«YARAT» Müasir İncəsənət Məkanı və Luçiano Benetton Fondunun əməkdaşlığı: «Külək və atəşin rəngləri»

 

"YARAT" Müasir İncəsənət Məkanı və Luçiano Benetton Fondu arasında miniatür əsərlər layihəsi üzrə əməkdaşlıq 2012-ci ildən başlanmışdır.

"YARAT" Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, birgə əməkdaşlıq nəticəsində yaranan kolleksiyaya Azərbaycandan  137 müasir rəssamın 10x12 santimetr ölçüdə kətan üzərində nadir üslub və texnikaları ilə ərsəyə gətirdikləri əsərlər daxildir.

Ayrı-ayrı mənbələrdən ilhamlanmış rəssamlar bu əsərlərdə müxtəlif texnikalardan istifadə etmişlər. Bəziləri təcrübə aparmağa can atdıqları halda, digərləri milli təsviri sənət ənənələrinə sadiq qalmışlar. Eyni zamanda onların hər biri sənət yaratmaqla əsl sevinc yaşamışdır.

Həmin sənət işlərinin fotoşəkilləri və rəssamların qısa tərcümeyi-hallarından ibarət xüsusi toplu bu yaxınlarda "Külək və atəşin rəngləri" adı altında kitab şəklində nəşr edilmişdir.

"Azərbaycan: külək və atəşin rəngləri" Luçiano Benetton tərəfindən "İmaqo Mundi" kolleksiyası olmaqla dünyanın müxtəlif müasir incəsənət nümunələrini mümkün qədər geniş əks etdirmək məqsədilə irəli sürülən mədəni, demoqrafik, qlobal və qeyri-kommersiya layihəsidir.

Bu layihədə hər bir ölkə yeganə məhdudiyyəti 10x12 santimetrlik format olan, maksimal şəkildə özünüifadə azadlığı verilmiş məşhur və tanınmaqda olan rəssamlarının əsərləri ilə təmsil edilmişdir.

Bizim kolleksiyamız Fuad Salayev, Altay Sadıqzadə, Məmməd Mustafayev, Sakit Məmmədov kimi görkəmli və Vüsal Rəhim, Ramal Kazımov, Afət Bağırova kimi gənc, tanınmaqda olan rəssamların sənət nümunələrini bir araya gətirmək üçün vasitədir. Hazırda "İmaqo Mundi" kolleksiyasında 20-dək ölkə (Rusiya Federasiyasından ABŞ, Avstraliya, Koreya Respublikası, Hindistanadək, Çili və Braziliya kimi bir neçə Latın Amerikası ölkəsi, eləcə də Seneqal, Keniya, Tanzaniya və Zənzibar da daxil olmaqla Afrika ölkələri) təmsil edilmişdir.

Layihəyə 2016-cı ilədək 60-a yaxın ölkəni təmsil edən 10 mindən çox rəssamın cəlb edilməsi nəzərdə tutulmuşdur.

Məqsəd kolleksiyaları dünyanın bir çox yerlərində nümayiş etdirməklə sərgilər, kataloqlar və internet-portallar vasitəsilə müxtəlif incəsənət nümunələrini mümkün qədər çox insana çatdırmaq və bunu, məsələn, "İmaqo Mundi" layihəsinin 2013-cü ilin avqustunda debütlə çıxış etdiyi Venesiya İncəsənət Biennalesi kimi ictimai muzey və fərdi qurumlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirməkdir.

 

Azərbaycan.-2014.- 22 yanvar.- S.16.