İtaliyanın «Lo Speaker» portalı: Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlətdir

 

İtaliyanın geniş oxucu kütləsinə malik "Lo Speaker" xəbər portalında ötən həftə Romada "Avrasiyanın inkişafı: layihələr, investisiyalar, imkanlar" mövzusunda təşkil edilmiş konfransla bağlı məqalə yerləşdirilmişdir.

Yazıda Avrasiyanın inkişafında mühüm rol oynayan Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi ölkələrin son illərdə əldə etdikləri nailiyyətlər təhlil olunmuşdur.

Müəllif qeyd edir ki, Avrasiya geosiyasi məkanı beynəlxalq birlik üçün mühüm əhəmiyyət kəsb edir. Regionda yerləşən ölkələr, o cümlədən Azərbaycan xarici tərəfdaşları üçün böyük imkanlar və perspektivlər vəd edir. İtaliya ilə bu ölkələr arasında bir çox istiqamətlərdə, xüsusilə, mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Məqalədə qeyd olunur ki, Azərbaycan təbii ehtiyatlarla zənginliyinə və coğrafi mövqeyinə görə mühüm əhəmiyyət kəsb edən ölkədir. Azərbaycanın geosiyasi əhəmiyyəti dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, xüsusilə, ABŞ-Azərbaycan əlaqələri dinamik inkişaf edir. Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlətdir. Sürətlə inkişaf edən iqtisadiyyat, xarici investorları cəlb edən əlverişli mühit ölkə üçün xarakterik hal almışdır.

Müəllif Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun konfransda səsləndirdiyi fikirlərə də yer vermişdir: "Azərbaycan üçün neft və qaz sahəsində müxtəlif ölkələr ilə əməkdaşlıq əlaqələri qurmaq vacibdir. Lakin ölkəmizdə qeyri-neft sektorunun inkişafı da daim diqqət mərkəzindədir".

 

 

 

Maqsud Dadaşov,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 23 yanvar.- S.2.