Mübarizlik və qəhrəmanlıq tarixi

 

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 24 il ötdü. 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaqöz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətmişdir. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməmiş, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşmuşdur.

Hər il 20 Yanvar faciəsinin şəhidləri ölkəmizin bütün guşələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yad olunur, şəhər və rayonlardakı şəhidlər xiyabanları ziyarətgaha çevrilir.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlmişdir. Bu barədə AzərTAc-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilmişdir.

 Ali Məclisin Sədri Şəhidlər xiyabanındakı "Ana abidəsi"nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.

Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında Dövlət himni səslənmişdir.

Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, bankların, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai qurumların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.

20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur.

Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləmiş, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmışdır. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün, qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır".

20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul olunmuşdur. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapmışdır. Bundan əlavə, 1992-ci il yanvarın 13-də "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı" qəbul olunmuşdur.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq həmin ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edilmişdir.

"Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar" - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı yenidən qurulmuşdur. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2006-cı il 19 yanvar, "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2011-ci il 19 yanvar tarixli fərmanları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə göstərilən ehtiramın bariz ifadəsidir.

Sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumu ilə müşayiət olunmuşdur. Yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuş, Sədərək və digər sərhəd kəndlərinə silahlı hücumlar intensiv xarakter almışdı. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" tarixi qərar qəbul etmişdir. Bu qərara əsasən Naxçıvan MSSR sovet imperiyasının tərkibindən çıxmışdır. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlamış və bununla da, 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılmış, ilk şəhidlər verilmişdir. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlamışlar.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəf tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

Azərbaycan.-2014.- 22 yanvar.- S.12.