Göygöldə Olimpiya İdman Kompleksi
istifadəyə verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin
Gəncə şəhərinə və
Göygöl rayonuna səfəri
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Son 10 ildə Azərbaycan idman sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmuşdur. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. Bu məsələdə regionlardakı müasir idman qurğuları müstəsna rol oynayır. Dövlət siyasətinin nəticəsi olaraq indi bütün rayonlarda gözəl və hər cür şəraiti olan idman strukturu yaradılır. Bunlardan biri də Göygöldə yaradılan Olimpiya İdman Kompleksidir. Belə komplekslər bir daha sübut edir ki, ölkədə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcəkdir.
Prezident
İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin
açılışını bildirən rəmzi lenti kəsdi.
Dövlət başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanmışdır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Göygöl rayonunda ictimaiyyətin nümayəndələri, həmçinin idmançılarla görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Zallar ən müasir idman qurğuları ilə təchiz olunmuşdur. Burada müasir üzgüçülük hovuzu da tikilmişdir. Kompleksdə güləş, universal idman, şahmat və boks zalları, məşqçilər üçün otaqlar, konfrans zalı və digər zəruri otaqlar mövcuddur. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı 780 tamaşaçı üçün nəzərdə tutulmuşdur.
Kompleksin infrastrukturu da ən müasir tələblərə cavab verir. Beynəlxalq standartlara uyğun inşa edilən kotteclərdə istirahət üçün ən yüksək şərait yaradılmışdır.
Kompleksin açıq futbol stadionu da vardır. FİFA
standartlarına cavab verən stadionun ətrafında
yüngül atletika yarışları üçün
qaçış zolağı salınmışdır.
Stadionda 1300 tamaşaçı tutumu olan
üstüörtülü tribuna tikilmişdir.
Dövlət başçısına məlumat verildi ki,
Göygöl rayonunun idmançıları beynəlxalq və
respublika səviyyəli idman yarışlarında
mühüm nailiyyətlər qazanmışlar. Hazırda
rayonda idmanın müxtəlif növləri üzrə 2
Avropa və 14 dünya çempionu vardır.
Göygöl
Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşən
Prezident İlham ƏLİYEV dedi:
- Göygöldə Olimpiya Mərkəzi tikilibdir. Bu gün bu mərkəzin
açılışını birlikdə qeyd edirik. Sizi təbrik edirəm. Burada
idmanla məşğul olmaq üçün bütün
imkanlar vardır. Mən soruşuram deyirlər
ki, ümumiyyətlə, Göygöl rayonunda idman obyektləri,
idmanla məşğul olmaq üçün imkan
olmamışdır. İndi belə
gözəl imkan vardır. Ən yüksək
səviyyədə tikilibdir - hovuz, oyun, məşq zalları,
artıq burada gözəl memarlıq özünü göstərir.
Bir də ki, kotteclər, mehmanxana. Yəni, rayonun inkişafı üçün bu mərkəzin
çox böyük əhəmiyyəti vardır. Burada şahmat dərnəyi fəaliyyət göstərəcəkdir.
Ona görə biz Göygöl idmançılarından
yaxşı nəticələr gözləyirik. Gərək
yaxşı nəticələr, qələbələr olsun,
həm ölkə çempionatlarında, həm də beynəlxalq
turnirlərdə. İndi belə şəraitdən
sonra gərək yaxşı da nəticələr olsun.
Çünki Azərbaycanda idman sürətlə
inkişaf edir. Biz idman aləmində
yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi idman dövlətidir, çoxlu
medallarımız, idmançılarımız, dünya,
Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya idman
növləri üzrə dörd dünya çempionumuz
olmuşdur. 2012-ci ildə Yay Olimpiya
Oyunlarında böyük qələbə
qazanmışıq. Universiadada gənc
idmançılarımız Azərbaycanın idman şöhrətini
yüksəklərə qaldırmışlar. Yəni, biz idman ölkəsi kimi
özümüzü artıq təsdiq etmişik. Gərək bu müsbət dinamika davam etsin.
Buna nail
olmaq üçün gərək uşaqlar, yeniyetmələr
hər yerdə, hər bir rayonda idmanla məşğul
olsunlar. Biz bu şəraiti yaradırıq.
Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən
sayca 41-ci regional kompleksdir. Artıq Bakıdan
başqa 41 şəhərdə idmanla məşğul olmaq
üçün gözəl imkanlar vardır.
Bakıda isə Avropa Oyunlarına hazırlıq gedir. Yeni idman
obyektləri tikilir - Olimpiya Stadionu, Su İdmanı Sarayı,
Stend Atıcılığı Mərkəzi, Gimnastika
Kompleksi. Əvvəllər tikilmiş idman
obyektləri təmir edilir. Biz gələn il Avropa Oyunlarını yüksək səviyyədə
keçirməliyik və əminəm ki, keçirəcəyik.
Ona görə indi Göygöldə idmanla bağlı
problemlər öz həllini tapacaqdır. Burada gözəl
məşq prosesi təşkil edilməlidir. Eyni zamanda, yığma komandalarımız da gəlib
burada təlim-məşq toplantılarında iştirak etməlidirlər.
Bir sözlə, əminəm ki, Göygöl
Olimpiya Kompleksinin gözəl gələcəyi olacaqdır.
Bütövlükdə, rayonda bu gün bir neçə
tədbirdə iştirak etmişəm. Onların
içərisində əlbəttə ki, su-kanalizasiya layihəsini
xüsusi qeyd etmək istəyirəm. Siz
yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı
həmişə böyük problem olub. Təmiz,
keyfiyyətli içməli su həmişə problem olub.
Bu problem artıq aradan qaldırılıb.
İndi ölkəmizdə ən təmiz və
keyfiyyətli sulardan biri artıq Göygölə verilir.
Şəhər içməli su ilə tam təmin
edilir. Bu su kəmər boyu yerləşən
yeddi kəndə də verilir. Gələcəkdə
başqa kəndlərin su problemi də həll ediləcəkdir.
Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt
keyfiyyətli su olmamışdır.
Bax, Azərbaycan dövlətinin siyasəti və
gücü bunda özünü göstərir. İnsanların
sağlamlığı, rahat yaşamaları
üçün Azərbaycan dövləti bu böyük
layihələri icra edir. Dağlardakı mənbədən
25 kilometr uzunluğunda kəmər çəkilib,
böyük vəsait xərclənibdir. Dağların
arasında süni göl, yəni, su hövzəsi
yaradıldı ki, burada yaşayan sakinlər təmiz su
içsinlər. Mənə verilən məlumata
görə, şəhərin qaz problemi də 100 faiz həll
edilib. Göygöl şəhəri 100
faiz qazlaşdırılıbdır. Kəndlərin
yarısı da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da qaz çəkdik, 100 faiz təmin
olundu.
Elektriklə bağlı problemlər həll edilibdir. Kənd
yolları tikilir. Bir layihə icra edilir,
daha bir layihə icra ediləcəkdir. Təkliflər
verilib. Elə etməliyik ki, burada bir dənə
də təmirsiz kənd yolu qalmasın.
Bütün rayon infrastrukturu inkişaf edir və yeniləşəcəkdir.
Əlbəttə ki, rayonun aqrar potensialı çox
böyükdür. Bu istiqamətdə hələ
görüləsi işlər çoxdur. Turizm potensialı da vardır. Ancaq
turizm potensialının inkişafı, ondan səmərəli
şəkildə istifadə etmək üçün şərait
olmalıdır. Yol, qalmağa yer,
infrastruktur olmalıdır. Bunları da biz
yaradırıq və yaradacağıq.
Göygöl rayonunun inkişafı üçün əlavə
təbdirlər də görüləcək, vəsait də
ayrılacaqdır ki, burada işlər həmişə
yaxşı getsin.
Əvvəlki səfərlərimdə xəstəxananın
açılışında bərabər olmuşuq. Bu gün
Bayraq Meydanının təqdimatı keçirilmişdir.
Bu da çox önəmli məsələdir.
Bizim bayrağımız dövlətçiliyimizin
rəmzidir. İndi hər şəhərdə
bayraq meydanı vardır. Bu da müasir Azərbaycanın
yenilikləridir. Bakıda və hər bir
şəhərdə. Bütün digər
istiqamətlər üzrə Bakıda nə varsa,
bütün şəhərlərdə də
olmalıdır. Deyə bilərəm ki,
Bakı hələ 100 faiz su ilə təmin edilməyib.
Bakıda görülən son işlər hesabına biz
davamlı suyun verilməsini ancaq 78 faiz səviyyəsinə
qaldıra bilmişik. Amma Göygöldə 100
faizdir. Qazlaşdırma Bakıda 96 faiz,
Göygöldə 100 faizdir. Bunlar regional
proqramın icrası nəticəsində mümkün
olmuşdur. İki proqram icra edilibdir.
Üçüncü proqram da yaxın gələcəkdə
qəbul ediləcəkdir. O da beşillik proqram
olacaqdır. Orada hər bir rayon, o cümlədən
Göygöl rayonu üzrə konkret beşillik fəaliyyət
planı öz əksini tapacaqdır. Hər
bir vətəndaş proqramı oxuya bilər ki, onun rayonunda
hansı işlər gözlənilir. Artıq
proqram daha çox yerlərdən gələn təkliflər
əsasında tərtib edilir. Sakinlərin
müraciətləri nəzərə alınır. Bildiyiniz kimi, dövlət və hökumət
orqanlarının vəzifəli şəxsləri mütəmadi
qaydada bölgələrə ezam olunurlar, sakinlərlə
görüşürlər, onların problemlərini
eşidirlər və həll edirlər. Bax,
növbəti proqram da sakinlərdən gələn təkliflər
əsasında formalaşıbdır. Növbəti beş il ərzində qalan infrastruktur, sosial məsələlər
öz həllini tapacaqdır, o cümlədən məktəb
tikintisi. Hələ ki Göygöldə də
təmirsiz məktəblər, digər sosial və infrastruktur
layihələr vardır.
Bu gözəl obyektin - idman kompleksinin
açılışı münasibətilə sizi bir daha təbrik
edirəm, sizə cansağlığı, uğurlar
arzulayıram.
* * *
Rayon
ictimaiyyəti adından çıxış edən Vidadi
RZAYEV ölkənin bütün regionları kimi, Göygölə
də göstərdiyi diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlıq
edərək dedi:
-Möhtərəm
cənab Prezident, Sizi Göygöl rayon ictimaiyyəti, gəncləri
və idmançıları adından salamlayır, rayonumuza
"Xoş gəlmisiniz!" deyirəm.
Cənab
Prezident, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı kimi Siz respublikamızı daim
xoşbəxt gələcəyə aparırsınız.
Respublikaya rəhbərlik etdiyiniz 10 il ərzində
ölkəmizin siması kökündən dəyişmiş,
Azərbaycan dünyanın heç bir ölkəsinin nail ola
bilmədiyi sürətli inkişaf yolu keçmişdir.
Cənab
Prezident, Sizin qayğınız sayəsində bütün
sahələr kimi, idman da sürətlə inkişaf edir. Siz Azərbaycanda idmanın kütləviliyini təmin
edirsiniz. Bununla da ölkədə
sağlam nəsil formalaşdırırsınız.
Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda müasir idman qurğuları tikilmiş, Olimpiya hərəkatı geniş vüsət almışdır. Yaradılan müasir infrastruktur Azərbaycan idmançılarına dünya və Avropa birinciliklərində möhtəşəm qələbələr qazandırmışdır. Biz səbirsizliklə 2015-ci ildə Avropa Oyunlarının Azərbaycanda keçirilməsini gözləyirik. Bu oyunların Azərbaycanda keçirilməsi barədə qərar Sizin uğurlu siyasətinizin nəticəsidir. Bu, çox böyük tarixi hadisə, ölkəmizin möhtəşəm uğurudur. Mehriban xanımın bu oyunların təşkilati işlərini öz üzərinə götürməsi isə digər möhtəşəm beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirin də çox yüksək səviyyədə keçəcəyinə bizdə heç bir şübhə qoymur. Ona görə də Sizə və Mehriban xanıma bütün göygöllülər adından dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, bu gün açılışını etdiyiniz Göygöl Olimpiya İdman Kompleksinə gənclərin böyük axını olacaqdır. Bu idman kompleksində gənclərimiz idmanın müxtəlif bölmələrində məşğul olub öz ustalıqlarını artıracaq, tezliklə Azərbaycan yığma komandasının tərkibində Avropa, dünya birinciliklərində ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Buna əmin ola bilərsiniz.
Mən Sizə göygöllülər adından bir daha minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 22 yanvar.- S.8.