Gəncədə Nizami Gəncəvi Muzeyi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin

Gəncə şəhərinə və Göygöl rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etmişdir.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda, Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə"si  insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli görülmüşdür. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmişdir. Lakin İkinci Dünya müharibəsinin başlaması nəticəsində yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə dahi Nizaminin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.

Ötən əsrin 70-ci illərində respublikamızda klassik ədəbi irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlamışdır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə qarşıya kompleks vəzifələr qoyaraq dahi şairin irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektiv açmışdır. 1981-ci ilin avqustunda Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri dahi sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadisosial böhran buna imkan vermədi. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin geniş şəkildə qeyd olunması üçün sərəncam imzalamışdır. Dövlət başçısının tapşırıqlarına əsasən Gəncədə dahi şairin muzeyi inşa olunmuşdur.

Prezident İlham Əliyevə məlumat verildi ki, Nizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.

Dövlət başçısı muzeyin binasında yaradılan şəraitlə tanış oldu. Muzeydə ulu öndər Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait vardır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılmışdır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitabmonoqrafiyalar nümayiş etdirilir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan "Xəmsə" və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq hazırkı mərhələdə respublikamızda gənc nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə olunması, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir. Bütün bunları nəzərə aldıqda Gəncədə inşa olunan bu muzeyin əhəmiyyəti olduqca böyükdür.

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yüksək zövqlə toxunmuş xalça portretləri diqqəti cəlb edir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.5.