Böyük Britaniyanın Azərbaycandakı səfiri Mətbuat Şurasında olmuşdur

 

Yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Mətbuat Şurasında olmuşdur.

Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı səfirə məlumat vermişdir. Ə.Amaşov bildirmişdir ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri tərəfindən yaradılan Mətbuat Şurası medianın özünütənzimləməsini həyata keçirir. Qurum həmçinin vətəndaşlardan, ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan daxil olan şikayətləri araşdırır, qərar və rəylər çıxarır. Şura I qurultayda qəbul edilmiş "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın pozulması hallarına dair tövsiyələrini verir, jurnalist hüquqlarının qorunması, söz və mətbuat azadlığının müxtəlif aspektləri ilə bağlı müvafiq orqanlarla əməkdaşlıq edir, müxtəlif tematik tədbirlər reallaşdırır. Ə.Amaşov demişdir: "Ötən 10 ilin təcrübəsi onu deməyə əsas verir ki, cəmiyyətdə Mətbuat Şurasının missiyası kifayət qədər dərk edilir".

Səfir İ.Siddiq ölkəsinin Azərbaycana hər zaman böyük maraq göstərdiyini söyləmişdir. Bu baxımdan media fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan diplomat bildirmişdir ki, Böyük Britaniya Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə dəstək göstərməyə hazırdır.

Görüşdə hər iki ölkənin media qurumları və jurnalistləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ifadə olunmuş, bu istiqamətdə mümkün fəaliyyət aspektləri nəzərdən keçirilmişdir.

 

Azərbaycan.-2014.- 23 yanvar.- S.4.