Qanlı Yanvar faciəsi qurbanlarının
xatirəsi xarici
ölkələrdə ehtiramla yad edilmişdir
ABŞ
Nyu-Yorkdakı
"Əyyub Sultan" Mədəniyyət Mərkəzində
Qara Yanvar şəhidlərinin xatirə gecəsi
keçirilmişdir.
Tədbir
Amerikanın Azərbaycanlı Qadınlar Assosiasiyası tərəfindən
təşkil edilmişdir.
Təşkilatın
rəhbəri Münəvvər Vahabova qonaqları salamlayaraq
müasir Azərbaycan tarixində faciəli 1990-cı ilin 20
Yanvar hadisələri barədə
danışmışdır. M.Vahabova qeyd etmişdir ki, 20
Yanvar hadisələri Azərbaycanın müstəqillik əldə
etməsində mühüm rol oynamışdır.
Tədbirdə
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin
konsulu Emil Səfərov və mədəni inkişaf mərkəzinin
rəhbəri Gəray Əlibəyov da çıxış
etmişlər. Emil Səfərov bu cür tədbirlərin Azərbaycan
diasporu və onun gənc nümayəndələri
üçün əhəmiyyətini vurğulamış, Gəray
Əlibəyov isə sovet qoşunları tərəfindən
Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş
cinayət barədə söhbət açaraq qeyd etmişdir
ki, yaxın vaxtlarda Nyu-Yorkda Azərbaycan
kinematoqrafçılarının çəkdikləri
"Cavad xan" bədii filminin premyerası olacaqdır.
Nyu-Yorkdakı
Kolumbiya Universitetinin məzunu Fuad Kərimov Qara Yanvar faciəsi
barədə söhbət açaraq
vurğulamışdır ki, Azərbaycanın
azadlığı uğrunda canından keçmiş şəhidlərin
xatirəsi dünya azərbaycanlılarının ürəyində
əbədi yaşayacaqdır.
Gecədə
1990-cı il Yanvar hadisələrinin sənədli xronika
kadrları nümayiş olunmuş, şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə
Nyu-Yorkun Azərbaycan və türk icmalarının üzvləri,
Azərbaycanın Vaşinqtonda və Nyu-Yorkda diplomatik
missiyalarının əməkdaşları iştirak
etmişlər.
Kanada
Kanadanın
Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə
həsr olunmuş anma mərasimi keçirilmişdir.
Azərbaycan
Respublikasının Kanadadakı səfirliyindən
bildirmişlər ki, mərasimdə Toronto Universitetində təhsil
alan azərbaycanlı tələbələr və Toronto
şəhərində yaşayan Azərbaycan icmasının
üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə
açan Azərbaycan Respublikasının Kanadadakı səfiri
Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat
vermiş və bu hadisənin xalqımızın müstəqillik
uğrunda mübarizəsində oynadığı roldan
danışmışdır. O vurğulamışdır ki,
147 nəfər əliyalın insanın sovet qoşunları tərəfindən
qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr
xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə,
xalqımız daha böyük qüvvə ilə mübarizəsini
davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi
olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa
etmişdir.
Tədbir
zamanı 20 Yanvar hadisələrini əks etdirən sənədli
film nümayiş etdirilmişdir.
Türkiyə
Azərbaycanın
İstanbuldakı baş konsulluğunda xalqımızın ən
böyük faciələrindən biri, eyni zamanda, şərəf
günü olan 20 Yanvar qətliamının
ildönümü ilə bağlı anım mərasimi
keçirilmişdir.
Mərasimə
toplaşan diaspor təmsilçilərimiz, qardaş ölkədə
yaşayan soydaşlarımız, tələbə və
müdavimlər, kütləvi informasiya vasitələrinin
nümayəndələri şəhidlərimizin əziz xatirəsini
bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycanın
və Türkiyənin dövlət himnləri səslənmişdir.
Azərbaycanın
İstanbuldakı baş konsulu Həsən Zeynalov 20 Yanvar qətliamının
səbəbləri, həmin ağır dövrdə
xalqımızın azadlıq mübarizəsindən və
M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin ermənipərəst
siyasətindən ətraflı bəhs etmişdir. O
bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda dinc əhaliyə divan tutan
sovet qoşunları 150-yə yaxın insanı
amansızlıqla qətlə yetirmiş, 700-dən çox
şəhər sakini yaralanmışdır. Həmin faciəli
günlərdə xalqımızın ümummilli lideri Heydər
Əliyev Moskvadakı daimi nümayəndəliyə gəlmiş,
bu qətliamın günahkarlarını pisləyən bəyanat
vermişdir. Qanlı Yanvar faciəsinə hüquqi və
siyasi qiymət də məhz ulu öndərin səyləri ilə
verilmişdir.
Mərasimdə
çıxış edən Yıldız Texniki Universitetinin
professoru Adil Allahverdiyev, diplomat Mikayıl Yusifov, hərbçi
Elçin Məmmədov, tələbə Rəşad
Abdullayev və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
sədri Səfər Qaraqoyunlu bildirmişlər ki, 20 Yanvar
faciəsi, Xocalı soyqırımı və digər qətliamlar
bütün türk dünyasına qarşı törədilmiş
cinayətlərdir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın
tarixində milli azadlıq mübarizəsinin şanlı səhifəsi
kimi qalacaqdır.
Sonra
mərasim iştirakçıları 20 Yanvar qətliamını
əks etdirən fotosərgi ilə tanış olmuş, sənədli
filmə baxmışlar.
Pakistan
Azərbaycanın
Pakistandakı səfirliyi bu ölkənin Milli Kitabxanasında
Pakistan Sülh və Demokratiya İnstitutu ilə birlikdə
"20 Yanvar ümumxalq hüzn günüdür" adlı
seminar keçirmişdir.
Tədbirdə
Pakistanın tanınmış ictimai-siyasi xadimləri,
aparıcı universitetlərin rəhbərləri,
professor-müəllim heyəti, kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarov 1990-cı il
yanvarın 20-də baş vermiş hadisələr haqqında
geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, o qanlı
gecədə sovet qoşunları Bakıda dinc insanlara
qarşı qəddarlıq göstərmiş,
günahsız qanlar tökmüşdür. Həmin gün
xalqımız böyük faciə ilə üzləşsə
də, Vətənə sədaqətini, müstəqillik
uğrunda mübarizliyini bütün dünyaya sübut
etmişdir.
D.Şikarov
bildirmişdir ki, hadisədən bir gün sonra xalqımızın
böyük oğlu, ümummilli lider Heydər Əliyev təzyiq
və təqiblərə baxmayaraq, Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gedərək bu
aksiyanı qəti pisləmiş, günahkarların cəzalandırılmasını
tələb etmişdir. Səfir yanvar hadisələrinin Azərbaycanın
müasir tarixində dönüş nöqtəsi olduğunu
bildirmiş, bu günün bütün dünya azərbaycanlıları
tərəfindən əziz tutulduğunu və Prezident Heydər
Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına "20
Yanvar şəhidi" fəxri adının verildiyini
vurğulamışdır.
Tanınmış
jurnalist, Beynəlxalq Mədəni Əlaqələr
İnstitutunun direktoru Rana Athar Caved
çıxışında sovet ordusunun Bakıda törətdiyi
vəhşiliklər haqqında
konkret faktlar gətirmiş, şəhidlərin dəfn
mərasiminə bir milyondan çox insanın
qatıldığını, bu qanunsuz aksiyaya etiraz əlaməti
olaraq bütün Azərbaycan xalqının 40 gün ərzində
SSRİ rəhbərliyinə itaətsizlik göstərdiyini
vurğulamışdır.
Preston
Universitetinin professoru Sohail Ahmad keçmiş SSRİ rəhbərliyinin
20 Yanvar qırğınını törətməklə Azərbaycan
xalqının azadlıq arzusunu boğmağa
çalışdığını, amma buna nail ola bilmədiyini
vurğulamışdır. O, Ermənistanın Azərbaycana
torpaq iddialarından söz açaraq, həyata keçirilən
etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan 300 minə yaxın
azərbaycanlının zorla qovulduğunu bildirmişdir.
S.Ahmad 20 Yanvar faciəsini dövlət terrorizmi
adlandırmış, hadisələrdə əli olanların
cinayət məsuliyyətinə cəlb edilməsinin
vacibliyini vurğulamışdır.
Daha
sonra Bari İmam məscidində 20 Yanvar şəhidlərinin
ruhuna ehsan verilmişdir.
Qeyd
edək ki, "Pakistan Observer ", "Election Times" qəzetlərində,
"Centreline" jurnalında, "DNA", "Pakistan in the
world " informasiya agentliklərində 20 Yanvar qətliamı
ilə bağlı məqalələr dərc olunmuş,
"Kapital" televiziya kanalında sənədli film
nümayiş etdirilmişdir.
Məqalələrdə
xalqımıza qarşı törədilmiş cinayətdən
ətraflı bəhs olunmuş, hadisənin tariximizin faciəli,
eyni zamanda, şərəfli səhifəsi olduğu
oxucuların diqqətinə
çatdırılmışdır.
Fransa
Azərbaycan
xalqının azadlıq salnaməsində əbədi iz
buraxan 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizdə
və dünyanın müxtəlif guşələrində
olduğu kimi, Parisdə də anılmışdır.
Qanlı
Yanvar faciəsi ilə bağlı keçirilən tədbirdən
əvvəl Parisin Sən Klu qəbiristanlığında
uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin ilk parlamentinin sədri
Əlimərdan bəy Topçubaşovun və "Azərbaycan"
qəzetinin redaktoru Ceyhun Hacıbəylinin məzarları
önünə Azərbaycan səfirliyi adından əklillər
qoyulmuş və xatirələri bir dəqiqəlik sükutla
yad edilmişdir.
Tədbirdə
çıxış edən səfir Elçin Əmirbəyov
Əlimərdan bəy Topçubaşovun məzarı
qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinin
anılmasının heç də təsadüf
olmadığını demişdir. Şərqdə ilk
demokratik quruluşlu Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən
biri, ilk parlamentin sədri Əlimərdan bəy
Topçubaşovun və digərlərinin o dövrdə Azərbaycanın
müstəqillik əldə etməsi arzusu ilə yaşadıqlarını və
bu yolda yorulmadan mübarizə apardıqlarını
xatırlatmışdır.
İstiqlal
yolunun çətinliyini, AXC-nin 23 ay
yaşadığını və bolşeviklərin Azərbaycanı
zəbt etmələri nəticəsində
qanlar bahasına əldə edilən müstəqilliyə son
qoyulduğunu diqqətə çatdıran səfir yalnız
70 ildən sonra ölkəmizin müstəqilliyinin bərpa
edildiyini bildirmişdir.
E.Əmirbəyov
keçmiş sovet məkanında Azərbaycanın nadir
respublikalardan biri kimi müstəqilliyini qanı bahasına
yenidən əldə etdiyini vurğulayaraq qeyd etmişdir ki,
xalqımız əzmkarlığını itirməmiş,
illər boyu müstəqillik arzusu ilə
yaşamışdır.
Səfir
qeyd etmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan
xalqının öz müstəqilliyindən
heç zaman geri çəkilməməsinin bariz nümunəsidir.
Bir tərəfdən 20 Yanvar faciəli hadisədirsə, digər
tərəfdən bu, xalqımızın qəhrəmanlıq
səhifəsidir. Azərbaycanın azadlığı naminə
həyatlarını qurban verərək şəhidlik zirvəsinə
yüksələn insanlar əmin idilər ki, ölkəmiz
öz müstəqilliyini bərpa edəcəkdir. Qanlı 20
Yanvardan 24 il keçəndən sonra Azərbaycan nəinki
öz müstəqilliyini qoruyub saxlaya bilmiş, hətta
qüdrətli bir dövlət olmuşdur.
Azərbaycan
tarixinin qanlı səhifələrindən birini təşkil
edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı
qiymət verilməməsini xatırladan səfir ölkəmizə
qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə
zamanı ümummilli lider Heydər Əliyevin çətinliklərə
və təhlükələrə baxmayaraq, Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gələrək faciəyə
mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet
rəhbərlərinin hərəkətini kəskin şəkildə
pislədiyini diqqətə çatdırmışdır.
E.Əmirbəyov
vurğulamışdır ki, məhz ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü ilin
fevral ayında Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə
siyasi qiymət verilmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışan səfir hələlik həllini tapmayan bu məsələnin
xalqımız üçün ən ağrılı problem
olduğunu qeyd etmişdir. O, işğal altındakı
torpaqlarımızın ulu öndərin layiqli
davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti
nəticəsində yaxın vaxtlarda azad olunacağına əminliyini
bildirmişdir.
Tədbirdə
səfirliyin və Azərbaycanın UNESCO yanındakı daimi
nümayəndəliyinin əməkdaşları, diasporun təmsilçiləri
iştirak etmişlər.
Sonda
səfirlikdə şəhidlərin xatirəsinə ehsan
verilmişdir.
Almaniya
Azərbaycan
Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR)
səfirliyində 20 Yanvar faciəsinin 24-cü
ildönümü ilə əlaqədar tədbir
keçirilmişdir.
Almaniya
Bundestaqı deputatlarının, bu ölkənin siyasi və mədəniyyət
xadimlərinin, mətbuat nümayəndələrinin, xarici
ölkə diplomatlarının və Azərbaycan diasporu
üzvlərinin qatıldıqları tədbiri Azərbaycanın
AFR-dəki səfiri Pərviz Şahbazov
açmışdır.
Hadisələr
zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir tədbir
iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat
vermişdir.
P.Şahbazov
bildirmişdir ki, sovet hakimiyyəti tərəfindən Azərbaycan
xalqının azadlıq ideallarını beşiyindəcə
boğmaq məqsədilə törədilmiş bu qanlı
cinayət xalqımızı müstəqillik yolundan döndərməyi
bacarmamışdır. Səfir ümummilli lider Heydər Əliyevin
qanlı qırğından dərhal sonra Moskvada 20 Yanvar faciəsi
üçün məsuliyyət daşıyan sovet dövlətinin
rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda
siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə
hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə
çatdırmışdır.
Səfir
eyni zamanda, təəssüflə qeyd etmişdir ki, hadisələr
baş verən zaman Azərbaycan informasiya blokadasında
olduğu üçün dünya, o cümlədən
Almaniya KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim
olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini
verməmişdir.
Daha
sonra Berlin Humbolt Universitetinin Azərbaycan tarixi
kafedrasının müdiri, professor Eva Maria Aux 20 Yanvar hadisələrinin
tarixi haqqında məruzə ilə çıxış
etmişdir. O zamankı hadisələri dərindən təhlil
edən professor Eva Maria Aux Ermənistanda və Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara
qarşı törədilmiş etnik təmizləmə və
qətliamlara da toxunmuş, 20 Yanvar faciəsini törətmiş
sovet hökuməti və onun rəhbəri Mixail Qorbaçovu
erməni separatçılığına şərait
yaratmaqda ittiham etmişdir.
Tədbirin
rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı
musiqiçilər Tamilla Quliyeva və Anar İbrahimovun
ifasında Azərbaycan və Qərb bəstəkarlarının
əsərlərindən ibarət anma konserti səsləndirilmişdir.
Eyni zamanda, 20 Yanvar faciəsindən bəhs edən tarixi
fotoşəkillərdən ibarət sərgi, həmçinin
müxtəlif əyani vəsaitlər tədbir
iştirakçılarına təqdim olunmuşdur.
Kolumbiya
Kolumbiya
Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan
Respublikasının Meksika Birləşmiş Ştatları və
eyni zamanda, Kolumbiya Respublikasındakı səfirliyinə
ünvanlanmış notada "1990-cı ilin 20 yanvar tarixində
Azərbaycanda sovet qoşunları tərəfindən törədilmiş
və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə
əlaqədar Azərbaycan xalqı ilə həmrəylik
nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə
müvəffəqiyyətlə nəticələnən
öz müqəddəratını təyin etmə və
suverenlik uğrunda mübarizəsinin tanındığı
bildirilmişdir.
Bu barədə AzərTAc-a Azərbaycan
Respublikasının Meksika Birləşmiş
Ştatlarındakı səfirliyindən məlumat
verilmişdir.
Hollandiya
Azadlığa
gedən yol şəhidlikdən başlayır. Bu fikri
tariximizin yaddaşında əbədi iz salan qanlı 20
Yanvarla bağlı Hollandiyada keçirilən anım mərasimində
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri
Sahil Qasımov söyləmişdir.
Sahil
Qasımov bildirmişdir ki, dağılmaqda olan sovet
imperiyası Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizəsini boğmaq üçün
yanvarın 20-də Bakıya qoşun yeridərək
silahsız və dinc əhaliyə qarşı əsrin
görünməmiş qırğınını törətmişdir.
Sovet ordusunun əsgərləri əhaliyə divan tutmuş,
günahsız insanları amansızlıqla qətlə
yetirmişdir. Müdhiş gecədə yüzlərlə azərbaycanlı
yaralanmış və itkin düşmüşdür. Bu
ağlasığmaz vəhşiliyə baxmayaraq, onlar
xalqın müstəqillik və azadlıq iradəsini qıra
bilməmişlər. Həmin gün yüzlərlə insan
bugünkü müstəqilliyimiz, azadlığımız
yolunda şəhid olmuşdur.
Bildirilmişdir
ki, 24 il bundan əvvəl şəhidlik zirvəsinə ucalanlar
xalqımız tərəfindən unudulmamışdır, hər
il yanvarın 20-də onların xatirəsi anılır.
Diqqətə
çatdırılmışdır ki, qanlı faciədən
sonra müstəqilliyini bərpa edən Azərbaycan
ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və
təcrübəsi sayəsində qısa bir vaxtda inkişaf
yoluna qədəm qoymuşdur. Ulu öndərin daxili və
xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə
nüfuzu daha da artmış, ölkəmiz Cənubi Qafqaz
regionunda lider dövlətə çevrilmişdir.
Dünyanın aparıcı dövlətləri
iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanla
hesablaşır. Azərbaycan bu gün öz sözünü
deyən qüdrətli bir dövlət olmuşdur. Xarici
dövlətlərdə yaşayan bütün
soydaşlarımız Azərbaycanın gündən-günə
çiçəklənməsindən, iqtisadi cəhətdən
qüdrətli ölkə olmasından qürur hissi
keçirir.
Anım
mərasimində Azərbaycanın Hollandiyadakı səfirliyinin əməkdaşları, diaspor təşkilatlarının
nümayəndələri, tələbələr, jurnalistlər
iştirak etmişlər.
Rumıniya
Yanvarın
20-də Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən
Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar
anım mərasimi keçirilmişdir.
Tədbirdə
Heydər Əliyev Fondunun, ARDNŞ-nin Rumıniyadakı
nümayəndəliyinin əməkdaşları,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və
idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət
və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan
Sənaye və Ticarət Palatasının təmsilçiləri,
Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar,
azərbaycansevər rumınlar, türk-tatar icmalarının
nümayəndələri iştirak etmişlər.
Tədbirdən
əvvəl iştirakçılar 20 Yanvar faciəsini əks
etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir.
Azərbaycanın
Rumıniyadakı səfirliyinin üçüncü katibi
Tehran Şükürov 1990-cı il yanvarın 20-də sovet
silahlı qüvvələrinin xalqımıza qarşı
törətdiyi qətliam barədə söhbət
açmış, öz konstitusiya hüquqlarının bərqərar
edilməsini tələb edən dinc və silahsız əhalinin,
azadlığı, müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizə aparan Vətən
övladlarının vəhşicəsinə gülləbaran
edildiyini diqqətə çatdırmışdır. Bu faciə
zamanı 147 nəfərin qətlə yetirildiyi və 700-dən
artıq insanın müxtəlif dərəcəli yaralar
aldığı qeyd edilmişdir. Həmin hadisələrə
ilk dəfə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin siyasi-hüquqi qiymət verdiyi
bildirilmişdir. O, ulu öndərin 1990-cı il yanvarın
21-də Azərbaycanın Moskva şəhərindəki
nümayəndəliyinə gələrək sovet rəhbərliyinə
qarşı açıq etiraz etdiyini
vurğulamışdır.
Tədbirdə
çıxış edən Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev
Azərbaycan xalqının həmin gün öz qəhrəmanlığını,
torpağa, Vətənə sədaqətini, azadlıq
uğrunda mübarizə əzmini bütün dünyaya bir
daha bəyan etdiyini bildirmişdir. Ümummilli liderin faciəni
törədənlərin cinayət məsuliyyətinə cəlb
olunmasını tələb etməsi, hərbçilərin
dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa
qarşı törədilmiş tarixi cinayətə
qarşı kəskin münasibət bildirməsi tədbir
iştirakçılarının nəzərinə
çatdırmışdır. İ.Hacıyev 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin
yenidən hakimiyyətə qayıtmasından sonra verildiyini
vurğulamışdır.
Sonra
mərasim iştirakçıları "İmperiya ilə
toqquşma" sənədli filminə baxmışlar.
Tədbirdən
sonra ARDNŞ-nin Rumıniya nümayəndəliyi tərəfindən
20 Yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş ehsan verilmişdir.
Faciənin
səbəblərini və nəticələrini özündə
əks etdirən pres-reliz Rumıniyadakı səfirliklərə
və beynəlxalq təşkilatların nümayəndəliklərinə,
nazirliklərə və digər dövlət qurumlarına,
qeyri-hökumət təşkilatlarına göndərilmişdir.
Rumıniya mətbuatında 20 Yanvar faciəsi ilə
bağlı məqalələr dərc edilmişdir.
İran
Azərbaycanın
İrandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü
ildönümü ilə əlaqədar anım mərasimi təşkil
edilmişdir. Mərasimdə İranın dövlət və
hökumət rəsmiləri, Tehrandakı diplomatik korpusun və
beynəlxalq təşkilatların nümayəndələri,
şəhər ictimaiyyətinin təmsilçiləri, bu
ölkədə təhsil alan azərbaycanlı və xarici tələbələr
iştirak etmişlər.
Əvvəlcə
şəhidlərimizin ruhuna dualar oxunmuş, faciədən bəhs
edən sənədli film nümayiş etdirilmişdir.
Mərasimdə
çıxış edən Azərbaycanın İrandakı
səfiri Cavanşir Axundov 20 Yanvar faciəsinin səbəbləri
və ağır nəticələri barədə ətraflı
məlumat verərək bildirmişdir ki, bu hərbi cinayətin
törədilməsində məqsəd Azərbaycan
xalqının mübarizə əzmini qırmaq olmuşdur.
Lakin hərbi təcavüzün ağır fəsadlarına
baxmayaraq, Azərbaycan xalqı amansız düşmənə
boyun əyməmiş, mübarizə əzmini daha da gücləndirmişdir.
Səfir
vurğulamışdır ki, 20 Yanvar faciəsinin Azərbaycan
xalqının milli azadlıq təfəkkürünün
formalaşmasında xüsusi yeri vardır. Sovet
İttifaqının digər respublikalarında da müstəqillik
hərəkatlarını boğmaq üçün SSRİ rəhbərliyi
tərəfindən cinayətlər törədildiyini diqqətə
çatdıran səfir bildirmişdir ki, 20 Yanvar hadisələri
müxtəlif təxribat yolları ilə
hazırlanmış və Azərbaycan xalqına qarşı
xüsusi amansızlıq nümayiş etdirilmişdir.
C.Axundov
qeyd etmişdir ki, o zaman Bakıda baş verənlərin
dünyadan gizlədilməsi üçün sovet rejiminin
göstərdiyi səylərə - Azərbaycan dövlət
televiziyasının enerji blokunun partladılması, fövqəladə
vəziyyətin tətbiq edilməsi səbəbindən
ölkədə nəşr olunan azsaylı qəzetlərin
bütün materiallarının hərbi senzuradan keçirilməsinə
və s. maneələrə rəğmən, 20 Yanvar faciəsini
əks etdirən məlumat və fotoşəkillər
xalqımız tərəfindən dünyaya
çatdırılmış və bütün dünya Azərbaycan
xalqının milli azadlıq hərəkatında verdiyi
qurbanlardan xəbər tutmuşdur.
O
dövrdə Moskvada güclü nəzarət və təzyiq
altında olan Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin hadisədən dərhal sonra özünün və
ailə üzvlərinin həyatını təhlükəyə
ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gəlməsi barədə məlumat verən səfir
bildirmişdir ki, ulu öndərimiz orada dünyanın
nüfuzlu kütləvi informasiya vasitələri
üçün mətbuat konfransı keçirərək
baş verən qanlı hadisələrə kəskin etiraz
etmiş, cinayəti törədənləri şiddətlə
qınamış, cinayətkarların cəzalandırılması
tələbi ilə çıxış etmişdir.
Həmin
dövrdə İranın Bakıdakı səfirliyində
çalışmış, hazırda bu ölkənin Xarici
İşlər Nazirliyinin MDB ölkələri üzrə
3-cü idarəsinin rəis müavini işləyən
Bağban Kondori, Ekologiya Nazirliyinin müşaviri, Dünya Dinlər
Araşdırma Mərkəzinin üzvü, səfir Əli Əşrəf
Moctəhed Şəbüstəri, Tehran Universitetində fars ədəbiyyatı
üzrə doktorant, Seneqaldan olan Mamadu Seydi Lamine və
başqaları 20 Yanvar faciəsi barədə fikirlərini
bölüşmüşlər.
Keçmiş
SSRİ-nin terror və qorxu tətbiq etməklə qurulmuş
dövlət olduğunu diqqətə çatdıran Ə.Şəbüstəri
sovetlər birliyinin məhz ədalətsiz və zülmkar
quruluş olduğu üçün süquta
uğradığını qeyd etmiş, bütün bu proseslərin
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi,
öz istiqlaliyyətini qazanması ilə nəticələndiyini
bildirmişdir. O, tarixdə baş vermiş 20 Yanvar kimi faciələrin
heç zaman unudulmaması, onlardan dərs öyrənilməsinin
vacibliyini vurğulamışdır.
Tələbə
M.Lamine oxuduğu təhsil ocağında tanış
olduğu azərbaycanlı tələbələrdən Azərbaycanın
öz müstəqilliyini bərpa etmək uğrunda
mübarizənin heç də asan olmadığını,
bu yolda çoxsaylı qurbanlar verildiyini və xüsusilə,
20 Yanvar faciəsinin dəhşətləri haqqında
eşitdiyini söyləmişdir. M.Lamine Qanlı Yanvar faciəsinin
nə olduğunu ətraflı öyrənmək
üçün kitab, jurnal, qəzet materialları ilə
tanış olduğunu və gördüklərindən dəhşətə
gəldiyini söyləmişdir. Çıxışlarda xüsusi
olaraq qeyd olunmuşdur ki, 1990-cı ilin 20 Yanvar hadisələri
Azərbaycanın müasir tarixində ölkənin
azadlığı, müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi
kimi qalacaqdır. Səfirlik tərəfindən yerli KİV-lərə
Azərbaycan, fars və ingilis dillərində
hazırlanmış pres-relizlər göndərilmişdir. İştirakçılar 20 Yanvar
faciəsinin dəhşətlərini əks etdirən kitab,
jurnal, buklet və qəzetlərdən ibarət guşə ilə
tanış olmuşlar.
Qazaxıstan
Azərbaycan
Respublikasının Qazaxıstandakı səfirliyi yanvarın
20-də L.Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetində
şəhidlərin xatirəsinə həsr edilmiş anım
mərasimi keçirmişdir.
Tədbirdə
ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatının
nümayəndələri və diasporumuzun fəalları
iştirak etmişlər. Əvvəlcə şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,
"Qurani-Kərim"dən surə oxunmuşdur.
Mərasimdə
çıxış edən səfirliyin müşaviri
Şahin Əhmədov xalqımızın tarixində ən
qanlı səhifələrdən biri olan 20 Yanvar faciəsinin
səbəb və nəticələrindən
danışmışdır. Keçmiş SSRİ-nin
süqutu ərəfəsində respublikamıza rəhbərlik
edən şəxslərin xalqımızın azadlıq
arzularına qarşı çıxdıqlarını diqqətə
çatdıran diplomat demişdir ki, ümummilli lider Heydər
Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək bu hərbi cinayətə kəskin
etirazını bildirmiş, günahkarların cəzalandırılmasını
tələb etmişdir.
Diplomat
bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin
Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin
adları rəsmi şəkildə açıqlanmış,
hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Şahin Əhmədov Vətənin azadlığı
uğrunda canından keçən şəhidlərimizin
xatirəsinin hər zaman uca tutulacağını və bu faciənin
günahkarlarının cəzalandırılacağına əmin
olduğunu vurğulamışdır.
Qazaxıstan
Azərbaycanlıları Mədəni Mərkəzləri
İttifaqının sədri Vidadi Salahov Qanlı Yanvar faciəsi
qurbanlarının xatirəsinin hər kəs
üçün əziz olduğunu qeyd edərək
demişdir: "Mən 20 Yanvarı Azərbaycan
xalqının faciə günü deyil, məhz qəhrəmanlıq
günü adlandırıram. Çünki xalq qalib gəldi
və müstəqillik qazandı. Buna görə də şəhidlər
qarşısında baş əyir və
düşünürəm ki, gənc nəsil bu qəhrəmanlıq
haqda daha ətraflı məlumatlandırılmalıdır.
"Nur-Otan"
partiyasının üzvü akademik Kazbek Kazkenov 20 Yanvar faciəsinin
Azərbaycan xalqının müstəqillik uğrunda
mübarizə tarixinin ən şərəfli səhifəsi
olduğunu bildirmişdir. Akademik qeyd etmişdir ki, bu yöndə
təbliğatı daha da gücləndirmək
lazımdır.
Qazaxıstanın
birinci prezidentinin muzeyinin direktor müavini Botaqöz Nainova
söz alaraq demişdir: "Qanlı Yanvar haqqında qəzet
və kitablardan oxumuşuq. Mən bu ağrılı günlərdən
mərdliklə çıxdığına görə Azərbaycan
xalqına minnətdaram. Bakıda olduğum zaman Şəhidlər
xiyabanını ziyarət edərkən cavan oğlan və
qızların məzarları önündən keçdikcə
ürəyim parçalanırdı. Şəhidlər
müstəqilliyin təməlini qoymuşdur. Heydər Əliyevin
səyləri nəticəsində faciə siyasi-hüquqi qiymətini
almışdır. Bütün maneələrə baxmayaraq
Heydər Əliyev baş verənləri dünya ictimaiyyətinə
çatdırmağa nail oldu.
Daha
sonra mərasimdə Qazaxıstan Azərbaycan
Assosiasiyasının prezidenti Asxat Şükürov, "Heydərçi
Gənclər" təşkilatının sədri Bəhruz
Axundov çıxış edərək şəhidlərin
müstəqillik uğrunda canlarından keçdiklərini
vurğulamış, Azərbaycan dövlətçiliyinin
daim qorunacağına, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüquq
normaları və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
ediləcəyinə əmin olduqlarını bildirmişlər.
Sonda
20 Yanvar hadisələrinin dəhşətlərini əks
etdirən fotoşəkillər və sənədli film
nümayiş olunmuşdur.
Belçika
Azərbaycanın
Belçikadakı səfirliyinin və Belçika-Cənubi
Qafqaz Tədris və Strateji Araşdırmalar Mərkəzinin
birgə təşkilatçılığı ilə 20
Yanvar faciəsinin 24-cü ildönümünə həsr
olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə
əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir
dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra
Azərbaycanın dövlət himni səsləndirilmiş və
Qanlı Yanvar hadisələrindən bəhs edən film
nümayiş etdirilmişdir.
Azərbaycanın
Belçikadakı səfiri Fuad İsgəndərov və NATO
yanında nümayəndəliyinin rəhbəri Xəzər
İbrahim mərasimdə çıxış edərək,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri,
bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri
barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, sovet ordusunun törətdiyi qanlı cinayət
keçmiş SSRİ-nin süqutunu sürətləndirmiş,
Azərbaycanda müstəqillik hərəkatının daha
geniş vüsət almasına şərait
yaratmışdır. Doğma Vətənin bugünkü
inkişafında o günlərin tarixi təcrübəsinin nəzərə
alınmasının xüsusi əhəmiyyət kəsb
etdiyi vurğulanmışdır.
Tədbirdə
digər çıxış edənlər, o cümlədən
Brüsseldə fəaliyyət göstərən
"CeCeForma" qeyri-hökumət təşkilatının
rəhbəri Mişel İvor 20 Yanvar şəhidlərinin Azərbaycanın
müstəqilliyi uğrunda canlarından keçdiklərini
qeyd etmiş, həmin hadisələrin müasir Azərbaycan
tarixində dönüş nöqtəsi olduğunu
bildirmişlər.
Mərasimdə
Belçikada yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının
təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı
tələbələr, səfirliyin və nümayəndəliyin
əməkdaşlarının ailə üzvləri
iştirak etmişlər.
Mərasim
Brüsseldə fəaliyyət göstərən türkdilli
media orqanları tərəfindən
işıqlandırılmışdır.
Səudiyyə
Ərəbistan
20 Yanvar hadisələrinin 24-cü
ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə
Ərəbistanı Krallığındakı səfirliyində
anma mərasimi keçirilmişdir.
Mərasim
Azərbaycanın azadlığı uğrunda şəhid
olmuş insanların xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri
səfir Rasim Rzayev açaraq, 1990-cı ilin 20 Yanvar tarixində
sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş
faciə və azadlığı uğrunda küçələrə
çıxmış dinc sakinlərə qarşı törədilmiş
qırğın haqqında geniş məlumat vermiş, bu
faciənin insanlığa qarşı cinayət olduğunu
qeyd etmişdir
Bildirilmişdir
ki, böyük itkilər, günahsız insanların qətli
ilə nəticələnmiş 20 Yanvar faciəsi cinayətkar
sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı
xəyanətkar siyasətinin nəticəsi idi. Qətliamda
şəhid olanlar və yaralananlar arasında azyaşlı
uşaqların və qadınların olduğu, əhaliyə
qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi
vurğulamışdır.
R.Rzayev
baş vermiş faciədən dərhal sonra ümummilli lider
Heydər Əliyevin Moskvada Azərbaycanın nümayəndəliyinə
gələrək ilk dəfə bu hadisəni törədən
cinayətkarların adlarını açıq şəkildə
bəyan etdiyini xatırlatmış, ölkəmizin rəhbərliyi
tərəfindən 20 Yanvar şəhidlərinin ailələri
üçün müvafiq təqaüdlərin
ayrılmasının, onlara xüsusi qayğı və diqqət
göstərilməsinin əhəmiyyətindən söhbət
açmışdır. 20 Yanvar hadisəsinin
xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini
bildirmişdir.
Sonra
hadisə haqqında "Azadlığa gedən yollar"
adlı sənədli film nümayiş edilmişdir.
Tədbir
iştirakçıları 1990-cı ilin 20 Yanvarında
Bakıda baş vermiş faciəni əks etdirən foto-sərgiyə
baxmış, "İRS" jurnalının xüsusi
buraxılışı ilə tanış olmuşlar.
20
Yanvar - Şəhidlərin xatirə günü ilə əlaqədar
səfirlik tərəfdən hazırlanmış press-reliz,
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə
Müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanının
Xarici İşlər Nazirliyinə, Ər-Riyad şəhərində
yerləşən diplomatik missiyalara və Ciddə şəhərində
fəaliyyət göstərən İslam Əməkdaşlıq
Təşkilatına göndərilmişdir.
Türkmənistan
Azərbaycanın
Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin
24-cü ildönümü ilə əlaqədar anım mərasimi
keçirilmişdir.
Tədbirdə
Türkmənistanda yaşayan həmvətənlərimiz,
ictimai və yaradıcılıq birliklərinin üzvləri,
ziyalılar, iş adamları və səfirliyin əməkdaşları
iştirak etmişlər.
Anım
mərasimi Azərbaycanın azadlığı uğrunda
şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlamışdır.
Səfir
Vəhdət Sultanzadə 1990-cı il yanvarın 20-də Azərbaycanda
azadlıq uğrunda küçələrə
çıxmış insanlara və dinc sakinlərə
qarşı sovet ordusu tərəfindən zirehli texnika və
müasir silahlar vasitəsilə törədilmiş cinayətlər
haqqında məlumat vermiş və bu faciənin Azərbaycan
tarixində xalqımızın yenilməzliyini, ölkənin
azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda mübarizə əzmini
nümayiş etdirən qəhrəmanlıq səhifəsi
olduğunu bildirmişdir.
Diplomat
ümummilli lider Heydər Əliyevin Moskva şəhərində
Azərbaycan nümayəndəliyinə gələrək və
ilk dəfə bu hadisəni törədən cinayətkarların
adlarını açıq şəkildə bəyan edərək,
onların cəzalandırılması tələbi ilə
çıxış etdiyini vurğulamışdır.
Səfir,
həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
20 Yanvar şəhidlərinin ailələri üçün
müvafiq təqaüdlərin ayrılmasının və
onlara xüsusi qayğı və diqqət göstərməsinin
əhəmiyyətindən söhbət açmış, 20
Yanvar faciəsinin xalqımızın yaddaşından
heç vaxt silinməyəcəyini qeyd etmişdir.
V.Sultanzadə
ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü
və tapşırığı ilə 20 Yanvar və Azərbaycan
xalqının üzləşdiyi digər qanlı faciələrə
həsr olunmuş bir çox sənədlərin nəşr
edildiyini, məhz ulu öndərin rəhbərliyi
dövründə bu hadisəyə siyasi-hüquqi qiymət
verildiyini diqqətə çatdırmışdır. O,
hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən davam etdirildiyini, xalqımızın
üzləşdiyi faciələr barədə Azərbaycan
Hökuməti və Heydər Əliyev Fondu tərəfindən
bir çox sənədli materialların
hazırlandığını bildirmişdir.
Mərasim
iştirakçıları 20 Yanvar hadisələri ilə
bağlı sənədli filmə baxmışlar.
Gürcüstan
Tbilisi
şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət
Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinin anım
mərasimi keçirilmişdir. Azərbaycan və
gürcü ictimaiyyətinin nümayəndələrinin
iştirakı ilə keçirilmiş tədbiri muzeyin
direktoru Leyla Əliyeva açmış, şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın
Gürcüstandakı səfiri Azər Hüseyn tədbir
iştirakçılarına faciənin səbəb və nəticələri
barədə ətraflı məlumat vermişdir.
Muzeydə,
həmçinin 20 Yanvar qətliamına həsr olunmuş
fotolar və kitablar nümayiş etdirilmiş, Azərbaycan
ombudsmanının faciənin 24-cü ildönümü ilə
əlaqədar bəyanatının mətni
iştirakçılara paylanmışdır.
Sonra
9 aprel şəhidlərinin Tbilisidəki abidəsi
önünə Azərbaycan səfirliyi adından əklil
qoyulmuşdur. Mərasimdə Gürcüstan parlamentinin
vitse-spikeri Zurab Abaşidze, deputatlar, Azərbaycanın
Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin
əməkdaşları, ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Zurab
Abaşidze AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində
demişdir: "Azərbaycan xalqının böyük kədərinə
şərikəm və bu kədər bizim ümumi
ağrımızdır. 1990-cı il yanvarın 20-də
Bakıda, 1989-cu il aprelin 9-da isə Tbilisidə sovet imperiyası
müstəqilliyini tələb edən dinc əhalinin üzərinə
qoşun yeridib divan tutdu, çoxlu sayda şəhid
verdik".
Vitse-spiker
əmin olduğunu bildirmişdir ki, müstəqil ölkələrimiz
daha da çiçəklənəcək və bir daha belə
faciələrə yol verilməyəcəkdir.
Abxaziya
Muxtar Respublikası hökuməti sədrinin vəzifəsini
icra edən Vaxtanq Kolbaya bildirmişdir ki, faciə milliyyət,
sərhəd bilmir, yeganə odur ki, o, ağrı gətirir.
Ötən əsrin sonlarında Azərbaycan və
gürcü xalqları bu ağrıya məruz
qalmışlar. Ümidvaram ki, xalqlarımız bu
ağrıları bir daha yaşamayacaqlar. Biz bölgənin
qlobal təhlükəsizliyinin təmin olunmasında səylərimizi
birləşdirməliyik.
Gürcüstan
parlamentinin deputatı Mahir Dərziyev demişdir ki, sovet
imperiyasının çoxillik əsarətinə
qarşı ayağa qalxmış xalqımız şəhidlər
verdi. Artıq 24 ildir yanvarın 20-də Gürcüstanda da
şəhidlərin xatirəsi anılır, ehsan süfrələri
açılır, onların ruhuna dualar oxunur. Deputat qeyd
etmişdir ki, Azərbaycan dövləti şəhid qanı
hesabına qazanılmış müstəqilliyin daimi və
dönməz olması üçün uğurlu siyasət
yeridir. O əmin olduğunu bildirmişdir ki, Azərbaycanın
və Gürcüstanın ərazi bütövlüyü
tezliklə bərpa olunacaqdır.
İsveç
Azərbaycan
Respublikasının İsveç Krallığındakı səfirliyinin
və İsveç-Azərbaycan Kültür Cəmiyyətinin
təşkilatçılığı ilə 20 Yanvar faciəsinin
24-cü ildönümü münasibətilə anma mərasimi
keçirilmişdir.
Azərbaycan
Respublikasının İsveç Krallığındakı səfirliyindən
bildirmişlər ki, mərasim xalqımızın
azadlığı uğrunda şəhid olmuş insanların
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlanmışdır.
Səfir
Adış Məmmədov tədbiri açaraq 20 Yanvar hadisələri
ilə bağlı geniş məlumat vermiş, bu faciənin
təkcə Azərbaycan xalqına deyil, bütövlükdə
insanlığa qarşı törədilmiş cinayət
olduğunu bildirmişdir. Sovet imperiyasının rəhbərliyinin
Azərbaycana qarşı xəyanətkar siyasətindən
danışan səfir, Azərbaycan xalqının
hüquqlarını müdafiə etdiyini, xalqın bir nəfər
kimi ayağa qalxaraq xəyanətkar siyasətin
qarşısında dayandığını bildirmişdir.
Sovet
rəhbərliyinin birbaşa göstərişi ilə
Bakıya yeridilmiş ağır hərbi texnika və
qoşun hissələrinin, sözün həqiqi mənasında,
qətliam törətdiyini bildirən səfir həmin gecə
azyaşlı uşaqların, qadınların, hətta tibb
işçilərinin şəhid edildiyini diqqətə
çatdırmışdır.
Səfir
A.Məmmədov faciədən sonra dünya ictimaiyyətinin
bu qətliamdan xəbər tutmaması üçün Azərbaycanın
informasiya blokadasına alındığını qeyd edərək,
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin
informasiya blokadasını yararaq dünya xalqlarına
müraciət etdiyini, Azərbaycanda törədilən vəhşiliklər
haqqında məlumat verdiyini bildirmişdir.
20
Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq
mübarizəsində önəmli rol
oynadığını bildirən səfir şəhidlərin
xatirəsinin yaddaşımızda əbədi
yaşayacağını qeyd etmişdir.
Tədbirdə
İsveç-Azərbaycan Kültür Cəmiyyətinin sədri
Səməd Fərtaş, "Odlar Yurdu" Təşkilatının
sədri Sevinc Bakılı və diaspor fəalı Leyla Kiani
çıxış edərək faciə ilə
bağlı fikirlərini bölüşmüşlər.
Sonra
faciədən bəhs edən "Azadlığa gedən
yol" adlı sənədli film nümayiş etdirilmişdir.
Bu tədbirlə
yanaşı, Azərbaycanın İsveçdəki səfirliyi
tərəfindən 20 Yanvar faciəsinin 24-cü
ildönümü münasibətilə mətbuat məlumatı
və hadisələrin əks olunduğu sənədli film
ingilis dilinə tərcümə edilərək Stokholmda
akkreditə olunan xarici ölkələrin səfirliklərinə,
İsveçin dövlət orqanlarına, universitetlərinə
və aparıcı qəzetlərinə göndərilmişdir.
Küveyt
Azərbaycanın
Küveytdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin
24-cü ildönümü münasibətilə bir sıra tədbirlər
keçirilmişdir. Səfirlikdə Küveytli müəllim,
elmi işçi və gənc ziyalılardan ibarət
qonaqların iştirakı ilə "dəyirmi masa" təşkil
olunmuşdur. Tədbir iştirakçılarına sovet
qoşunlarının Bakıda və Azərbaycanın digər
şəhərlərində dinc əhaliyə qarşı
törətdikləri vəhşiliklə bağlı
geniş məlumat verilmiş, ərəb dilində sənədli
film nümayiş etdirilmiş və şəhidlərimizin
ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra "dəyirmi
masa" iştirakçıları ilə fikir mübadiləsi
əsnasında o zaman Moskvada güclü nəzarət və
təzyiq altında olan Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin hadisədən dərhal sonra həyatını
təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gəlməsi, orada
dünyanın nüfuzlu kütləvi informasiya vasitələri
üçün mətbuat konfransı keçirərək
baş verən hadisəni şiddətlə qınaması,
cinayətkarların cəzalandırılması tələbi
ilə çıxış etməsi, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırması və
onları Azərbaycanın səsinə səs verməyə
çağırması xüsusi qeyd olunmuşdur. Tədbir
iştirakçılarına səfirlik tərəfindən ərəb
dilində nəşr etdirilmiş "Qanlı Yanvar faciəsi"
fotoalbomu, sənədli filmin yer aldığı disklər təqdim
olunmuşdur.
Qanlı
Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə
səfirlikdə Küveytdə yaşayan, işləyən həmvətənlərimizin
iştirakı ilə anma gecəsi keçirilmişdir. Həmçinin
sənədli film nümayiş etdirilmiş, faciəni
özündə əks etdirən fotoşəkillərdən
ibarət stendlər qurulmuşdur. Tədbir
iştirakçıları 20 Yanvar faciəsi ilə
bağlı öz xatirələrini
bölüşmüşlər. Küveytin nüfuzlu "Əl-Vasat"
qəzetində küveytli müəllim Abdulla Əl-Raşidin
qanlı faciəyə həsr olunmuş məqaləsi dərc
edilmişdir.
Tacikistan
Azərbaycanın
Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü
ildönümü ilə əlaqədar mərasim
keçirilmişdir.
Tədbirdə
Tacikistan parlamentinin deputatları, dövlət
strukturlarının nümayəndələri, elm və mədəniyyət
xadimləri, ali təhsil müəssisələrinin, həmçinin
Tacikistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin
rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər
iştirak etmişlər.
Səfirliyin
foyesində 20 Yanvar faciəsini əks etdirən fotostend
nümayiş etdirilmiş, iştirakçılara Azərbaycan,
rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar
toplusu paylanılmışdır.
20
Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Azərbaycanın
Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələrinin
səbəb və nəticələri haqqında ətraflı
məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvar
ayının 19-dan 20-nə keçən gecə sovet
silahlı qüvvələrinin çoxsaylı kontingenti
heç bir xəbərdarlıq edilmədən Bakıya
yeridilmişdi. İmperiya ordusu həmin gecə dinc əhaliyə
tank, pulemyot, avtomat və digər silahlardan atəş
açaraq yüzdən çox dinc insanı, o cümlədən
qadınları və uşaqları xüsusi qəddarlıqla
qətlə yetirmişdi. Öldürülənlər
arasında azərbaycanlılarla yanaşı, digər
xalqların nümayəndələri də olmuşdur.
Səfir
qeyd etmişdir ki, hadisə baş verən günün səhəri
xalqımızın ümummilli lideri Heydər Əliyev
özünün və ailə üzvlərinin həyatı
üçün yaranmış təhlükəyə
baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə
gəlmiş, Bakıda törədilmiş dövlət
terroruna, hərbi cinayətə etirazını bildirmişdi.
Beləliklə, dünya bu qanlı hadisələrdən xəbər
tutmuşdu.
Qazaxıstanın
Tacikistandakı səfirliyinin müşaviri İlyas Karsakov,
diasporumuzun üzvləri Amalya Hacıyeva, Mirzə Hüseynov,
Tacikistanın Xalq Artisti Xabibullo Abdurazakov, alim Məryəm
Davlatova və başqaları 20 Yanvar hadisələri
haqqında fikirlərini söyləmiş, faciəni törədənləri
ittiham etmişlər.
Sonra
20 Yanvar faciəsindən bəhs edən sənədli film
nümayiş olunmuşdur.
Qanlı
Yanvarla bağlı məlumatlar toplusu Tacikistanın dövlət
strukturlarına, səfirliklərə və beynəlxalq
nümayəndəliklərə, KİV-ə göndərilmişdir.
Bu məlumatlar Tacikistan mətbuatında geniş
işıqlandırılmışdır.
Liviya
Azərbaycanın
Liviyadakı səfirliyində Qanlı 20 Yanvar faciəsinin
24-cü ildönümü ilə əlaqədar anım mərasimi
keçirilmişdir. Bu barədə səfirlikdən AzərTAc-a
məlumat verilmişdir.
Səfir
Ağasəlim Şükürov mərasimdə
çıxış edərək bəşəriyyətə
qarşı törədilmiş ən ağır cinayətlərdən
biri olan 20 Yanvar faciəsinin səbəbləri və
günahkarları barədə danışmışdır.
O, 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də
qəhrəmanlıq səhifəsi olduğunu,
xalqımızın azadlıq uğrunda mübarizə əzminin
və yenilməz iradəsinin rəmzinə çevrildiyini
qeyd etmişdir. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin
verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində
ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək
qiymətləndirilmişdir.
A.Şükürov
bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini, 20 Yanvar şəhidlərinin ailələrinə
qayğı göstərildiyini bildirmişdir. O, sovet
qoşunlarının Azərbaycanda törətdiyi qanlı
qırğından uzun illər keçməsinə baxmayaraq,
xalqımızın 20 Yanvar hadisələrinin
ağrı-acısını unutmadığını, Azərbaycan
xalqının haqq səsinin dünya ictimaiyyətinə
çatdırılmasının hər bir azərbaycanlının
başlıca vəzifələrindən olduğunu
bildirmişdir.
Azərbaycanın
bütün sahələrdə uğurla inkişaf etdiyi,
ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiyi
və nüfuzunun artmaqda olduğu vurğulanmış, Azərbaycan
rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
istiqamətində səyləri barədə məlumat
verilmişdir.
Səfirliyin
ərəb və ingilis dillərində
hazırladığı pres-relizlər Liviya Ümummilli
Konqresinə, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyinə, aparıcı kütləvi informasiya vasitələrinə
göndərilmişdir. Həmin pres-relizlər
"İrs" jurnalının 2013-cü ildə ərəb
dilində nəşr edilmiş ikinci qış
buraxılışı ilə birgə ölkədəki
diplomatik nümayəndəliklərə, "Liviya" və
"Tadamun" informasiya agentliklərinə, Tripoli Strateji
Araşdırmalar və Liviya Arxiv və Tarixi
Araşdırmalar mərkəzlərinə, Misir, Tunis və Fələstin
Mədəniyyət mərkəzlərinə göndərilmişdir.
Liviyanın
aparıcı kütləvi informasiya vasitələrində 20
Yanvar faciəsi ilə bağlı məlumatların geniş
yayılması təmin edilmişdir. Səfirliyin ölkəmizin
tanıdılması məqsədilə Liviya vətəndaşları
ilə yaratdığı sıx əlaqələrin nəticəsi
olaraq yanvarın 15-də Zeyd Həmzə adlı Liviya vətəndaşı
"Libya əl-Vataniyyə" televiziya kanalında canlı
yayımlanan "İslam və Həyat" dini verilişinin
qonağı Liviya Keçid Hökuməti dövründə
Vəqflər və Dini məsələlər naziri vəzifəsində
çalışmış Həmzə Bufaris ilə telefon əlaqəsi
yaradaraq 20 Yanvar faciəsi barədə məlumat vermişdir.
Eyni zamanda Z.Həmzə 20 Yanvar faciəsinin 24-cü
ildönümünü ərəfəsində Liviyada faciə
qurbanlarının ruhuna dualar oxunmasını xahiş
etmişdir.
Səfirliyin
media nümayəndələri ilə keçirdiyi
çoxsaylı görüşlərin nəticəsi olaraq
20 Yanvar faciəsinin 24-cü ildönümü Liviyanın
aparıcı kütləvi informasiya vasitələrində
işıqlandırılmışdır. Yanvarın 18-də
"Tadamun" informasiya agentliyinin internet səhifəsində
"Azərbaycanlılar 20 Yanvar qırğınının
24-cü ildönümünü qeyd edirlər",
"Fevral" qəzetinin 19 yanvar tarixli nömrəsində
"20 Yanvar faciəsi... Azərbaycan xalqının birliyinin qarşısını
ala bilmədi", "Fəsəniyə" qəzetinin 19
yanvar tarixli nömrəsində "Azərbaycan:
Ağrılı 20 Yanvar faciəsinin 24-cü
ildönümü" sərlövhəli məqalələr
dərc olunmuşdur. Bununla yanaşı, yanvarın 19-da
"Libya" dövlət televiziya kanalında ərəb
dilində "Qanlı Yanvara aparan yol" sənədli filmi
nümayiş etdirilmişdir.
Xorvatiya
Azərbaycanın
Xorvatiyadakı səfirliyi 20 Yanvar faciəsinin 24-cü
ildönümünə həsr olunmuş tədbir
keçirmişdir.
Azərbaycanın
Xorvatiyadakı səfiri Kamil Xasıyev tədbirdə
çıxış edərək 20 Yanvar faciəsi barədə
məlumat vermiş, bu hadisənin xalqımızın müstəqillik
uğrunda mübarizəsində oynadığı roldan
danışmışdır. Səfir Bakıda dinc əhalinin
sovet qoşunları tərəfindən qətlə yetirilməsinə
baxmayaraq, bu hadisələrin xalqın mübarizə əzmini
qıra bilmədiyini, əksinə, daha da möhkəmləndirdiyini
vurğulamışdır. Məhz bu hadisələrin nəticəsi
olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa
etmişdir.
Azərbaycan
Respublikasının dövlət himni səsləndirildikdən
sonra mərasim iştirakçıları Şəhidlər
xiyabanını ümumxalq ziyarətini Zaqrebdən canlı
yayımla izləmişlər.
Səfirlik
tərəfindən 20 Yanvar faciəsi ilə bağlı
pres-reliz yayılmışdır. Matəmlə əlaqədar
olaraq, Azərbaycanın dövlət bayrağı yarıya qədər
endirilmişdir.
Litva
Litva
Seyminin Konstitusiya zalında 1990-cı ildə Bakıda və
1991-ci ildə Vilnüsdə törədilmiş faciəvi
Yanvar hadisələrinə həsr olunmuş anma tədbiri
keçirilmişdir.
Tədbir
Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycanın
Litvadakı Gənclər Təşkilatı (AYOL) və 13
yanvar Litvanın Müstəqilliyinin
Müdafiə Qardaşlığı Təşkilatı tərəfindən
təşkil olunmuşdur.
Tədbirdə
Litva Seyminin vitse-spikeri, deputatlar, ölkənin görkəmli
ictimai-siyasi xadimləri, hökumət üzvləri, Azərbaycanın
bu ölkədəki səfirliyinin, AYOL-un, Azərbaycan
diasporunun nümayəndələri, Litvanın ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələr
iştirak etmişlər.
Yanvar
şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir.
Tədbirin
iştirakçıları adından Antakalnis qəbiristanlığında
uyuyan müstəqillik fədailərinin məzarları üzərinə
tər çiçəklər düzülmüşdür.
Litva
Seyminin deputatı, Litva-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sədri Yuras Pojera anma tədbirini açaraq
demişdir ki, Bakıda və Vilnüsdə törədilmiş
faciələr SSRİ-nin digər respublikalarında sonrakı
tarixi hadisələrə təsir göstərmiş, kommunist
rejiminin süqutunu sürətləndirmişdir.
Yuras
Pajera Litva Seymində anma tədbirinin ikinci dəfə
keçirildiyini qeyd edərək demişdir ki, dövlətlərimizin
tarixi iki xalqı bir-birinə
yaxınlaşdırmışdır. Onlar tarixin belə kədərli
hadisələrinin təkrarlanmaması üçün
keçmişlərini unutmamalıdırlar.
Dağlıq
Qarabağ münaqişəsinə toxunan qrupun sədri Azərbaycan
ərazisinin 20 faizinin işğal altında olduğunu
toplaşanların diqqətinə çatdırmış və
qeyd etmişdir ki, bu torpaqlar geri qaytarılmalıdır.
Yuras
Pojela çıxışının sonunda bildirmişdir ki,
Litva Seymi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində Azərbaycan
xalqı ilə həmrəy olduğunu bildirir.
Azərbaycanın
Litvadakı səfiri Həsən Məmmədzadə
demişdir ki, bugünkü anma tədbiri Bakıda Qanlı
Yanvarın 24-cü ildönümünə və Vilnüsdə
faciəli hadisələrin 23-cü ildönümünə həsr
olunmuşdur. Səfir qeyd etmişdir ki, sovet
imperiyasının rəhbərliyi Azərbaycanda müstəqillik
uğrunda möhkəmlənən hərəkatı
yatırmaq və kommunist rejiminin süqutunun
qarşısını almaq üçün əbəs yerə
cəhd göstərmişdir. Kommunist rejimi insan
hüquqları və azadlıqlarının, Vətənin ərazi
bütövlüyünün pozulmasına qarşı
etirazını bildirmək üçün
toplaşmış sadə insanları cəzalandırmaq istəyirdi.
Həsən
Məmmədzadə qeyd etmişdir ki, 1990-1991-ci illərin
qanlı yanvar hadisələri Azərbaycan və Litva
xalqlarının tarixində yeni səhifə açdı. 20
Yanvar milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə
rəmzinə çevrilən bir gün oldu.
Səfir
bu faciəli və qəhrəmanlıq günlərində
Litva xalqı ilə həmrəy olduğunu bildirmişdir.
Azərbaycan
və Litva xalqlarının taleyində ümumi məqamlar
çoxdur. Avropa parlamentinin deputatı, Ali Şuranın - Bərpa
Seyminin sədri Vitautas Landbergis çıxışına bu
sözlərlə başlamış və demişdir: Bu
gün biz arası bir il çəkmiş
qırğınların - Bakıda və Vilnüsdə
törədilmiş Yanvar hadisələri qurbanlarının
işıqlı xatirəsini yad edirik. Həmin dövrdə
dalbadal Azərbaycan, Gürcüstan və Litva xalqlarına
qarşı cinayətlər
törədilmişdi. Sovet imperiyası təhlükəsi
qarşısında Litvanın bir qrup deputatı Kreml rəhbərliyinə
dövlətin öz vətəndaşlarına qarşı
qoşunlardan və ordudan istifadə etməklə hərbi əməliyyatlar
keçirməsinin yolverilməzliyi haqqında qanun layihəsi
təqdim etmişdi. Həmin vədə məhəl
qoyulmamış bu qanun layihəsi qəbul edilsəydi,
Bakıda qırğın törədilməzdi. Bakıda baş vermiş Yanvar hadisələri
kommunist rejimindən xilas olub müstəqillik qazanmağa cəhd
göstərən digər respublikalar üçün bir xəbərdarlıq
oldu.
Vitautas
Landbergis etiraf etmişdir ki, Azərbaycanda törədilmiş
faciəyə kifayət qədər diqqət yetirilməmişdir.
Sonra
A.Konçalovskinin "Hakimiyyət yükü. Heydər Əliyev"
sənədli filmindən fraqmentlər göstərilmişdir.
Tədbirdə
çıxış edən Seymin deputatı, Litva-Azərbaycan
dostluq qrupu sədrinin müavini Mantas Adomenas, parlamentin
vitse-spikeri Algirdas Sisas qeyd etmişlər ki, 20 Yanvar və 13
Yanvar müstəqillik uğrunda mübarizədə qələbənin
genetik kodu olmuşdur. Bu qanlı hadisələr insanları
iqtisadi əməkdaşlıqdan daha çox birləşdirir.
Litva deputatları demişlər: "Nə qədər ki, Azərbaycan
əraziləri işğal altındadır, nə qədər
ki, ölkədə qaçqınlar vardır, deməli, tam
azadlıq əldə edilməmişdir. Litva ədalətin bərqərar
olmasına çalışacaqdır".
Lyaunas
Qrinskasın "Gözləmə" sənədli filminin
nümayişindən sonra deputat Yuras Pojera qeyd etmişdir ki,
Bakıda və Vilnüsdə törədilmiş faciəli
Yanvar hadisələrinə həsr edilmiş anma tədbirlərinin
keçirilməsi ənənəyə çevriləcəkdir.
Finlandiya
Xalqımızın
ən böyük faciələrindən biri, eyni zamanda şərəf
günü olan 20 Yanvar qətliamının
ildönümü ilə bağlı Helsinki Şəhər
Caisa Mədəniyyət Mərkəzində "Qəhrəmanlıq
tariximizin 20 Yanvar səhifəsi" mövzusunda seminar
keçirilmişdir.
Finlandiya
Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı
ilə keçirilən seminarda Azərbaycan diasporunun Helsinkidə
yaşayan nümayəndələri, habelə ölkəmizin
müasir tarixi ilə maraqlanan finlandiyalı ictimai xadimlər
iştirak etmişlər.
Seminarda
çıxış edən Finlandiya Azərbaycanlı
Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay tədbir
iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat
vermişdir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində
respublikamıza rəhbərlik edən şəxslərin
xalqımızın azadlıq arzularına qarşı
çıxdıqlarını diqqətə çatdıran
A.Oqtay demişdir ki, ümummilli lider Heydər Əliyev faciənin
baş verdiyi gündən dərhal sonra - yanvarın 21-də
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək, bu hərbi cinayətə kəskin
etirazını bildirmiş, günahkarların cəzalandırılmasını
tələb etmişdir.
Cəmiyyətin
sədri bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin
Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin
adları rəsmi şəkildə açıqlanmış,
hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Seminarda
digər çIxış edənlər də Vətənin
azadlığı uğrunda canından keçən şəhidlərimizin
xatirəsinin həmişə uca tutulacağını və
faciənin günahkarlarının cəzalandırılacağına
əmin olduqlarını vurğulamışlar.
Sonra
20 Yanvar faciəsinə həsr edilmiş sənədli film
nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 22 yanvar.- S.13.