Akademik Cəlal Əliyev «Kompyuter biologiyası və
bioinformatika» jurnalının redaksiya
heyətinin üzvü seçilmişdir
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, Milli Məclisin deputatı Cəlal Əliyev Avstraliyada nəşr olunan "Kompyuter biologiyası və bioinformatika" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar jurnalın baş redaktoru Jade MakGil tərəfindən daxil olmuş məktubda dünya şöhrətli alimin fəaliyyətinin bu sahənin gələcək inkişafına böyük dəstək olacağı qeyd edilmişdir.
Akademik Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı, riyaziyyat və kompyuter elmləri sahələrindən də mütəxəssislərin cəlb edilməsinə başlanılmış, Azərbaycanda yeni tədqiqat istiqamətlərinin, o cümlədən riyazi və kompyuter biologiyası və bioinformatikanın bünovrəsi qoyularaq əsaslı surətdə inkişaf etdirilmişdir.
Biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri akademik Cəlal Əliyev olmuşdur. Bu elmi ixtisasların vəhdəti nəticəsində respublikada ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Bu istiqamətdə ixtisaslaşmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından kənarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurlar qazanır, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.
Bu
uğurların nəticəsi kimi 2008-ci ildə Bakı şəhərində
akademik Cəlal Əliyevin 80 illik yubileyinə həsr
olunmuş "Bioinformatika: mövcud vəziyyət və gələcək
perspektivlər" mövzusunda beynəlxalq konfrans
keçirilmişdir.
Azərbaycan.-2014.- 23 yanvar.- S.4.