2013: Böyük nailiyyətlər ili

 

Güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq.

 

 İlham ƏLİYEV

 

 

Müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, ölkə iqtisadiyyatının davamlı inkişafı, əhalinin sosial rifahının yüksəlməsi son onilliyin əsas nailiyyətlərindəndir. Tarix baxımından o qədər də böyük olmayan bu müddət ərzində müstəqil Azərbaycan Respublikası mühüm uğurlara imza atmış, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil olmuş, bazar iqtisadiyyatına keçidi başa çatdırmış, xaricə investisiya yatıran ölkəyə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun böyük əzm və məharətlə davam etdirilməsi, Prezident İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə sözün əsl mənasında sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunmuş, son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna investisiyalar 21,6 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,3 dəfə, əhalinin əmanətləri 27,2 dəfə artmış, 1 milyon 200 mindən çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 5,3  faizə enmişdir. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9  faiz təşkil etmiş və Azərbaycanın bu uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. ÜDM-in həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləmiş və 2003-cü ildəki 106-cı yerdən 66-cı yerə yüksəlmişdir.

Sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur. Ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi möhtəşəm nailiyyətlərlə yadda qalan 2013-cü ilin ən mühüm siyasi və tarixi hadisəsidir. Beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, azad və ədalətli seçkilər Azərbaycanın siyasi və seçki mədəniyyətini, milli-mənəvi və ümumbəşəri dəyərlərə sadiqliyini, ən başlıcası isə, öz liderinə dərin inam və etibarını bir daha bütün dünyaya nümayiş etdirdi.

Ötən ildə qazanılmış uğurlar ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan vermiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, yeni müəssisələr və iş yerləri açılmış, sahibkarlıq fəaliyyəti genişlənmiş, biznes və investisiya mühiti daha da yaxşılaşmış, sosial layihələrin yüksək səviyyədə reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Bir sözlə, 2013-cü ildə Azərbaycanda tərəqqi hər bir sahədə, bütün istiqamətlərdə özünü göstərmişdir. Dövlət başçısının Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, "Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür... 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir".

Ötən 2013-cü ildə ümumi daxili məhsulun artımı əsasən qeyri-neft sektorunun hesabına formalaşmış və 5,8 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda 9,8 faizlik artıma nail olunmuş və ÜDM-də payı artaraq 56 faizə yüksəlmişdir. Makroiqtisadi sabitlik təmin edilmiş, inflyasiya 2,4 faiz olmuş, strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarına çatmışdır. Bu isə ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdən birini tutur. Dünyanın inkişaf etmiş bir çox ölkələri işsizlik problemi ilə üzləşdiyi halda, bu göstərici ölkəmizdə azalaraq 5 faiz təşkil etmiş və Azərbaycan dünya ölkələri arasında 37-ci yerdə qərarlaşmışdır.

2013-cü il ərzində ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları investisiya qoyulmuşdur. Bu investisiyaların 17,5 milyard ABŞ dollarını daxili sərmayələr təşkil edir. Göründüyü kimi, daxili sərmayə xarici sərmayəni əhəmiyyətli dərəcədə üstələyir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyalar 15,1 faiz, o cümlədən qeyri-neft sektorunda 5,6 faiz artmışdır.

Qeyri-neft sektorunun davamlı inkişafı məqsədi ilə sənayeləşmə siyasəti çərçivəsində 2013-cü il ərzində qeyri-neft sənayesində məqsədyönlü tədbirlər davam etdirilmiş, rəqabət və ixracqabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Ötən il ərzində gəmiqayırma, sement, alüminium, qızıl zavodları, karton qablar, seramik plitələr istehsal edən müəssisələr, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox iri sənaye müəssisəsi istifadəyə verilmiş, 90-dan çox sənaye müəssisəsinin isə tikintisi davam edir və növbəti illərdə istifadəyə verilməsi gözlənilir.

2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının təməli qoyulmuş, investorların cəlb olunması, parkın ölkə daxilində və xaricində tanıdılması, fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilmiş və artıq iki rezident qeydə alınmışdır.

Regionların ənənəvi istehsal sahələrinin inkişafı perspektivlərini və xammal bazasının mövcudluğunu nəzərə alaraq Gəncə və Mingəçevir şəhərlərində, eləcə də Bakının Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin yaradılması istiqamətində işlər görülür. Bu da gələcəkdə həmin regionlarda innovativ və yüksək texnologiyalar əsasında müasir sənayenin inkişafına təkan verəcək, qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcək və əhalinin istehsal sahəsində məşğulluğunun artmasına imkan yaradacaqdır.

Görülmüş işlərin nəticəsi olaraq 2013-cü il ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki illə müqayisədə 3,4 faiz artmışdır.

2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər imzalanmışdır. Transadriatik boru xətti layihəsinə dair qərarın qəbul edilməsi, TAP-ın əsas marşrut kimi seçilməsi ötən ilin strateji əhəmiyyətli hadisələridir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri hələ uzun illər ölkə iqtisadiyyatına öz səmərəsini verəcəkdir.

Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsinə şərait yaradacaqdır. Bu layihədən əldə edilən gəlir əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yüksəlməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bu mühüm layihəyə ən real qiymət isə Prezident İlham Əliyev tərəfindən verildi: "Bu, tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir... Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir".

Beləliklə, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yeni inkişaf mərhələsi isə, öz növbəsində, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zərurətini yaradır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edilməsi məhz bu sahəyə dövlət başçısı tərəfindən göstərilən böyük diqqətin təzahürüdür. Möhtərəm Prezidentin "Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir" tapşırığına uyğun olaraq, ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmaqla davamı olacaq tədbirlər iqtisadiyyatın sənayeləşməsini sürətləndirəcək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir.

Qeyri-neft sektorunda mühüm paya malik olan kənd təsərrüfatı sahəsində 2013-cü il ərzində 4,9 faiz artıma nail olunmuş, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası uğurla davam etdirilmişdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri daha da gücləndirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanmış, artıq ilk pilot taxılçılıq təsərrüfatı uğurla fəaliyyət göstərir. Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 ha sahədə yaradılmış iri pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl əldə olunmuşdur. Növbəli əkin sisteminin tətbiq edildiyi təsərrüfatda 2000 hektar sahədə qarğıdalı əkilmiş və hər hektarından orta hesabla 100 sentnerdən artıq yüksək keyfiyyətli dənli qarğıdalı yığılmışdır. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən bu cür iri özəl taxıl təsərrüfatlarının ölkənin digər regionlarında da yaradılması işləri aparılır. 2013-cü ildə Taxtakörpü Su Anbarının istifadəyə verilməsi, bu il isə Şəmkirçay Su Anbarının tikintisinin başa çatdırılması əkin sahələrinin suvarılmasının yaxşılaşmasına və yeni torpaq səhələrinin dövriyyəyə cəlb edilməsinə imkan yaradacaqdır. Taxtakörpü Su Anbarı və Taxtakörpü-Ceyranbatan Su Kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaqdır.

Aqrar sektorda intensiv metodların tətbiqi, istehsalın keyfiyyətli və səmərəli təşkili, emalçılar ilə istehsalçılar arasında kooperasiya və bərabərhüquqlu müqavilə münasibətlərinin möhkəmləndirilməsinin stimullaşdırılması, fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi, daxili bazarın yerli məhsullarla təmin olunması və ixrac imkanlarının artırılması məqsədi ilə yeni mexanizm hazırlanmış və tətbiqinə başlanmışdır. Bu mexanizmin əsas mahiyyəti regionlarda fermerlərin güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha effektiv istifadə etməklə 50 başlıq südlük cins iribuynuzlu ailə təsərrüfatlarının yaradılmasının təşviq edilməsidir. Bu üsuldan istifadə etməklə ailə fermer təsərrüfatlarının yaradılması ət və süd məhsulları istehsalının genişlənməsində, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, ət və süd istehsalının həcminin və keyfiyyətinin artmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli olacaqdır.

Görülən işlərin nəticəsidir ki, quşçuluq, heyvandarlıq, üzümçülük, taxılçılıq, xüsusən də iri özəl taxılçılıq təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, özünütəminetmə səviyyəsi yüksəlmiş, istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur. Bu günlərdə dövlət başçısının imzaladığı "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verəcəkdir.

Bütövlükdə qeyri-neft sektorunda olduğu kimi, informasiya və rabitə, nəqliyyat və turizm sektorlarında da, əvvəlki illərdə olduğu kimi, dinamik inkişaf davam etmişdir. İnformasiya və rabitə sektorunda 2013-cü il ərzində 10,7 faiz çox xidmət göstərilmişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş, Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1"orbitə çıxarılmışdır. "Elektron hökumət" portalına 40-dan çox dövlət qurumu qoşulmuş, portala inteqrasiya edilmiş elektron xidmətlərin sayı 282-yə çatdırılmışdır.

Ötən il ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların inşası layihələri davam etdirilmişdir. Nəqliyyatda yükdaşımalar 3,4 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7 faiz, pərakəndə ticarət dövriyyəsi 9,9 faiz artmışdır.

Ölkənin tarixindən, coğrafi və əlverişli iqlim şəraitindən yararlanaraq turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülmüşdür. Belə ki, 2013-cü ildə Bakıda, Qubada, Qusarda, Qəbələdə, Şəmkirdə mehmanxana kompleksləri istifadəyə verilmişdir. "Şahdağ" qış-yay turizm kompleksində "Şahdağ" və "Pik Palas" hotellərinin istifadəyə verilməsi Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar yaratmaqla, sürətlə inkişaf edən turizm sektoruna böyük töhfədir.

Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı çərçivəsində zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Dövlət başçısının regionlara mütəmadi səfərləri, təkcə 2013-cü il ərzində 300-ə yaxın müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək, verdiyi tapşırıq və tövsiyələr, imzaladığı 100-dən çox sərəncam regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır. Dövlət proqramı çərçivəsində yeni yollar çəkilmiş və ya yenidən qurulmuş, körpülər, yol qovşaqları tikilmiş, regionlarda kommunal infrastruktur daha da yaxşılaşdırılmış, rabitə xidmətlərinin səviyyəsi yüksəldilmiş, 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.

Regionlarda insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 270-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Tarazlı regional inkişaf siyasəti qarşıdakı illərdə də davam etdiriləcəkdir. 2014-2018-ci illəri əhatə edəcək "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, rabitə xidmətlərinin, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, regionlarda, xüsusilə kəndlərdə kommunal xidmətlərlə təminatın (su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının) daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin beynəlxalq standartlara uyğun inşası və yenidən qurulması, torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi və yeni torpaqların dövriyyəyə cəlb edilməsi, turizm sahəsinin inkişafı, yeni müəssisələrin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və s. istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Bakı qəsəbələrinin inkişafını təmin edən dövlət proqramının icrasını daim diqqətdə saxlamış, 2013-cü ildə də, əvvəlki illərdə olduğu kimi, paytaxtın hər bir rayon və qəsəbəsinin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalamış, paytaxtın bir çox qəsəbələrində yerli sakinlərlə görüşüb, onların arzu və istəklərini birbaşa özlərindən dinləyərək həyata keçirilən işlərə şəxsən nəzarət etmiş, bir çox müəssisələrin açılışlarında iştirak etmiş, müəssisələrin fəaliyyəti ilə yerində tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. İcrası ötən il başa çatmış dövlət proqramı çərçivəsində paytaxt Bakıda və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində əhəmiyyətli işlər aparılmış, yollar və digər infrastruktur obyektləri inşa olunmuş və ya yenidən qurulmuş, ekoloji vəziyyət xeyli dərəcədə yaxşılaşmış, sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulmuş, yeni iş yerləri və müəssisələr açılmışdır. Belə ki, dövlət proqramı çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 km qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası tikilmiş və ya təmir edilmiş və 264 transformator quraşdırlmış, 4400 km elektrik kabel xətləri çəkilmişdir ki, nəticədə əhalinin elektrik enerjisi ilə təminatı daha da yaxşılaşmış, iqtisadiyyatın enerji təchizatı təmin olunmuşdur. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 km qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 mln. kv.m-dən çox asfalt salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.

Proqramın icrası dövründə 820 km paylayıcı su, 200 km kanalizasiya xətti çəkilmiş, 7 su anbarı tikilmiş, uzunluğu 61 km olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmiş, 220 min nəfər əhali ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunmuş və fasiləsiz su alan əhalinin sayı 1 milyon 760 min nəfərə çatdırılmışdır. Proqram çərçivəsində 174 məktəb və 121 uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bakının rayon və qəsəbələrində 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. 12 mədəniyyət müəssisəsində təmir-tikinti işləri aparılmış, gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı üçün 9 gənclər və idman obyektində təmir-tikinti işləri həyata keçirilmişdir. Dövlət proqramına uyğun olaraq, 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı yaradılmışdır. Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan hazırlıq işləri bitmək üzrədir. Eyni zamanda, Böyük Şor gölünün şərq hissəsindəki ərazinin ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanmışdır.

Əvvəlki proqramın məntiqi davamı olan və Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, abadlıq və quruculuq işlərinin davam etdirilməsi qəsəbəətrafı və qəsəbədaxili yolların salınması, sosial infrastrukturun yenilənməsi, mənzil-kommunal təsərrüfatı sahəsində mövcud problemlərin aradan qaldırılması, əhalinin kommunal xidmətlərlə təminatının, rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, yeni müəssisələrin və iş yerlərinin açılması və digər sahələr üzrə tədbirlər həyata keçiriləcəkdir.

Möhtərəm Prezidentin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" inkişaf xəttinə uyğun olaraq, özəl bölməyə xüsusi diqqət yetirilmiş, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Sahibkarlığın inkişafında maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinə, onların informasiya, innovasiya və konsaltinq xidmətlərinə olan tələbatının daha dolğun ödənilməsinə, regionlarda işgüzar fəallığın artırılmasına, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, sahibkarlıq subyektlərində kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə diqqət daha da artırılmışdır. 2013-cü il ərzində Bakı şəhərində və regionlarda müxtəlif mövzularda 94 treninq, seminar, "dəyirmi masa", konfrans və digər tədbirlər təşkil edilmiş, bu tədbirlərdə 2500-dən çox dinləyici iştirak etmişdir. Bununla yanaşı, 33-ü regionlarda, 12-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla keçirilmiş 45 tədbir çərçivəsində 4700-ə yaxın sahibkara güzəştli kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilmiş, sahibkarlara nümunəvi layihələr təqdim edilmişdir.

2013-cü ildə sahibkarlığa maliyyə dəstəyi daha da gücləndirilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin 150 mln. manatını dövlət büdcəsindən ayrılmış vəsaitlər, 125 mln. manatını isə əvvəlki illərdə sahibkarlara verilmiş və geri qaytarılan kreditlər təşkil edir. Bu kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsinin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 72,1 faizi ölkə regionlarının, 27,9 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Bundan başqa, biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya və Azərbaycan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq, ötən il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 44 sahibkar və gənc menecer Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir.

Ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi, sahibkarların tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə ötən il yerli və xarici iş adamlarının, beynəlxalq tərəfdaşların iştirakı ilə 277 tədbir keçirilmişdir.

İnhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin, qanunsuz reklamların, süni qiymət artımının qarşısının alınması istiqamətində müntəzəm tədbirlər həyata keçirilmiş, istehlakçı hüquqlarının qorunmasında xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri davam etdirilmişdir.

Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Əhalinin gəlirləri 8 faiz, hər nəfərinə düşən gəlirlər 6,6 faiz artmışdır. Ötən il ərzində 80 mini daimi olmaqla, 110 minə yaxın yeni iş yeri, 8 minə yaxın müəssisə yaradılmışdır. Orta aylıq əməkhaqqı 2013-cü ildə 2012-ci ilə nisbətən 6,2 faiz artaraq 540 dollar, pensiyaların orta məbləği 12 faizdən çox artaraq 217 dollar təşkil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə əhəmiyyətli layihələr həyata keçirmişdir. Fondun rəhbəri, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə həyata keçirilən layihələrin miqyası on minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açır. Təqdirəlayiq haldır ki, ictimai qurum olan fondun icra etdiyi layihələr, uğurla gerçəkləşdirdiyi sosial təşəbbüslər dövlətin həyata keçirdiyi siyasətə böyük dəstək olmuş, müxtəlif sahələr üzrə dəyərli töhfələr vermişdir. Xalqın inam və etimad ünvanına çevrilən Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin ictimai, siyasi, mədəni, humanitar sahələrdə mühüm nailiyyətlər qazanmasına yönəlməklə yanaşı, göründüyü kimi, həm də iqtisadi-sosial inkişafına da istiqamətlənib.

Ötən ildə Azərbaycanın ticarət əlaqələri daha da genişlənmiş, 11 ay ərzində 148 ölkə ilə 31,7 mlrd. ABŞ dollarlıq, o cümlədən ixrac 22 milyard dollar, idxal isə 9,7 milyard dollar olmaqla xarici ticarət əməliyyatları aparılmış, 12,3 milyard dollar həcmində müsbət ticarət saldosu yaranmış, qeyri-neft ixracı 7,5 faiz artmışdır.

Son illər ərzində qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. "Dünya rəqabətqabiliyyətliyi 2013-2014" hesabatında Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri arasında birincidir. Hesabatda makroiqtisadi mühit göstəricisi üzrə ölkəmiz dünyada 8-ci, ümumi milli yığımın ÜDM-ə nisbətinə görə 10-cu, dövlət borcunun ÜDM-ə nisbətinə görə 13-cü yerə layiq görülmüş, inflyasiya tempinin ən aşağı olduğu ölkə kimi qeydə alınmışdır.

Dünyanın nüfuzlu reytinq agentlikləri "Fitch", "Moodys" və "Standard and Poors" Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləmişlər. Bu günlərdə "The Heritage Foundation" tərəfindən 2013-cü il üzrə açıqlanmış dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən "İqtisadi Azadlıq İndeksi - 2014" hesabatında Azərbaycan 178 ölkə arasında 81-ci yerdə qərarlaşaraq ilk dəfə iqtisadiyyatı "orta azad" olan ölkələr qrupuna aid edilmişdir.

Ötən il Davos İqtisadi Forumunun Cənubi Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Bakıda keçirilməsi də məhz Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Beləliklə, həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuş, regionun aparıcı güc mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi kimi, "Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".

Hazırda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərinin reallaşdırılması ilə bağlı ardıcıl və zəruri tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, dünyada mövqeyinin möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasını təmin edəcəkdir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev proqram xarakterli çıxışında 2013-cü ildə görülmüş işlərə yekun vuraraq, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirmişdir. Belə ki, bu il makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun əsasən ölkənin sənaye potensialından istifadə etməklə inkişafı, infrastruktur layihələrinin davam etdirilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, regionların və Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı tədbirlərinin davam etdirilməsi, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsi, ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisələrin aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi və belə müəssisələrin siyahısının hazırlanması vəzifə olaraq qarşıya qoyulmuşdur.

2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı bu il müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsi və bu sahənin daha da inkişafı, texnoparkların yaradılması sahəsində işlərin sürətləndirilməsi, metallurgiya sənayesinin inkişafı, böyük sənaye komplekslərinin və emal müəssisələrinin yaradılması hədəflər sırasındadır.

Dövlət başçısının dediyi kimi, "Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilmişdir və bu il görüləcək işlər, əminəm ki, ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır". Əminliklə söyləmək olar ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2014-cü il də, əvvəlki illər kimi, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.

 

 

 

Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Azərbaycan.-2014.- 23 yanvar.- S.3.