə gedir, Azərbaycan xalqı rahat, təhlükəsiz şəraitdə yaşayır. Biz indi dünyada gedən prosesləri izləyirik. Yaxın ətrafda hansı hadisələr baş verir. Bu barədə danışmaq istəmirəm. Amma biz bu gün informasiya əsrində yaşayırıq. Hər kəs hər şeyi görür, bilir. Bizim yerləşdiyimiz bölgədə proseslər mürəkkəbdir. Ancaq Azərbaycan bir sabitlik, inkişaf adasıdır, həmrəylik diyarıdır. Bu, bizim ən böyük üstünlüyümüzdür. Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq  forumları, bu gün Azərbaycan artıq dünya miqyasında milli və dini münasibətlər məsələlərinin həllində nümunə ölkə kimi göstərilir. Əslində bu, həmişə belə olubdur. Azərbaycan xalqı həmişə xeyirxah, dözümlü xalq olubdur. Ancaq bunu dünyada bilmirdilər. Biz bunu dünyaya çatdırdıq. Ona görə biz gələcəkdə ölkəmizin əlbəttə ki, uğurlu inkişafını təmin edəcəyik, ancaq müxtəlif tədbirlərlə Azərbaycan haqqında dünyaya daha da dolğun məlumat çatdırmalıyıq. Bunların içərisində ən gözəl tədbirlər Azərbaycanda keçirilən tədbirlərdir. Çünki son on il ərzində mən bildiyiniz kimi, dəfələrlə xaricdə müxtəlif forumlarda, tədbirlərdə, konfranslarda Azərbaycan haqqında danışmışam, reallıqları təqdim etmişəm. Əlbəttə, bunun da böyük əhəmiyyəti vardır. Ancaq yenə də bəziləri fikirləşir ki, Prezident gəlib öz ölkəsini tərifləyir. Amma Azərbaycana, Gəncəyə, başqa şəhərlərə gələndə bunu artıq öz gözləri ilə görürlər ki, Azərbaycan necə ölkədir. Azərbaycanın uğurlu inkişafı deyə bilərəm ki, bəzilərini qıcıqlandırır, bəzilərini, necə deyərlər, paxıllıq hisslərinə sürükləyir. Bu da inkişafın və uğurun qiymətidir. Eybi yoxdur, qoy həmişə bizə paxıllıq etsinlər ki, biz həmişə irəliyə gedək.

Bir daha sizi ürəkdən salamlayıram, təbrik edirəm, sizə cansağlığı arzulayıram. Bizim görüşlərimiz, Gəncədə gözəl hadisələr hələ çox olacaqdır. Sağ olun.

 

* * *

 

Sonra xatirə şəkli çəkdirildi.

 

* * *

 

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkdi.

 

* * *

 

Heydər Əliyev Mərkəzində Müasir İncəsənət Muzeyi və Amfiteatr da inşa edilmişdir. Burada tanınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.2;3.