Azadlığımızın nurlu günəşinin
doğduğu gün
Yaxud istiqlaliyyətə aparan
qanlı şənbə gecəsindən 24 il keçir
20 Yanvar - tariximizin qanla yazılan şərəfli səhifəsi, milli azadlıq yolunun başlandığı müqəddəs gün! Qara Yanvar da adlandırıldı! Qanlı şənbə gecəsi də dedik o qanlı-qadalı, ah-naləli günlərə! Qədrini qədərincə bilməmişik onda! Bugünkü azadlığımızın nurlu günəşini doğacaqmışsan! Bunu anlayan, duyuq düşən imperiya vassalları və cəlladları o gecə sabahının azadlıq günəşi ilə açılmasından vahimələnib azadlıqsevər bir xalqı boğmağa çalışdı, amma bacarmadı. Şəhid olan ərlərin, ərənlərin yerinə yüzlərlə oğul dünyaya gətirdi o gecə. Azadlığa, hürriyyətə sinə açan, meydan verən qanlı şənbə gecəsi, 24 ildir ki, sənin zülmətdən necə sıyrılıb çıxdığından danışılır...
Yox, analar daha sənə qarğımır, sonalar nakam məhəbbətlərinə ağlamırlar! Bu gün səninlə fəxr edirik! Qürurumuza çevrilib bayraq kimi dalğalanırsan, ucalırsan!!! Demək, müdrikləşirsən, əbədiləşdikcə möhtəşəmlik simvoluna çevrilirsən!
Bu da 24 yaşlı Şəhidlər xiyabanı... Yenə də al-əlvan geyinib, lap bəy-gəlin libaslı, amma, yaralı-yaslı... Axı, burada uyuyan igidlərimizin çoxunun bəy taxtı qurulmadı, bəyaz libaslı gəlinlər qız evindən "Vağzalı" ilə köçüb ana-bacılarını kövrəltmədilər...
Bu il yenə də Şəhidlər xiyabanı ziyarətçilərini qürur və iftixarla qarşıladı. Nənələr, babalar nəvələrinin əllərindən tutub Vətənin azadlıq aşiqlərinin qərənfil libaslı müqəddəs məzarlarını ziyarətə gəldilər. Neçə-neçə qoca ilə qarının 24 il bundan öncə bura gələndə saçları belə ağarmamış, belləri bükülməmişdi, amma bu gün bir-birindən yapışıb gəlmişdilər. Ziyarətinə gəldikləri şəhid balalar isə elə həmin yaşda qalıblar - partası boş qalan İlqarla çiçək tək solan Larisa kimi...
24 ildir ki, 20 Yanvar şəhidlərinin müqəddəs məzarlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına axan insan seli Azərbaycandan çox-çox uzaqlarda, "dünyanın o başında" da əcnəbiləri heyrətə gətirir. Bu, yalnız övladını itirmişlərin o qanlı gecənin dəhşətlərini unutmaması deyil, həm də azadlığın qan bahasına alındığını gələcək nəsillərə göstərmək deməkdir. 24 yaşlı 20 Yanvar da əvvəlkilər kimi, müqəddəsliyi ilə yaddaşlara yazıldı. O gün Şəhidlər xiyabanına gələnlər yenə də müxtəlif yaşlılar idi: qoca-cavan, uşaq-yeniyetmə, hətta körpələr... 20 Yanvar xalqımızın qan yaddaşına yalnız faciə deyil, qürur və iftixar tarixi kimi də yazılıb. Xiyabanı ziyarət edənlərdən eşitdiklərimiz də bunu təsdiqlədi.
Təhsil nazirinin müşaviri Ağababa İbrahimov 20 Yanvara gələn yolun şahidlərindən biri kimi bunları bildirdi: "...18 yanvar 1990-cı il tarixində Mərkəzi Komitənin bunasının qarşısına on minlərlə insan yığışmışdı. Mən də orada idim. Çoxlu çıxışlar oldu. Bura yığışanlara binanı tutmaq üçün təhrikedici çıxışlar səslənirdi. Primakov da çıxış etdi, lakin mitinqçilər ona qulaq asmadılar, çünki mənasız fikirlər ifadə edirdi. O gün qırğın başlaya bilərdi. Hiddətlənmiş insan seli binanı tutmaq qərarından dönmürdü. Gərginlik getdikcə artırdı. Təhrikçilər isə aranı qızışdırmaqda davam edirdilər. Bu, imperiyanın öz oyunu idi, təhrikçiləri, təxribatçıları qızışdırıb aranı qatmağa çalışırdı. Elə bu zaman bir milis zabiti (deyəsən, polkovnik-leytenant idi) təklif irəli sürdü və mitinqçilərə müraciət etdi: "Ay sizə qurban olum, biz də sizlərdənik, sizinləyik. Bu təhrikə aldanmayın. Biz Azərbaycan milisləri (o, bunu deyərək, əli ilə özündən arxada sıra ilə düzülmüş milis işçilərini göstərdi) sizinləyik. Bizi tərksilah ediblər. Mərkəzi Komitənin binası əlisilahlı əsgərlərlə doludur. Onlar əmr alıblar, sizi, bizi qırmağa hazırdırlar. Əgər milisə hücum eləsəniz, ya da binanın şüşələrini sındırsanız, burada qırğın olacaq. Biz də sizə kömək edə bilməyəcəyik".
O gün, yəni, yanvarın 18-i xalqımızın ən qanlı tarixinə çevrilə bilərdi. Orada minlərlə insan var idi. Azərbaycanlı milis zabitinin o gün öz həyatını təhlükəyə ataraq etdiyi çıxış Qanlı Yanvarı ertələdi və həmin gün daha dəhşətli, kütləvi qırğının qarşısını ala bildi. Sonra eşitdik ki, həmin zabiti tutduğu vəzifədən kənarlaşdırıblar, hətta həbs etmək istəyiblər. Bu, ittifaq mərkəzində cızılmış qanlı terrorun ssenarisinin bir "səhnəsi" idi. Ondan sonra Azərbaycan torpaqlarının işğalı başlayırdı. Qoşun birləşmələrinin sonralar törətdiyi terror və qətliamlar əsl soyqırımı olsa da, ölçü götürülmədi, dünyanın ikili standartlarla idarə olunması təcavüzkarın daha da geniş əl-qol açmasına şərait yaratdı. Lakin bir məlum həqiqət var ki, milli azadlığa nail olmağı kimlərinsə adına yazmaq doğru olmazdı. 20 Yanvar müstəqillik uğrunda xalqımızın və millətimizin oyanışı idi".
Ziyarətə gələnlərdən biri - Eşitmə və nitq problemli uşaqların reablitasiya və əyləncə klubu - "Mənim dünyam"ın rəhbəri Cəmilə Abdulova o gecənin dəhşətlərini 12 yaşlı məktəbli kimi gözləri ilə görüb və yaşayıb. Elə həmin həyəcanın da qurbanına çevrilib: "Qanlı şənbə gecəsini yaşayanların "bağrı yarılıb" - desək, daha doğru olardı. O gecənin həyəcanı çoxlarını şikəstə və ya xəstəyə çevirdi. Paytaxtın altıncı mikrorayonunda yaşayırdıq. Qardaşım Kazım yanğınsöndürmə sahəsində işlədiyindən, o gecə iş yerində növbədəydi. Ata-anama tapşırdı ki, balaca qardaşım Farizi küçə-bayıra buraxmasınlar, çünki gecə şəhərə qoşun yeridiləcəkdi. Televiziyalar qəfildən söndüyündən, hamımız çaş-baş qalmışdıq. Fariz ailəmizdən gizlicə getmişdi. Getməyə bilməzdi. Dostlarını küçədə yandırdıqları (Guya ki, barrikada düzəltmişdilər. Tonqalla da barrikada qurmaq olar?) ocağın yanında qoyub gəlmişdi. Dostu Zaur da orada idi. Ona söz vermişdi ki, evə dəyib gəlirəm. Bilirsiz hansı Zauru deyirəm? Odey, bir ağsaçlı qız ki məzarının üstündə ağlayır haa!!! Həmin Ələsgərov Zaur Rasim oğlunu deyirəm. Şəhid Zaur, ömrünün sonuna kimi 21 yaşında qalacaq, nişan aparılmayacaq, gəlini gətirilməyəcək, toy mağarı qurulmayacaq Zauru deyirəm. Atası 42 yaşında dünyasını dəyişdiyindən, Zaur evin həm də kişisi idi... Hə, qardaşım o gecə səhərə kimi yaralıların və meyitlərin arasında Zauru axtarır... Səhər onu indiki 20 Yanvar (o vaxtkı XI Qızıl Ordu meydanı) dairəsindən tapmışdılar. Onu iki ay əvvəl sıralarında qulluq etdiyi Sovet Ordusunun əsgərləri güllələmişdilər...
20 Yanvar mənim yaddaşıma bax beləcə, ağrı-acılı yazılıb. Sonralar öyrəndim ki, xalqımızın imperiya caynaqlarından qurtulması üçün apardığı azadlıq mübarizəsi 20 Yanvarda özünün zirvəsinə yüksəlmişdi. Xalqımızın azadlıq aşiqlərini o gecə qanlarına qəltan eləsələr də, Bakı dəhşətli şənbə gecəsindən mübariz ruhlu çıxdı. Azərbaycan itirdiyi müstəqilliyini bərpa etdi. Ona görə də 20 ildən artıqdır ki, biz 20 Yanvar şəhidlərinə ağlayıb yas tutsaq belə, onlarla fəxr edirik. Qürur duyuruq ki, xalqımız azadlığa layiqdir".
Anna ŞAHBAZQIZI: "Əslən Mehri rayonundanam. Xalqımızın taleyinə yazılan o qanlı gecə mənim həyatımda ən dəhşətli bir tarixə çevrildi. İki körpə uşaqla bayırda qalıb tir-tir əsirdim. Elə bil əsir düşmüşdük balalarımla. Qardaşım da getmişdi, onun yolunu gözləyirdik. Şəhərə soxulan tanklar bizim həyətimizdən keçirdi. Yer-göy titrəyirdi. Binalar atəşə tutulmuşdu. Haradan işıq gəlirdisə, oranı hədəf seçirdilər. Bakıda fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanı isə yanvarın 20-də səhər saat 6-da zirehli maşınlardan elan edildi, küçələr ağır hərbi texnikanın altında qalan insan cəsədlərinin dolu olduğu bir vaxtda.
Aradan 24 il
keçir o qanlı gecədən. Xalqımızın
öz şəhidlərinə bu qədər müqəddəs
yanaşmasından qürur duyuram. Hər
bir xalq öz azadlığı və müstəqilliyi
uğrunda siyasi mübarizə aparıb və əlbəttə,
bu yolda canlarından, qanlarından keçməyi özlərinə
şərəf biliblər. Amma mavi
ekranlardan da görürük ki, dünyanın heç bir
yerində şəhidlər məzarlığına bu qədər
diqqət göstərilmir. Bizim Şəhidlər
xiyabanında isə hər gün mərmər daşların
üzərində tər qərənfillər olur. Bura elə bir xiyabandır ki, hamını çəkir.
Bu, dövlətimizin şəhidlərə
verdiyi qiymətdir. Rayonlarda da şəhidlər
xiyabanı var, orada daha çox Qarabağ uğrunda gedən
savaşlarda şəhid olanlar dəfn ediliblər. Bölgələrimizdə də insanlar
gül-çiçəklə şəhidlər
xiyabanlarına gedir, onların məzarlarını ehtiramla
ziyarət edirlər. Şəhidlərimiz
heç zaman unudulmayacaq və xatirələri daim əziz
tutulacaq".
Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı,
YAP Yasamal rayon təşkilatının fəalı Gülnar ƏMİRASLANOVA:
"20 Yanvar Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir.
Keçmiş sovet dövlətinin hərb
maşınının həmin gün Azərbaycan xalqına
qarşı həyata keçirdiyi təcavüz
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biridir. Bu
tarix Azərbaycanın müstəqilliyinin qazanılması
üçün canlarını qurban verən şəhidlərimizin
qanı ilə yazılmışdır. Bilirik
ki, həmin dövrdə Azərbaycan informasiya blokadasında
olmuşdur. O zaman müasir və müstəqil Azərbaycanın
yaradıcısı, qurucusu və memarı olan ulu öndər
Heydər Əliyev Moskvada ailəsi ilə birlikdə Azərbaycanın
daimi nümayəndəliyinə gəlib ölkəmizə
qoşun yeridilməsinə, o cümlədən SSRİ-nin rəhbəri
M.Qorbaçova etiraz bəyanatını bildirmişdir. Ulu öndərin bu bəyanatından sonra Azərbaycanda
baş verən hadisə bütün dünyaya
çatdırıldı. Ulu öndərin
siyasi kursunun layiqli davamçısı möhtərəm
Prezident İlham Əliyev şəhidlərın hər
birinin ailəsinə diqqətlə yanaşır, onların
üzləşdiyi sosial problemlərin həlli bilavasitə
dövlətin nəzarətində olur. 20
Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi
həkk olunmaqla yanaşı, həm də insanlığa
qarşı törədilmiş ən dəhşətli və
ağır cinayətlərdən biridir".
Bu il də Şəhidlər xiyabanına üz
tutmuş ziyarətçilərin üzlərində kədərlə
yanaşı, qürur ifadəsini də sezməmək
mümkün deyildi. Qərənfil libaslı xiyaban bu il də ziyarətçilərin and yerinə
çevrildi. O gün xiyabana kollektiv halda gələnlərdən
biri də əczaçılardan ibarət idi. Şərafət
Həmidova, Səbinə Cəbrayılova, Telli Əliyeva və
Mahir Əzizovun 3-cü mikrorayon dairəsində fəaliyyət
göstərən "Teymur" aptekində
çalışmaları gətirdikləri əklildən də
məlum idi. Şərafət Həmidova dedi ki, iyirminci
yüzilliyin sonlarında xalqımıza qarşı xəyanətkar
mövqe tutan, düşmənçilik siyasəti bəsləyən
sovet imperiyasının və dünyada terrorizmin mənşəyi
hesab olunan Ermənistanın əməlləri millətimizi
meydanlara çıxarmışdı: "Məqsəd cənnət
Qarabağı Azərbaycan xalqının bağrından
qoparmaq cəhdinə etiraz etmək idi. Ədalətsizliyə
dözməyən xalqımız gecə-gündüz
meydanlarda haqq səsini dünyaya yayırdı. Hadisələr
qarşısıalınmaz məcraya gəlmişdi. Əsrin əvvəlindən
sonunadək Azərbaycanı susduran imperiya cəlladları
çıxış yolunu yenə də millətimizi qan
gölündə boğmaqda görürdü. O gecə
yalnız haqqını tələb edən insanlar yox,
yaralıların köməyinə özünü yetirmək
istəyən həkim və tibb işçiləri də
güllə-barana tutuldu. Hətta təcili yardım
maşınları tankların tırtılları altında
qalıb xıncım-xıncım oldu. Bu, dəhşət
idi"E
"Aşıq
Pəri" məclisinin üzvlərindən Rəna Mərzili,
Pərvanə Şəm, aşıq Minayə İlməzli də
o gün xiyabana tələsənlərin arasında idi.
Aşıq-şairələrin sinəsi söz
körüyünə bənzəsə də, misraları
haylı-haraylı olsa da, qəhərdən boğulurdular.
Onların fikrincə, 20 Yanvar azadlığımızın və
müstəqilliyimizin parlaq günəşini doğacaqdı.
Doğdu da! Xalqımızın və millətimizin
birliyini imperiya xislətli
dünyaya göstərmək üçün sanki o gün
yol gəlirdi, 70 illik bir zaman məsafəsini qət edirdi. Belə
çətin, mürəkkəb, dramatik bir dövrdə
öz həyatını qurban verməyə hazır olan xalq
azadlığın nə demək olduğunu yaxşı
anlayırdı. Meydana da ona görə
çıxmışdı. İmperiya cəlladları bu
qırğını törətməyə bəhanə
axtarırdı. Bu, xalqımız üçün isə illərdən
bəri sinələrdə alovlanan azadlıq təşnəsi
idi! Onu söndürməksə mümkün deyildi. İnsanları
o gün xiyabana gətirən də məhz
xalqımızın vətənpərvərlik hisslərinin
gücünün, qüdrətinin nümayişi idi! Məclisin
rəhbəri Pərvanə Zəngəzurlu o gecənin
zülmətini belə ifadə etmişdi:
...Sipərə
dönsə də, gen sinələri,
Onlar məsləkindən
dönmədi geri.
Vətənin
qeyrətli ər igidləri,
Torpağa
şəhidlik əkdi bu gecə.
Səadət
Buta isə o gecənin təsiri altında qələmə
aldığı şeirin misralarını illərdir ki, ana
laylası kimi səsləndirir:
Aman Allah,
bu nə işdi Bakımda,
Əsdi
yellər, boran oldu, qalam, oy!
Qış
qar yağar, güllə yağdı üstünə,
Şəhid
oldu neçə igid balam, oy!
...Xiyabana
tələsən hər kəsin baxışlarında bu dəfə
qəm-qüssə, kədər deyil, düşmənə
nifrətlə yanaşı, bir qürur, əzmkarlıq ifadələri
də hiss olunurdu. 20 Yanvar miqyasına görə faciədirsə,
mahiyyətcə mübarizlik və tariximizin şanlı səhifəsidir.
O dəhşətli gün bir daha təsdiqlədi ki,
xalqımızın milli azadlıq duyğularını, qətiyyətini
hər hansı imperiyanın nə tankı, nə topu, nə
də digər ağır hərbi texnikası ilə
sındırmaq olar! Təbii ki, 20 Yanvar öz dəhşətləri
ilə yaddaşımıza yazılıb. Çünki
çürüməkdə olan, müvazinətini itirmiş
sovet imperiyasının əli qanlı cəlladları o
müdhiş gecədə daşnaklarla birləşərək
Bakını qan çanağına döndərmişdi.
SSRİ-nin sonuncu prezidenti M. Qorbaçov nəinki milli azadlıq
mübarizlərinin qətlinə, əslində,
insanlığa qarşı fərman vermişdi. Lakin o dəhşətli
gecədən qan içində çıxan
xalqımızın mərd, qorxmaz, mübariz övladları
öz şəhidlikləri ilə imperiya xislətli, erməni
qiyafəli ölümə qələbə çaldılar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2014.- 22 yanvar.- S.11.