Sənaye
potensialının bərpası və genişləndirilməsi
uzunmüddətli sabit inkişafa təminatdır
Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri də məhz milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə edilməsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artımı, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sahədə islahatların genişləndirilməsinə imkan yaratmışdır. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi isə cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir.
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərir. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda ümumi daxili məhsulun 5,8 faiz, qeyri-neft sektorunun 10 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artması, respublikanın strateji valyuta ehtiyatlarının 50 milyard dollara yüksəlməsi, bütün bunların fonunda inflyasiyanın cəmi 2,4 faiz təşkil etməsi hesabat dövrünün uğurları barədə kifayət qədər dolğun mənzərə yaradır.
Ötən ilin uğurlu göstəricilərindən
biri də ölkə iqtisadiyyatına investisiya
qoyuluşlarının həcminin və keyfiyyətinin dinamik
artmasıdır. Dövlət başçısı cənab
İlham Əliyevin bəyan etdiyi kimi, bütün bunlar
ölkədə normal sərmayə mühitinin
mövcudluğunu göstərir: "İl ərzində
ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya
qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində
bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il
ərzində orta hesabla 20-22 milyard dollar investisiya qoyulurdu, indi
artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5
milyard dolları daxili sərmayədir. Bu da
artıq neçə ildir ki, davam edən tendensiyadır.
Daxili sərmayə xarici sərmayəni üstələyir.
Bu, hesab edirəm ki, müsbət haldır.
Əlbəttə ki, daxili sərmayənin
içində əsas sərmayə dövlət sərmayəsidir.
Ancaq özəl sektor da Azərbaycan
iqtisadiyyatına böyük yatırımlar edir".
Nazirlər Kabinetinin son iclasında 2014-cü ilin "Sənaye
ili" elan edilməsi ilə Azərbaycanda sənayeləşmə
prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu söyləmək mümkündür. Qeyri-neft sektorunun ümumi
daxili məhsulda xüsusi çəkisinin artmasında bu sahənin
müstəsna rolunu önə çəkən Prezident
İlham Əliyev cari ildə sənayenin yeni istiqamətlərinin
inkişafı üçün tədbirlər planının
təsdiq ediləcəyini bildirmişdir: "Bu istiqamətdə
artıq ilkin nəticələr vardır. Sumqayıt
Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə
başlayır. Digər şəhərlərdə,
Mingəçevirdə texnoparkın yaradılması nəzərdə
tutulur. Balaxanı Texnoparkının
yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə
demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin
hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun
artımı da sənaye istehsalının hesabına
mümkün olacaqdır", - deyən ölkə
başçısı bu il metallurgiya sənayesinin
inkişafının da xüsusi diqqət mərkəzində
olacağını vurğulamışdır.
Prezident
İlham Əliyevin 2014-cü il 10 yanvar
tarixli "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye
ili" elan edilməsi haqqında" sərəncamı bu
baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncamda
vurğulanır ki, hazırkı mərhələdə
müasir çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi
ilə bir sıra tədbirlərin həyata keçirilməsi,
o cümlədən mövcud təbii və iqtisadi
resursların təsərrüfat dövriyyəsinə cəlb
edilməsi, ənənəvi sənaye sahələri ilə
yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye
parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafını təmin edəcək
imkanların formalaşdırılması zəruridir.
Sərəncamla
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyinə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye
ili" elan edilməsinə dair Tədbirlər Planını
bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək
tapşırılmışdır. Nazirlər Kabineti "Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər
üçün Dövlət Proqramı"nın
layihəsini üç ay müddətində
hazırlayıb ölkə başçısına təqdim
etməlidir.
Şübhəsiz,
Azərbaycanın iqtisadi cəhətdən inkişafında,
yeni iş yerlərinin açılmasında, ölkənin
ixrac potensialının gücləndirilməsi və idxaldan
asılılığının azaldılmasında sənaye
potensialının əhəmiyyəti xüsusi
vurğulanmalıdır. Hesab edirik ki,
inkişafın hazırkı mərhələsində
yüksək makroiqtisadi göstəricilərin
davamlılığının təmin edilməsi həm də
rentabelli və elmtutumlu sənaye müəssisələrinin
yaradılmasından asılıdır. Azərbaycanın
davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin
açılması hesabına təmin etmək, eləcə
də neft hasilatının azalması ilə bağlı maddi
itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet
dövründə mövcud olmuş potensialının bərpası,
ayrı-ayrı sənaye sahələri üzrə
ixtisaslaşmış istehsal müəssisələrinin
müasirləşdirilməsi, texnoloji parkların
yaradılması son illər qarşıda ciddi vəzifələr
kimi müəyyənləşdirilmişdir.
Sənayenin
inkişafının müasir innovasiyalar əsasında təmin
olunması, texnoparkların sənayeləşmədə əsas
strateji layihələr kimi yer alması "Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında da əksini
tapmışdır. Sənəddə 2020-ci ilədək
respublikanın tarixi ənənələri olan iri şəhər
və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin
yaradılması və həmin müəssisələrdə
innovasiyayönümlü texnologiyaların tətbiqinin
stimullaşdırılması, ixtisaslaşmış və
ümumi təyinatlı sənaye şəhərciklərinin
yaradılması qarşıya məqsəd qoyulmuşdur.
Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi
zonaların yaradılması və iqtisadi potensial nəzərə
alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət
tullantılarının emalı, Gəncədə metal
(alüminium) məmulatların istehsalı üzrə sənaye
şəhərciklərinin qurulması nəzərdə tutulmuşdur.
Sənayenin inkişafının mühüm məsələ
kimi gündəliyə gəlməsi bir sıra obyektiv səbəblərlə
şərtlənir. Bu zərurət, ilk növbədə, Azərbaycanın
hələ Sovetlər birliyi dövründən güclü sənaye-aqrar
respublikası kimi formalaşması, burada güclü sənaye
müəssisələrinin fəaliyyət göstərməsi
ilə bağlıdır. Ötən əsrin
70-80-ci illərində sənayenin inkişaf səviyyəsinə
görə respublikanın bütün bölgələrinin
proporsional inkişafı yönümündə ardıcıl
addımlar atılmış, istehsalla bilavasitə
bağlı elmi-tədqiqat sahələrinin inkişafında
kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin,
mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın
bütün SSRİ-də qabaqcıl mövqelərə
çıxmasına, ölkənin sosial-iqtisadi həyatında
yüksəlişə rəvac vermişdir. Böyük strateq Heydər Əliyev yaxşı
bilirdi ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi,
iqtisadi azadlığını təmin etməsi
üçün SSRİ-nin strateji əhəmiyyət kəsb
edən bir sıra sənaye müəssisələri məhz
Azərbaycanda inşa olunmalıdır. O illərdə
Heydər Əliyevin təkidi və qətiyyəti
qarşısında keçmiş İttifaq rəhbərliyi
respublikamızda iri müasir maşınqayırma, kimya, neft
kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya,
tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə
razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat
kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə
respublikada 125 yeni dövlət sənaye müəssisəsi, o
cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə
isə 61 dövlət sənaye müəssisəsi tikilib
istifadəyə verilmişdir.
Bütün bunların nəticəsi olaraq 70-80-ci illərdə
Sumqayıt şəhəri özünün iqtisadi
potensialına görə SSRİ məkanında
tanınır, onun istehsal etdiyi məhsullar İttifaqın 700
şəhərinə ixrac olunurdu. 1963-cü ildə fəaliyyətə
başlayan, uzun illər respublikamızda şüşə sənayesinin
formalaşmasına və inkişafına töhfə
vermiş Sumqayıt Şüşə Zavodunun intibah
dövrü də məhz ümummilli liderin birinci rəhbərlik
dövrünə təsadüf edir. Heydər
Əliyev hələ o dövrdən bu müəssisənin və
bütövlükdə şüşə sənayesinin
problemlərini diqqət mərkəzində saxlamış, onun
inkişafı, yüksək səviyyədə məhsul
istehsalı üçün lazımi köməyi əsirgəməmişdir.
Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə
bütün Cənubi Qafqazı və Rusiyanın bir çox
bölgəsini 25 il müddətində
keyfiyyətli pəncərə şüşəsi ilə təmin
etmişdir.
Sənayenin inkişafı ulu öndərin müstəqil
Azərbaycana rəhbərliyi illərində də xüsusi
diqqət mərkəzində olmuş, bu sahənin problemlərinin
həlli ilə bağlı xüsusi strategiya hazırlanaraq
icra olunmuşdur. Sənaye potensialının ölkə
iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli
yer tutmasına uzunömürlü baza yaradan kompleks iqtisadi
islahatlara start verilmiş, 1995-ci ildən başlayaraq sənayedə
inkişaf tempi qeydə alınmışdır.
Azərbaycanda enerji resurslarından
asılılığın azaldılmasını, qeyri-neft
sektorunun inkişafını prioritet istiqamətlərdən
biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin
təmini baxımından respublikada güclü sənaye
potensialının yaradılmasını vacib sayır. Dövlət
başçısı haqlı olaraq vurğulayır ki, hər
bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının
rolu böyükdür. Azərbaycan
hazırda inkişafının elə mərhələsindədir
ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə
bu sahəyə diqqətin artırılmasını aktual məsələ
kimi gündəmə gətirir. Dövlət
başçısı hesab edir ki, yalnız sənayenin
inkişaf etdirilməsi yolu ilə gələcəkdə neft
hasilatının azalması ilə əlaqədar Azərbaycanın
üzləşə biləcəyi itkiləri kompensasiya etmək
mümkündür: "Biz güclü sənaye
potensialımızı yaratmalıyıq və o, 5 ildən,
10 ildən sonra ölkəmizin əsas ümumi daxili məhsulunu
verəcəkdir. 50 ildən sonra neft hasilatı azalanda sənaye
potensialı Azərbaycanın dayanıqlı
inkişafını təmin edəcəkdir... İlk
növbədə Azərbaycanda bazası, təcrübəsi
olan, yerli xammalı olan müəssisələri
yaratmalıyıq".
Ölkədə müəyyənləşdirilmiş
sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti kimi
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
dinamik inkişafının təmini, rəqabətqabiliyyətliyin
artırılması və bu sahəyə investisiya
qoyuluşunun sürətləndirilməsi diqqətdə
saxlanılmışdır. Son 10 ildə sənaye məhsulları
istehsalının həcmi 2,7 dəfə
artmış, 2003-2013-cü illərdə regionların
inkişafı dövlət proqramları çərçivəsində
bölgələrdə 500-ə qədər sənaye müəssisəsi
açılmışdır. Güclü sənaye
potensialının inkişafı üçün zəngin
xammal bazasının mövcudluğu, nəhəng və
çoxşəbəkəli sənaye kompleksinin
imkanlarının səfərbər edilməsi bu sahənin
keyfiyyət və kəmiyyət baxımından
sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru
impuls versə də, ümumilikdə maşınqayırma,
metallurgiya, yeyinti və emal müəssisələri,
texnologiyalar, kimya kompleksi, mədənçıxarma və
filiz müəssisələri bu sahənin inkişafına
imkan yaratmışdır.
Sənayeləşmə siyasəti çərçivəsində
yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan
metallurgiya, maşınqayırma, kənd təsərrüfatı
məhsullarının emalı, tikinti materiallarının
istehsalı da daxil olmaqla təkcə 2012-2013-cü illərdə
150-dən çox sənaye müəssisəsi istifadəyə
verilmişdir.
Sənaye sektorunun inkişaf etdirilməsində məqsəd
respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı,
ixracyönümlü, dünya standartlarına cavab verən sənaye
məhsullarının istehsal edilməsinə və dövlət
dəstəyi tədbirlərinin genişləndirilməsinə,
sənaye kompleksində dövlət tənzimlənməsi
sisteminin təkmilləşdirilməsinə, investisiya mənbələrinin
və resurslarının müəyyənləşdirilməsinə
və artırılmasına, təbii sərvətlərin və
əmək resurslarının səfərbər edilməsinə
və bununla sənayenin davamlı inkişafına nail olmaqdan
ibarətdir.
Hazırda
respublikanın qara, əlvan və nadir metal filizləri ilə
zəngin olması metallurgiyanın, hazır metal məmulatlarının,
maşınqayırma və digər əlaqəli sahələrin
inkişafına imkan verir. Qarşıdakı
illərdə Gəncə şəhərində dəmirin
birbaşa reduksiyası, poladəritmə və pellet
zavodlarından ibarət metallurgiya kompleksinin inşası nəzərdə
tutulur. Bundan əlavə, həmin regionda əlvan
və qiymətli metallardan - qızıl, gümüş və
mis hasilatı ilə məşğul olan daha bir müəssisənin
işə salınması gözlənilir.
Sənayenin inkişafı üçün ölkədə
müvafiq qanunverici bazanın formalaşdırılması da
diqqət mərkəzində saxlanılır. 2009-cu il
14 aprel tarixli "Xüsusi iqtisadi zonalar haqqında" qanun
ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə
yeni təkan vermişdir. Dünya təcrübəsi
göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun
inkişafına xarici kapital axınını, habelə beynəlxalq
inteqrasiyanı sürətləndirmək baxımından
xüsusi iqtisadi zonaların yaradılması zəruridir.
Bu cür iqtisadi zonalar xüsusi əlverişli
hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat
kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq
iqtisadi əlaqələr sisteminə açılan səmərəli
dəhlizdir. Bu dəhliz vasitəsilə
ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına
xarici kapital, qabaqcıl texnologiya, mütərəqqi idarəetmə
üsulları cəlb edilir.
Hökumət sənayenin inkişafını
stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində
saxlayır.
Orta və uzunmüddətli perspektivdə texnoparkların
inkişafını stimullaşdırmaq üçün
ölkənin vergi qanunvericiliyində sənaye və
texnologiyalar parklarında çalışan fiziki və
hüquqi şəxslərə, eləcə də
parkların idarəedici təşkilat və operatorlarına gəlir,
mənfəət, ƏDV, əmlak və torpaq vergiləri
üzrə 7 illik vergi güzəştləri nəzərdə
tutulmuşdur. 2013-cü il yanvarın 1-dən
qüvvəyə minmiş Vergi Məcəlləsinə
texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər
iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə
bu sahəyə investorların cəlb olunmasına, yüksək
texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu
sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin
açılmasına imkan verir.
Dövlət
başçısının 24 aprel 2013-cü il
tarixli fərmanı ilə "Sənaye parkları
haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi
ilə sənaye parklarının yaradılması, idarə
edilməsi, habelə onlarda sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinin hüquqi bazası
formalaşdırılmışdır.
Yeni təsərrüfatçılıq formalarından
sənayeləşmənin innovativ və mütərəqqi
modeli olan sənaye texnoparklarının yaradılması isə
industrial cəmiyyətin formalaşmasına güclü zəmin
yaradır. Dünyada sənayeləşmənin qlobal xarakter
alması zəminində Azərbaycanda sahibkarlığın ən
iri təşkilati-hüquqi forması olan sənaye
texnoparkları layihələrinə üstünlük
verilmişdir. Sənaye texnoparkları
müasir iqtisadiyyatın əsas kapitaltutumlu bölməsi
sayılır və Cənubi Koreya, Çin, Malayziya, Yaponiya və
Sinqapurda sənayenin əsas baza sütunu kimi mühüm yer
tutmuşdur. Bu parklarda sənayenin
bütün sahələrini əhatə edən onlarla zavod fəaliyyət
göstərir.
Respublikamız hələ 2012-ci ildə Sumqayıt
Texnoparkının əsasını qoymaqla yeni strateji
proqramın icrasına başlamışdır. Sumqayıt
Texnoparkı 45 hektar ərazidə yerləşir və
müasir sənaye potensialının əsas
sütunlarından biridir. Postsovet məkanında
yeni olan bu layihə sənaye məhsullarının istehsalı
və ixracı baxımından perspektivli layihələrdən
sayılır. Sumqayıt Texnologiyalar
Parkında respublika üçün mühüm əhəmiyyət
kəsb edən və ixrac potensialına malik elektroenergetika və
maşınqayırma sənayesi məhsulları
istehsalının həcmi genişlənir. Burada respublika
əhəmiyyətli müxtəlif çeşidli məhsullar,
o cümlədən müxtəlif tip kabellər,
transformatorlar, yüksək gərginlikli avadanlıqlar,
hidroturbinlər, su nasosları, elektrik mühərrikləri,
borular və s. istehsal edilir. Texnologiyalar Parkı yüzlərlə
iş yerinin açılmasına şərait yaratmaqla
yanaşı, ölkə iqtisadiyyatının
inkişafında mühüm rol oynayır və əhalinin
sosial həyat səviyyəsinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasına kömək edir.
2013-cü ildə Prezident İlham Əliyevin
iştirakı ilə daha bir texnoparkın - Balaxanı Sənaye
Parkının təməlinin qoyulması Azərbaycanda sənayeləşmənin
yeni keyfiyyət mərhələsinə qədəm
qoyduğunu şərtləndirmişdir. Sənaye Parkında plastik,
məmulat, şin, elektrik və elektron cihaz tullantıları,
akkumulyator, əlvan metal, kabel və s. məişət
tullantılarının təkrar emalı nəzərdə
tutulmuşdur. Yeddi hektar ərazini əhatə
edəcək parkın nəqliyyat qovşağına
yaxınlığı təkrar emal və ya istehsal edilmiş
məhsulların asanlıqla satış bazarına
çıxarılmasına şərait yaradacaqdır. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində
sahibkarlara və sərmayədarlara əlverişli imkanlar
yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin
inkişafında əhəmiyyətli rol oynayacaq.
2012-ci il
5 noyabr tarixli fərmanla yaradılmış Yüksək
Texnologiyalar Parkı ("YT Park") isə
informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya və
kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların
aparılması, yeni və yüksək texnologiyaların
hazırlanması baxımından mühüm əhəmiyyətə
malikdir. Burada texnoloji nailiyyətlərə əsaslanan
informasiya-kommunikasiya texnologiyaları sahələrinin
genişləndirilməsi, elmi tədqiqatların
aparılması, yeni informasiya texnologiyalarının işlənilməsi
üzrə müasir komplekslərin yaradılması nəzərdə
tutulmuşdur.
Ümumiyyətlə, Azərbaycan sənayeləşmənin
əsas mərkəzi rayonları kimi Bakı və
Sumqayıtda güclü texnopark kompleksləri şəbəkəsini
genişləndirməyi əsas hədəf seçmişdir. Hazırda onlarca adda və
çox qiymətli, yüksək keyfiyyətli sənaye məhsullarını
dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə
beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın
neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək
məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən
qurulması, tələbatın daha yüksək olduğu yeni
sənaye və kimya məhsullarının istehsalına
başlanılması istiqamətində aparılan
genişmiqyaslı işlər yaxın gələcəkdə
ölkəmizin sənaye məhsullarının istehsal həcmi
və keyfiyyəti baxımından dünyanın
aparıcı dövlətlərindən birinə çevriləcəyini
proqnozlaşdırmağa imkan verir.
Azərbaycanın böyük sənaye potensialına
malik iri müəssisələri Sumqayıt şəhərində
yerləşdiyindən Prezident İlham Əliyev son illər
şəhərin bu sahədəki keçmiş şöhrətinin
özünə qaytarılması istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsini diqqətdə saxlayır. Dövlət
başçısı 2013-cü il
oktyabrın 4-də Sumqayıta növbəti səfəri
zamanı şəhərin yaxın illərdə nəinki Cənubi
Qafqazın, ümumilikdə Avropanın mühüm sənaye
mərkəzlərindən birinə çevriləcəyini
vurğulamışdır. Qeyd edilmişdir ki,
son illər Sumqayıtda infrastrukturun müasirləşdirilməsi
tədbirləri, sahibkarlığın dinamik inkişafı,
eləcə də yeni istehsal müəssisələrinin
açılması bu hədəflərin
reallaşdırılması üçün yeni imkanlar
yaradır. Sumqayıt Kimya Sənaye Parkının
açılış mərasimində cənab İlham
Əliyev demişdir: "Bu gün isə Sumqayıt Kimya Sənaye
Parkının təməl daşı qoyulur. Bu,
ölkəmiz üçün çox əlamətdar hadisədir.
Çünki bu, yeni bir sənaye şəhəri
olacaqdır... Beləliklə, gələcəkdə
Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək
üçün başqa rayonlardan da işçi qüvvəsi
gələcəkdir. Bu proses başlamışdır. Qonşu rayonlardan, ətraf yerlərdən indi
işçi qüvvəsinin axını müşahidə
olunur. Yəni Sumqayıtı mən bax belə
görürəm: gələcəkdə Cənubi Qafqazın
ən böyük sənaye mərkəzlərindən biri,
dünya miqyasında ən böyük sənaye mərkəzlərindən
biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz,
insanlar üçün rahat, yaşamaq, işləmək
üçün rahat, gözəl, abad bir şəhər
olmalıdır".
Sumqayıt şəhərinin sənaye zonasında Kimya
Sənaye Parkının yaradılması ölkənin
qeyri-neft sənayesinin inkişaf etdirilməsi baxımından ən
ciddi layihələrdən biridir. Parkın
yaradılmasında məqsəd ölkədə innovativ və
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye istehsalının inkişafı üçün
münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək,
qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək
və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaqdır. Yeni müəssisənin inşası
ilə ölkə sənayesinin özəl sektorunun,
kiçik və orta biznesin inkişafına, nəticə
etibarilə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye məhsulları istehsalına, əhalinin yeni iş
yerləri ilə təmin edilməsinə nail olunacaq. Magistral
və dəmiryol xətlərinin Sumqayıt Kimya Sənaye
Parkına yaxın olması, bu şəhərcikdə yerləşəcək
emal müəssisələrinin müasir və dünya
standartlarına cavab verən texnoloji avadanlıqlarla, xammal və
yarımfabrikat məhsullarla təmin edilməklə son məhsulun
istehsalına bilavasitə Azərbaycanda nail olunması
iqtisadiyyatın daha da inkişaf etməsi üçün yeni
və əlverişli perspektivlər açır.
"Sənaye ili" ilə bağlı hazırlanacaq Tədbirlər
Planında, habelə Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramında sənayenin perspektivli təmayüllərinin
inkişafı xüsusi diqqət mərkəzində
saxlanılacaq.
Hesab edirik ki, respublikanın hazırkı dinamik
inkişafı şəraitində metallurgiya ilə
yanaşı, şüşə sənayesinin də
inkişaf perspektivləri ciddiliklə nəzərə
alınmalıdır. Son illər sənayenin
müxtəlif sahələrində intibah mərhələsinin
əsası qoyulsa da, etiraf etməliyik ki, bu müsbət
meyilləri şüşə sənayesinə şamil etmək
olmaz. Halbuki Azərbaycanın
hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq,
abadlıq və yenidənqurma işlərinin geniş vüsət
alması, yeyinti, qida, tibb sənayelərinin inkişafı,
habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər
şüşə sənayesinin böhrandan
çıxarılmasını aktual və təxirəsalınmaz
məsələ kimi gündəmə gətirmişdir.
Hazırkı istehsal proseslərini - tikintini, nəqliyyatı,
elmi və kosmik tədqiqatları, müdafiə sənayesini,
səhiyyəni, mebel və digər mədəni məişət
predmetləri istehsalını şüşəsiz təsəvvür
etmək çətindir.
Vaxtilə keçmiş SSRİ-nin bir çox
respublikalarına, o cümlədən Rusiyanın
ayrı-ayrı şəhərlərinə pəncərə
şüşəsi və digər şüşə məmulatlar
ixrac edən Azərbaycan hazırda bu strateji əhəmiyyətli
sənaye məhsulunu xaricdən baha qiymətə idxal etmək
məcburiyyətindədir. Təəssüflə
qeyd etmək lazımdır ki, vaxtilə pəncərə
şüşəsi və digər şüşə məmulatları
istehsal edən iri zavodların fəaliyyətlərini tamamilə
dayandırmaları, hazırda bəzi xırda sexlər səviyyəsində
istehsal edilən şüşə qabların isə keyfiyyətinin
aşağı səviyyədə olması bu sənaye məhsulunun
xarici ölkələrdən idxalını genişləndirmişdir.
SSRİ-nin süqutu ilə bağlı iqtisadi əlaqələrin
pozulması - xammal təchizatı və hazır məhsulun
satışında yaranmış problemlər, keyfiyyətə
olan tələblər və digər səbəblərlə əlaqədar
Bakı və Gəncə şüşə
zavodlarının fəaliyyəti tamamilə dayanmış,
bu müəssisələr ləğv edilmişdir. Naxçıvan Şüşə Zavodu da
çoxdandır işləmir (bu müəssisə yalnız
şüşə qablar istehsal edirdi).
Üzləşdiyi bir çox obyektiv və subyektiv
çətinliklərə baxmayaraq, son dövrlərədək
fəaliyyət göstərən Sumqayıt Şüşə
Zavodu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq qərarı əsasında "Xəzər" Səhmdar
Cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Səhmdar cəmiyyət
1994-2003-cü illərdə zavodda bir sıra təmir-bərpa
işləri apararaq qırılmış əlaqələri
qismən bərpa etmiş, müəssisənin fəaliyyətini
qismən də olsa 2009-cu ilədək qoruyub saxlaya
bilmişdir. Hazırda yenidənqurma
işləri ilə bağlı fəaliyyətini
dayandırmışdır. Bununla belə,
ölkə başçısının sənayeləşmə
istiqamətində həyata keçirdiyi tədbirlər -
2014-cü ilin "Sənaye ili" elan olunması
Sumqayıtda bu perspektivli sahənin böhrandan
çıxacağına böyük ümidlər
yaradır. Odur ki, mütəxəssislərimiz
yeni qurulacaq zavodun bazasında inkişaf etdiriləcək yeni
layihə üzərində çalışırlar.
"Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası ölkədə
2020-ci ilədək ümumi daxili məhsulun qeyri-neft sektoru
hesabına iki dəfəyədək
artırılmasını nəzərdə tutur. Azərbaycanı
inkişaf etmiş ölkəyə çevirmək məqsədindən
irəli gələn bu hədəfin reallaşdırılması
isə ölkənin sənaye potensialının gücləndirilməsini,
bu sahədə infrastrukturun müasirləşdirilməsini
obyektiv zərurətə çevirir. İnanırıq
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən tədbirlər respublikamızın orta və
uzunmüddətli perspektivdə Avropanın güclü sənaye
mərkəzinə çevrilməsini təmin edəcəkdir.
Qüdrət KƏRİMOV,
"Xəzər" ASC-nin sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.-2014.- 23 yanvar.- S.5.