Azərbaycanın gələcək uğurlarına təminat verən daha bir layihə

 

"Şahdəniz-2", TANAP, TAP - yəni bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə,  bu şirkətlərə böyük sifarişlər veriləcəkdir. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaqdır. Əlbəttə, biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə standartlara uyğun işlər görülür, bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsinonlara şərait yaradılsın. Yəni bu layihə Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir.     

 

 İlham ƏLİYEV

 

 

 

Ötən il dekabrın ikinci ongünlüyündə Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə ölkə iqtisadiyyatı tarixində yeni bir mərhələnin özülü qoyuldu. Bu, "Şahdəniz-2"  üzrə yekun investisiya sazişinin imzalanmasıdır. Saziş Azərbaycanın Avropada mövqeyini daha da möhkəmləndirəcək.

Qeyd edək ki, "Şahdəniz" yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 17 ildən artıq vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan "Şahdəniz" layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilmişdi. Birinci mərhələdə "Şahdəniz" yatağındakı zəngin qaz-kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, "Şahdəniz" qazının dünya bazarına ixracını təmin etmək üçün Cənubi Qafqaz Boru Kəməri (CQBK) tikilib istismara verilmişdir. "Şahdəniz" layihəsinin səhmdarları BP (operator), "Statoyl", ARDNŞ, "LUKoyl", NİKO, "Total" və TPAO şirkətləridir. BP-nin 2013-cü ilin doqquz ayı üçün yaydığı hesabata əsasən, "Şahdəniz" layihəsinin birinci mərhələsi üzrə fəaliyyətlərə 143 milyon dollar, əməliyyat məsrəflərinə isə 1 milyard 364 milyon dollar əsaslı vəsait xərclənmişdir. Bütövlükdə isə 2013-cü il üçün bu rəqəmlərin müvafiq olaraq 222 milyon və 2 milyard 191 milyon dollar olacağı proqnozlaşdırılır.

Keçən ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Xatırladaq ki, "Şahdəniz" yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. 2013-cü ilin doqquz ayı ərzində "Şahdəniz" yatağından 7,3 milyard kubmetr qaz və 1,85 milyon ton kondensat çıxarılmışdır. Hesabat dövrü üçün sutkalıq qazkondensat hasilatının həcmi müvafiq olaraq təxminən 26,6 milyon kubmetr və 337 ton təşkil etmişdir. Bütövlükdə isə 2006-cı ilin dekabr ayında "Şahdəniz"də hasilata başlandığı vaxtdan cari ilin üçüncü rübünün sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz Boru Kəməri vasitəsilə təqribən 44,8 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 12 milyon ton kondensat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri ilə dünya bazarına çıxarılmışdır.

 "Şahdəniz-2" layihəsi ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyinə bariz nümunədir. Ulu öndər Heydər Əliyev tərəfindən ərsəyə gətirilən "Əsrin müqaviləsi" XX əsr üçün nə qədər vacib və əhəmiyyətli idisə, bu layihə də XXI əsr üçün bir o qədər vacib və əhəmiyyətlidir. İndi dünyada enerji ideologiyası əsas faktor sayılır. "Şahdəniz-2" bu kimi layihələrdən olduğundan Azərbaycanın nüfuzunu nəinki  regionda, eyni zamanda bütün Avropa ölkələrində artırır.

Böyük Britaniyanın "British Petroleum" (BP) şirkətinin yaydığı hesabatda bildirilir ki, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Transanadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Transadriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə böyük təkan verəcək.

Ekspertlərin fikrincə, bununla da Türkiyəyə nəql ediləcək qazın illik həcmi artaraq 12,6 milyard kubmetrə çatacaq, digər tərəfdən, bu, Türkiyənin qarşısında yeni imkanlar açacaq. Türkiyə TANAP layihəsinin "ev sahibi" olaraq  layihədən öz daxili ehtiyaclarını ödəmək imkanı qazanacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək artacaq. Üçüncüsü, tranzit ölkələr, o cümlədən Gürsüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır. Azərbaycan isə bu layihədən ilk növbədə bəhrələnə biləcək. Ölkəmiz öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxararaq Avropa Birliyinin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

Son 20 ildə həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də tanıda bilmişdir. Təsadüfi deyil ki, son illər "mavi yanacağ"a artan tələbatın ödənilməsinə çalışan Avropa ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq "Şahdəniz" qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması da gündəmdə olan məsələlərdəndir. Elə keçən il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən ildə 10 milyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliyapotensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Transadriatik Boru Kəmərinin seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addımdır. Bundan əlavə, 2013-cü il sentyabrın 19-da "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən  artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühüm "mavi yanacaq" ixracı marşrutu sayılan Cənub  Qaz Dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır. Bütövlükdə isə "Şahdəniz-2" layihəsi çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq.   

Sözügedən layihə üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Şahdəniz-2",

TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq".

Avtopa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger isə "Şahdəniz-2" layihəsinin yekun qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayaraq demişdir: "Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq Cənub Qaz Dəhlizinin icrasına başlayır. Cənub Qaz Dəhlizinin işlənilməsi hökumətlər və biznes dairələri arasında əməkdaşlığın parlaq nümunəsidir və bu əməkdaşlıq qarşılıqlı faydalıdır". Onun qənaətinə görə, "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarının imzalanması Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcək və Qafqazla Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcək.

XXI əsrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrildiyini bildirən BP şirkətinin baş icraçı direktoru Robert Dadli "Şahdəniz" layihəsini XXI əsrin ikinci yarısında da qaz ehtiyaclarını təmin edəcək nəhəng və misilsiz bir layihə adlandırmışdır. Yekun qərarın qəbul edilməsini ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının növbəti uğuru kimi dəyərləndirən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə Cənub Qaz Dəhlizinin yaradılmasında ən böyük investorlardan birinin SOCAR olacağını diqqətə çatdıraraq qeyd etmişdir ki, yeni enerji layihələri ölkəmiz üçün əlavə imkanlar, müasir texnologiyalar və ən başlıcası, yerləri deməkdir.

Layihəçi-ekspertlərin təbirincə desək, regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə Azərbaycan üçün həm də siyasi baxımdan önəmlidir. İlk mavi yanacağın əldə edilməsi 2018-ci ildə mümkün olacaq. Nəticədə "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə olacaq.

Layihənin icrası istər Azərbaycanda, istərsə də xarici ölkələrdə minlərlə yerinin açılması deməkdir. Bütövlükdə bu layihələrə qoyulan investisiyaların Azərbaycan iqtisadiyyatının inkişafına əlavə töhfələr verəcəyi şəksizdir. "Şahdəniz-2" təkcə qaz sektorunda deyil, eyni zamanda bu sektora xidmət göstərən digər sahələrin də inkişafına etibarlı zəmin yaradacaq.

Heydər Əliyev siyasəti bu gün Azərbaycanda uğurla inkişaf etdirilir. Dahi şəxsiyyətin ən müdrik addımlarından biri 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi" layihəsinin imzalanması idi. Bu, Heydər Əliyevin siyasi iradəsinin bəhrəsi idi. Bunun Azərbaycan və bu layihədə iştirak edən ölkələr üçün iqtisadi baxımdan nə qədər əhəmiyyətli olduğu "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan müqavilələrdə də özünü bir daha göstərir.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 23 yanvar.- S.6.