Prezident İlham Əliyev Gəncədə
1500 məcburi köçkün
ailəsi üçün
tikilmiş yeni yaşayış məhəlləsi ilə
tanış olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyevin Gəncə şəhərinə və
Göygöl rayonuna səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gəncədə
1500 məcburi köçkün ailəsi üçün
tikilmiş yeni yaşayış məhəlləsi ilə
tanış olmuşdur.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.
Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə isə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır.
Məhəlləyə gələn dövlət başçısı əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, lazımi avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınmışdır.
Binanın
foyesində ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin məcburi köçkünlərlə
görüşlərini əks etdirən fotostendlər
yaradılmışdır.
Dövlət
başçısı iş otaqlarında və akt zalında
yaradılan şəraitlə
maraqlandı.
Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayında oldu.
Qeyd edildi ki, Mədəniyyət Sarayı bugünədək istifadəyə verilən məhəllələrdə inşa olunan sarayların arasında ən böyüyüdür. Saraydakı 500 yerlik zalda ən müasir texnologiya əsasında işıqlandırma və səs sistemləri quraşdırılmışdır. Mədəniyyət Sarayında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən musiqi məktəbində yüksək şərait yaradılmışdır.
Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbində də oldu.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq tədbirləri, ümummilli liderin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər quraşdırılmışdır.
Dövlət başçısı məhəllənin baş planına baxdı.
Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün köçürüləcəkdir. Burada klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Gəncə şəhərinin kommunikasiya xətlərinə qoşulmuşdur. Ümumiyyətlə, son beş ildə bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilinə də xidmət göstərir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondunun verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu.
Diqqətə çatdırıldı ki, məhəllədə tikilən bağçada da yüksək şərait yaradılmışdır.
Daha sonra dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilində hər cür şərait yaradılmışdır.
Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
- Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir.
Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm.
Məcburi köçkün Ofeliya MƏMMƏDOVA dedi: Çox sağ olun, cənab Prezidentimiz. Bu gün Sizinlə görüşməyimizə çox şadıq. Biz hərtərəfli sevinc hissi yaşayırıq. Birincisi, bizə Sizinlə - möhtərəm cənab Prezidentimizlə görüşmək nəsib olub. İkincisi, Siz bizim ailəyə hər cür şəraitli olan belə gözəl mənzil hədiyyə etmisiniz. Siz birinci dəfə deyil, həmişə bizlərə qayğı göstərmisiniz. Dünyanın heç bir ölkəsində məcburi köçkünlərə belə qayğı göstərilmir. Göstərdiyiniz bu qayğıya görə ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.
Sizə uzun ömür, cansağlığı arzulayıram.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
Son illərdə
köçkünlərin yaşayış səviyyəsini
yaxşılaşdırmaq üçün çox
böyük işlər görülür. Bildiyiniz kimi,
bu işlərin təməlini ulu öndər Heydər
Əliyev qoymuşdur. İlk dəfə
Dövlət Neft Fondundan birinci ödəmələr
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılmasına yönəldilmişdir.
O ildən bugünə qədər bu siyasət davam etdirilir.
Biz çalışırıq ki, hər il
yeni mənzillərlə, evlərlə təmin olunan
köçkünlərin sayını artıraq. Misal
üçün, keçən il 20 min
köçkünün evlə təmin edilməsi nəzərdə
tutulurdusa, əslində biz təxminən 30 minə yaxın
köçkünü evlə təmin etdik. Yəni, il ərzində 28 min köçkün yeni mənzillərə,
evlərə köçmüşdür. Əslində bir il ərzində böyük bir şəhər
tikmişik.
2014-cü ildə də bu siyasət davam etdirilir. İlin birinci
ayında biz yenə də köçkünlər
üçün salınmış ən böyük qəsəbədə
görüşürük. Həm dövlət
büdcəsindən, həm də Dövlət Neft Fondundan vəsait
ayrılır. Keçən il 640
milyon manat vəsait ayrılmışdır. Ondan 300 milyonu
Dövlət Neft Fondundan, 300 milyonu
dövlət büdcəsindən, cəmi 40 milyonu xarici beynəlxalq
donor təşkilatlarından ayrılmışdır. Yəni, əslində bu özü göstərir
ki, bu gün Azərbaycan bütün bu böyük işləri
öz hesabına görür və görəcəkdir.
Çünki bu, ən ciddi, ən böyük
sosial problemdir. Ölkə
qarşısında duran problemlərin arasında ən
böyük problemdir.
Son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçübdür. Ancaq hələ ki ağır vəziyyətdə yaşayanlar da vardır. O cümlədən siz bugünə qədər ağır vəziyyətdə yaşayırdınız. Ona görə gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcəkdir. O cümlədən Gəncə şəhərində, digər şəhərlərdə fərdi evlər, mənzillər, şəhərciklər tikiləcəkdir.
Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaqdır. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da vardır. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır.
O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulmuşdur. Yəni, il ərzində təbii artım 120 min nəfər olmuşdur, getdikcə daha da artacaqdır. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaqdır. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaqdır.
Bu gün Ermənistan xarici yardım olmadan yaşaya
bilmir. Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli
şəxslər açıq etiraf edirlər ki, biz xarici
yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki
işğalçı siyasət onları bu vəziyyətə
salıbdır. Azərbaycan isə bu işğala,
çətinliklərə baxmayaraq, son 20 il
ərzində müstəqil dövlət kimi görün nə
qədər inkişaf edibdir! İnkişaf hələ
daha da sürətlə davam edəcəkdir. Ona görə ərazi
bütövlüyümüzün bərpası məsələsi
mütləq həll ediləcəkdir. Heç
kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və
bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar
bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ
və ətraf bölgələrlə məhdudlaşmır.
O qədər də uzaq olmayan tarixə, XIX əsrin
statistikasına baxsaq görərik ki, azərbaycanlıların
yaşadıqları ərazi çox böyük olmuşdur.
İndiki Ermənistan əslində Azərbaycanın
tarixi torpağıdır. Ona görə gələcəkdə
biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər.
Biz bu amalla yaşamalıyıq,
yaşayırıq, yaşayacağıq.
Bilirsiniz ki, 20 ildən artıq işğal çox
ağrılıdır, ədalətsizlikdir, insanlara əzab
verir, əlbəttə, ölkənin inkişafına
böyük maneədir. Ancaq 20 il tarix üçün o qədər
də böyük vaxt deyildir. Biz gələcəyə
baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə
olacaq, Azərbaycan necə inkişaf edəcəkdir?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə
bütün tarixi torpaqlara qayıdacağıq. O zaman
tarixi ədalət tam şəkildə bərpa ediləcəkdir.
Birinci mərhələdə işğal
edilmiş torpaqlar boşaldılmalıdır.
Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə
azərbaycanlılar yaşayacaqlar. Biz
hamımız çalışmalıyıq ki, bu günü
yaxınlaşdıraq. Ancaq müvəqqəti
olaraq indi bu şərait də vardır. Mən
əminəm ki, bu, müvəqqəti bir yaşayış
yeridir. Ancaq müvəqqəti də olsa,
yaxşı olmalıdır. Burada
bütün yüksək standartlar gözlənilibdir.
Ofeliya
MƏMMƏDOVA: Bəli, cənab Prezidentimiz, biz də bilirik
ki, bu qəsəbə bizim üçün ömürlük
deyildir. Bir arzumuz vardır - Kəlbəcərimizə
qayıtmaq, inşallah, belə görüşlərimizi orada
etmək.
Prezident
İlham ƏLİYEV: İnşallah.
Ofeliya
MƏMMƏDOVA: Biz bunu Sizə, Sizin siyasətinizə,
gücünüzə, güclü ordunuza tam əmin olaraq
deyirik. İnşallah, biz belə bir günü
keçirəcəyik. Bu, bizə nəsib
olacaqdır.
Biz o mənfur ermənilərlə qonşu olaraq
yaşamışıq. Onların hər xasiyyətini bilirik.
Bilirik ki, onlar güclünün ayağına
tez gedirlər.
Prezident
İlham ƏLİYEV: Hələ Azərbaycan bundan sonra da
sürətlə inkişaf edəcəkdir. Bilirsiniz, Kəlbəcərin,
Laçının, Şuşanın işğalı
Qarabağ müharibəsində mənfi tərəfə
dönüş yaratdı. Çünki bu
işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ
arasında coğrafi bir bağlantı yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin
işğalı böyük bir faciə idi. Bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik
etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin
mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı
idi. Ona görə əgər o vaxt ulu
öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində
olsaydı, bir qarış torpaq da düşmən
tapdağına düşməzdi. Bunu
hamı yaxşı bilir. Məhz onun
1987-ci ildə siyasi hakimiyyətdən
uzaqlaşdırılmasından iki həftə sonra ermənilər
bu məsələni qaldırdılar. Əfsuslar
olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər
o böyük məsuliyyəti dərk edə, düzgün
siyasət apara bilməmişlər. Onlar
xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar
siyasət aparmışlar. Ona görə
bu gün biz bax bu vəziyyətlə üzləşmişik.
Ancaq bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan
deyildir. Ermənistan o vaxtdan bugünə qədər daha da
tənəzzülə uğrayıb. Azərbaycan
daha da inkişaf edib. O vaxt da - işğal zamanı və
bu gün də Ermənistan xarici yardımsız heç nəyə
qadir deyildir. O vaxt da biz yaxşı bilirdik ki,
torpaqlarımız necə işğal altına
düşdü. Bu işğalda kim
iştirak etmişdi. Ermənilərin nə
ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə
hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı
bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm,
uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir.
Çünki tarixi həqiqətləri danmaq
mümkün deyildir. Müəyyən mərhələdə
bəlkə də bu barədə çox danışılmır.
Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü
də bu, o qədər də uzaq tarix deyildir,
gözümüzün qabağında baş verən hadisələrdir.
Biz daha da güclü olmalıyıq,
olacağıq. Biz öz gücümüzə
arxalanırıq. Bu məsələni
öz xeyrimizə, ədalətli həll edəcəyik.
Ofeliya
MƏMMƏDOVA: Cənab Prezident, Siz 10 il ərzində
Azərbaycan üçün böyük işlər
görmüsünüz. Ötən il
keçirilən seçki açıq-aydın bunu göstərdi
ki, xalq Sizinlədir. Xalq öz
inandığı Prezidentini seçdi. Biz
bunu tam əminliklə deyə bilərik. Qoy
bizə qara yaxanlar Sizdən öyrənsinlər ki, xalqa məhəbbət,
ona münasibət, xalqla yaxınlıq necə
olmalıdır. Onu Sizdən öyrənməlidirlər.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Mən də xalq üçün, dövlət
üçün çalışıram. Çox şadam ki, Azərbaycan doğrudan da,
sürətli inkişaf dövrünü yaşayır.
Sosial problemlər həll olunur, iqtisadiyyat
artır. Biz köçkünlər
üçün gözəl işlər görürük.
On il ərzində 170 minə yaxın insan
yeni evlərə köçürülübdür. Biz bundan sonra da bu işləri görəcəyik.
Tikinti, yardımlar, güzəştlər, hər
şey yerində qalacaqdır. Təki siz
rahat yaşayasınız.
İndi Gəncə şəhəri də görün
necə gözəlləşibdir. Müasir şəhərə
çevrilibdir. Bax bu ərazilər artıq şəhərə,
şəhərin mərkəzinə çevrilir, gözəl
magistral yol çəkilib, iş yerləri
açılır. Gələcəkdə Gəncədə
böyük sənaye komplekslərinin tikintisi, digər layihələr
nəzərdə tutulur. Yəni, yaxın
gələcəkdə bəlkə də başqa rayonlardan
buraya işləməyə gələcəklər. Ona görə Gəncə də gözəlləşir,
siz də gözəl qəsəbədə
yaşayırsınız. Mən buna
çox sevinirəm, çox şadam.
Ofeliya
MƏMMƏDOVA: Cənab Prezidentimiz, bir həqiqəti deməyi
özümə borc bilərdim. Milli musiqimizi,
muğamımızı inkişaf etdirən, Azərbaycanın
mədəniyyətini, Xocalı soyqırımını,
ümumiyyətlə, Azərbaycan həqiqətlərini
dünyaya tanıtdıran birinci xanım Mehriban
Əliyevanın, qızınız Leyla Əliyevanın
gördüyü işlər hər birimizi qəlbən
sevindirir.
Prezident İlham ƏLİYEV: Yeni qəsəbənin açılışı, istifadəyə verilməsi münasibətilə bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Uşaqlar yaxşı böyüsünlər, yaxşı vətəndaş olsunlar, ölkəmizin inkişafına töhfəsini versinlər.
Ofeliya MƏMMƏDOVA: Bütün dünya bizə həsəd aparır, cənab Prezidentimiz. Ulu öndərimiz XX əsrin müqaviləsini imzaladı. Xalqımız indi onun bəhrəsini görür. XXI əsrin müqaviləsini isə Siz imzaladınız. İnşallah, onun da bəhrəsini görərik.
Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, ölkəmizin gələcək inkişafı üçün nə lazımdırsa hamısını edəcəyik.
Ofeliya MƏMMƏDOVA: Cənab Prezidentimiz, bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı, Azərbaycan naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
AzərTAc
Azərbaycan.-2014.- 22 yanvar.- S.4;5.