Göygöl şəhərinə içməli suyun verilməsinə başlanmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin

 Gəncə şəhərinə və Göygöl rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Göygölə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə tərəqqisi yüksək templərlə davam edən müasir Azərbaycan zaman keçdikcə daha çox yeni nailiyyətlərin müəllifi kimi də tanınmaqdadır. Dövlətin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial ehtiyaclarının diqqət mərkəzində saxlanılması, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələrdən biriGöygöl şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, Göygöl şəhərinə çəkilmiş yeni su xətti layihəsinin icrası 3 mərhələdə aparılmışdır.

Birinci mərhələdə mənbəyi Murov dağının ətəyində olmaqla  Kürəkçayın başlanğıcında yerüstü suların yığılması və süzülməsi üçün ümumi sahəsi 15 min kvadratmetr olan möhtəşəm hidrotexniki suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksi tikilmişdir. Kompleksin layihə üzrə gücü saniyədə 132,5 litrdir. Bu qurğular kompleksinə infiltrasiya-drenaj qurğuları sahəsi, suqəbuledici qalereya, keçid məntəqəsi, transformator yarımstansiyası və mühafizə zonası daxildir. Qurğunun normal  fasiləsiz    rejimini  təmin  etmək  üçün 5 kilometr məsafədən  dəmir-beton dirəklərlə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Suyun süzülərək təmizlənməsi  üçün qurğuya müxtəlif fraksiyalı 41 min kubmetr qum-çınqıl materialı təbəqə-təbəqə  yığılaraq təbii  filtr   qatı  yaradılmışdır.

Kürəkçay mənbəyindən suyun əhaliyə çatdırılması üçün əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılmışdır.

Suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksindən su anbarlarına magistral xətt çəkilmişdir.

Dövlət başçısına məlumat verildi ki, bu xətlə Göygöl şəhəri ilə yanaşı, Toğana, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərinin əhalisi fasiləsiz olaraq  təmiz içməli  su  ilə təmin ediləcəkdir. Qurğunun potensial gücü  əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 29 min nəfər şəhər əhalisinin saniyədə 72 litr  və 10 min  nəfər kənd əhalisinin saniyədə 18 litr su ilə fasiləsiz tam təmin olunmasına imkan verəcəkdir.

Layihənin icrasının ikinci mərhələsində şəhərin  müxtəlif  yüksəkliklərində hər  birinin  tutumu  1000 kubmetr olan  6 su anbarı və suyun  xlorlanması üçün qurğu, yerli "Sukanal" idarəsi üçün müasir cihaz    avadanlıqlarla  təchiz  edilmiş laboratoriya otaqları olan inzibati binaistehsalat bazası tikilmişdir. Burada suyun istehlakçılara normal çatdırılması üçün bütün operativ tədbirləri həyata keçirmək məqsədilə hər cür şərait yaradılmışdır. Bu mərhələdə şəhərdaxili su şəbəkəsində, anbarlar arasında, ev birləşmələrində boru xətləri çəkilmiş, bütün abunəçilərin evlərində smart  tipli su sayğaclarının  quraşdırılması  nəzərdə tutulmuşdur.

Bundan başqa, şəhər kanalizasiya sistemində 134 min 555 poqonmetr uzunluqda kanalizasiya xətləri çəkilmiş, 1948 kanalizasiya quyusu və 4500 abunəçinin həyətinə ev baxış quyusu tikilmiş, 3 kanalizasiya nasos stansiyası inşa edilmişdir. Bildirilmişdir ki, hazırda layihənin icrasının üçüncü mərhələsi çərçivəsində gün ərzində 5500 kubmetr  çirkab su təmizləmək gücünə malik  qurğular kompleksinin tikintisində və texnoloji avadanlıqların  quraşdırılması prosesində tamamlama işləri gedir. Kompleks bu ilin birinci rübündə istismara təhvil veriləcəkdir.

 

Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını etdi.

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.8.