Naxçıvan Muxtar
Respublikası Ali Məclisində görüş
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex ilə görüşmüşdür.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a məlumat verilmişdir.
Qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycanın 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü olduğunu xatırladaraq demişdir ki, ötən illər ərzində ölkəmiz ilə Avropa Şurası arasında sıx əməkdaşlıq qurulmuş, qarşıya qoyulan öhdəliklər uğurla yerinə yetirilmişdir. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də Avropa Şurası arasında əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırmışdır.
Ali Məclisin Sədri muxtar respublikada Avropa Şurası qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini bildirmiş və belə səfərlərin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıqlarını bildirən həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrex Naxçıvana ilk dəfə səfər etdiklərini və bundan məmnunluqlarını ifadə etmişlər. Səfər çərçivəsində muxtar respublikada bir sıra görüşlər keçirəcəklərini bildirən qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd etmişlər.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2014.- 23 yanvar.- S.2.