Ağsuda işgüzar şərait yaradılıb

 

Bu, rayonda inkişafı sürətləndirib

 

 

 

Hər dəfə Ağsu şəhərinin abad küçələrini, milli memarlıq üslubunda çəkilmiş daş hasarlarını, dam örtükləri, fasadları müasir olan evlərini, binalarını, hamar yollarını və digər gözoxşayan, könülaçan mənzərələrini görəndə təəccüblənməmək olmur. Yarı aran, yarı dağətəyi olan bu balaca şəhər ildən-ilə necə dəyişib, necə müasirləşib! Vaxt var idi, kəndləri bir yana, elə Ağsunun rayon mərkəzində azca yağış yağan kimi palçıq dizə çıxır, şər qarışandan hər yanı zülmət qaranlıq bürüyür, insanlar evlərini qızdırmaq üçün əziyyətlər çəkirdi... Səhər açılanda  işsiz-gücsüz adamlar dəstə-dəstə tinlərə toplaşır, günlərini birtəhər başa vurmağa, daha dəqiqi vaxtlarını öldürməyə çalışırdılar...

İndi çox şey dəyişib. Dövlətimiz digər bölgələr kimi, Ağsuya da lazımi diqqət göstərəndən sonra rayon inkişafa doğru inamlı addımlar atdı. İstər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının, istərsə də digər layihələrin icrası nəticəsində Ağsu "köhnə" libasını çıxarıb müasir bölgələrin cərgəsinə qoşuldu.

29 oktyabr 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev Ağsuda səfərdə olarkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşamsizi bütün bu gözəl nailiyyətlər münasibəti ilə təbrik etmək istəyirəm. Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait də çox işgüzardır və nəticələr də göz qabağındadır. İş olan yerdə nəticə də vardır. 4 il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu gün Ağsu, deyə bilərəm ki, Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır".

Şübhəsiz, dövlət başçısının bu xoş sözləri rayonda görülən işlərdən razılıq ifadəsi olmaqla yanaşı, həm də ağsululara gələcək fəaliyyətləri, uğur və nailiyyətləri üçün böyük etimad idi. Bu etimadı isə ağsulular, o cümlədən rayon rəhbərliyi ötən müddət ərzində layiqincə doğrultmağa çalışdılar. İndi küçələri "palçıqlı" Ağsudan əsər-əlamət qalmayıb, tikinti-quruculuq işləri rayonun kəndlərini də əhatə edib. Yeni yollar salınır, məktəblər tikilir, səhiyyə, mədəniyyət ocaqları inşa olunur, müasir infrastruktur yaradılır.

Hər dəfə Ağsuya yolumuz düşəndə şəhərdəki Veteranlar Klubuna baş çəkmədən rayondan ayrılmırıq. 2008-ci ildən fəaliyyətə başlayan bu klub Heydər Əliyev parkının ərazisində tikilmiş binada yerləşir. Əmək və müharibə veteranları bu kluba toplaşır, çay masası arxasında bir-birindən hal-əhval tutur, hətta müxtəlif mövzularda "mübahisələrə"də girişirlər. Onu da qeyd edək ki, burada gün ərzində 30-a yaxın veteranın dincəlməyi, qidalanmağı üçün heç bir məsrəf tələb olunmur-hər şey ödənişsizdir (Bunlar rayon icra hakimiyyətinin daxili imkanları hesabına ödənilir). Müasir Ağsunun reallıqlarından biri də məhz budur.

Bu dəfə ilk rastımıza çıxan 76 yaşlı Cəmaləddin Zeynalov oldu. Salamlaşdıq, görüşdük, vəziyyətlərini, gün-güzəranlarını soruşduq. Gümrah səslə dedi: - Heç bir narahatçılığımız yoxdur, ötən il dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçdik. Onun yenə Prezident seçilməyi şəxsən biz yaşlılara da çox lazım idi-həmişə onun qayğısı başımızın üstündədir. Ölkəmiz, rayonumuz gündən-günə inkişaf edir. Gedib-gəlməyə rahat yolumuz, içməyə təmiz suyumuz, yandırmağa təbii qazımız var. Əli tutanlar bütün günü işdə-gücdədir-görürsüz, küçələrdə boş adamlar necə seyrəkdir. Bu inkişafı, bu gözəlliyi görəndə bizimömrümüz uzanır.

Söhbətə qoşulan digər ağsaqqallardan Seyfəddin AbdullayevAkif Mirzəyev 2014-cü ilin xalqımız və ölkəmiz üçün daha uğurlu olmasını arzu etdilər.

Ağsu vətənpərvərlik ruhu yüksək olan rayondur. Bunu şərtləndirən amillərdən biri də torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş vətən övladlarının adlarının əbədiləşdirilməsi, xatirələrinin həmişə ehtiramla yad edilməsidir. Vətənin şəhid və qəhrəman övladlarının, onların keçdikləri şərəfli yolun gənc nəslə lazımınca tanıdılması vətənpərvər gənclərin yetişməsində vacib amillərdən biridir.

Ermənistan işğalçıları torpaqlarımıza təcavüz edəndə ağsulu gənclər də silaha sarılaraq Vətənin azadlığı uğrunda düşmənlə ölüm-dirim savaşına yollanıblar. Onlardan 104 nəfəri şəhidlik zirvəsinə ucalıb, 2 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağsuda hamının böyük sayğı ilə ziyarət etdiyi Şəhidlik və Qəhrəmanlıq Parkı var. Bir hektar sahəni əhatə edən bu möhtəşəm parkdakı abidə-kompleks üç guşədən ibarətdir: 1941-45-ci illərdə alman faşizminə qarşı müharibədə həlak olan, 20 Yanvar qırğınında və Ermənistan-Azərbaycan müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların xatirəsinə həsr olunmuş guşələr.

Torpaqlarımızın işğal olunduğu aylar kimi, yanvar ayında da parkı ziyarət edənlərin sayı adi günlərdən çoxdur. Ziyarətçilərdən biri ilə tanış oluruq. Həcər Zamanova, şəhid anası. Oğlunun divardakı şəklini göstərir: Zamanov Aqil Əbil oğlu. 18.12.1971-01.07.1993. Həcər xanım tez-tez gəlir bura. Deyir bu şəkillərdən boylanan oğulların hamısını öz balam bilirəm. Ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsidir. Həcər Zamanovanın arzusuna Qəribə Xəlilova, Böyükxanım Hacıyeva və digər ziyarətçilər də qoşulurlar və əmin olduqlarını bildirirlər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz o müqəddəs günü onlara bəxş edəcək.

Ağsunun Şəhidlik və Qəhrəmanlıq Parkından bir az aralı Azərbaycanın Dövlət bayrağı əzəmətlə dalğalanır. Rayon mərkəzinə girişin biri buradandır-gələnlər də, gedənlər də bu bayrağın altından keçirlər. Bu bayrağın altında Ağsu öz inkişafının uğurlu dövrünü yaşayır. Ağsulular çalışırlar ki, bu inkişaf və tərəqqi ilə yanaşı, övladlarını daha vətənpərvər və torpaqsevər böyütsünlər. Övladlarımız vətənpərvər böyüsə gözü yolda qalan torpaqlarımızın bayraq həsrəti çox çəkməz.

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycanş02014.- 28 yanvar.- S.6.