Ümummilli lider Heydər
Əliyevin zəngin irsini əks etdirən
iki cilddən ibarət «Heydər
Əliyev.
Müstəqilliyimiz əbədidir»
çoxcildliyinin elmi-biblioqrafik göstəricisi çap
edilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin elmi-biblioqrafik göstəricisini hazırlayaraq "Şərq-Qərb" nəşriyyatında çap etdirmişdir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildirmişlər ki, biblioqrafik göstəricinin 1-ci cildində "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyində əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə malik materiallar "Dövlətçilik, müstəqillik və demokratiya", "Milli təhlükəsizlik", "Ordu quruculuğu", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İqtisadiyyat", "Neft strategiyası", "Aqrar siyasət", "Elm və təhsil", "Mədəniyyət, ədəbiyyat, dil, incəsənət", "Bədən tərbiyəsi və idman", "Tibb və səhiyyə", "Milli mənəvi dəyərlər", "Qadın və ailə", "Uşaq və gənclər" bölmələrində, 2-ci cildində isə "Dünya azərbaycanlıları", "Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar", "Tarix və tarixi hadisələr", "Azərbaycanın şəhərləri və bölgələri" bölmələrində təqdim edilir.
Ən yaxın və şanlı tariximizin araşdırılması, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki təkrarsız xidmətlərini öyrənmək üçün nəzərdə tutulan biblioqrafik göstəricidə, eyni zamanda, ümummilli liderin səhhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini məlumatlandıran Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer verilmişdir.
Külliyyatın buraxılışına məsul Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan "Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan - ümummilli lider Heydər Əliyevin qadir siyasətidir" və biblioqrafik göstəricinin hazırlanması layihəsinin rəhbəri, akademik Akif Əlizadənin "XX əsrin qüdrətli siyasi lideri" məqalələri də biblioqrafik göstəricidə xüsusi yer tutur.
AMEA Rəyasət Heyətinin qərarı ilə
çap olunan biblioqrafik göstəricinin elmi
redaktoru, akademik İsa Həbibbəyli, tərtibçi-müəllifi
filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Azərbaycan.-2014.- 23 yanvar.- S.2.