Şəhid anası
Bir ana tanıyıram, şəhid anası, oğlunun orda-burda gizlənməyindən xəcalət hissi keçirən ana yox, övladının Vətən yolunda şəhid olmasından qürur duyan qeyrətli bir ana. Bu, Həvva anadır ki, həyatda onun üçün doğma olan üç itkidən - oğul itkisindən, yurd-yuva itkisindən, həyat yoldaşının itkisindən əyilmədi, sınmadı, əksinə, oğlunun igidliyindən qürur duydu, güc aldı.
Söhbət Həvva ananın şəhid oğlu Rasim Qəhrəmanovdan gedir. O, 1969-cu ilin mart ayının 9-da Meydan çayının iki hissəyə ayırdığı Çiçəklidağın ətəyində, zümrüd meşələrin əhatəsindəki Qamışlı kəndində dünyaya gəlmişdi.
Qarabağ müharibəsinin
boy atdığı ilk günlərdən
bu kəndin cavanları ana
torpağın müdafiəsinə qalxdılar. Rasim Qəhrəmanov tanınan traktorçu
idi. İşini-gücünü
buraxaraq silahdan
yapışdı. Bir ildən artıq vaxtda günü səngərdə,
barmağı tətikdə keçdi. Həftələr,
aylar keçdikcə igid
əsgərin təcrübəsi artır, döyüş
qabiliyyəti yüksəlirdi. 1993-cü ilin mart ayının
27-si onun son döyüş
günü oldu. Mart onun həm
dünyaya gəldiyi, həm də şəhid olduğu ay kimi doğmaları üçün müqəddəs
tarixə çevrildi.
"Kəlbəcərim qəm dəftərim"
adlı kitabımda Rasim haqqında ilk qeydlərimi etmişəm. O vədə
Rasimin valideynlərinin
məskunlaşdığı Naftalana - "Mil" sanatoriyasına
getmişdim. Şəhid
atası Nemət kişinin və anası Həvva xanımın dediyi sözlər qulağımda
yenidən səslənir:
"Kəndimizdə halal
zəhmətlə, alın
təri ilə dolanan olmuşuq. Övladlarım ilk gündən zəhmətsevən
olublar. Heç biri hökumət
işindən yayınmayıb.
Amma Rasim elə bil, tamam başqa
oğul idi. Hərbi xidmətini başa vurduqdan sonra traktorçuluq sənətinə
yiyələnmişdi. İdarə etdiyi texnika ilə Murov yolunda çalışır,
gecə-gündüz xalqa
xidmət edirdi. Hələ o
zaman ermənilərin
Kəlbəcərə doğru
irəliləməsini əngəlləmək
üçün Otaqqayanı
partlatmışdı.
Günlərin birində kəndimizdən
Gəncəli kişinin
oğlu Yusif döyüşdə şəhid
olmuşdu. Rasim elə bil, bu xəbərə bənd imiş. Dedi ki, gedirəm
cəbhəyə, Yusifin
qisasını alacağam.
1992-ci ilin fevralından
cəsur komandir Ülfət Kərimovun dəstəsində döyüşürdü.
Ülfət onun həm qorxmaz olduğunu yaxşı bildiyindən həmişə kəşfiyyata
göndərirdi.
1993-cü ilin mart ayının
27-də ermənilərin Ağdabana
hücumu zamanı kəndimizdən 13 nəfər
Rasimlə bir yerdə olub. Onlar düşmənə
xeyli müqavimət göstərdilər. Lakin
təpədən dırnağa
kimi silahlanmış quldurların güclü
hücumu qarşısında
tab gətirə bilmədiklərindən
bəziləri
geri çəkiliblər. Rasim Ülfətlə birgə son damla qanlarına qədər vuruşublar. Qızğın döyüşlərdə Rasimin
səngərindən güllə
açılmadığını görən yoldaşları
onun vurulduğunu zənn ediblər. Bu
zaman o, başı sarıqlı çıxaraq yenidən
düşmən mövqelərini
atəşə tutub.
Həmin
döyüşdə çoxlu
düşmən məhv
edilib.
Nemət
kişi oğlunun bir ildən artıq döyüşlərdə iştirak
etdiyini, Həsənrizin
alınmasında xüsusi
xidmətlərini xatırlatdı.
Həvva
ana isə Rasimin camaat arasında böyük hörmət qazandığını,
ömür boyu bir kimsənin xətrinə dəymədiyini
bildirdi.
Şəhid anası deyir ki, neçə vaxtdır bu yerlərdə məskunlaşmışıq. Son vaxtlarda
hər yerdə olduğu kimi, Goranboy
rayonunda da görülən işlər
şəhərin simasını
əməlli-başlı dəyişmişdir.
Burada qaçqın və məcburi köçkünlərə
göstərilən dövlət
qayğısı həqiqətən
də təqdirəlayiqdir.
Naftalan şəhərindəki "Mil" sanatoriyasında məskunlaşan
soydaşlarımız da
dövlətin bu qayğısından qədərincə bəhrələniblər.
Goranboy rayonu ərazisində, səfalı bir guşədə salınmış
müasir görkəmli
qəsəbə göz-könül
oxşayır.
Şəhid Rasim Qəhrəmanovun
valideynlərinə də
bu yaraşıqlı
mənzillərdə ev verilib. Təzə ilin ilk günlərində yolumuzu bu yeni ünvandan salmaqda məqsədimiz həmin ailənin günü-güzəranı ilə
maraqlanmaq, şəhid
övladının ruhunu
yad etmək idi. Həvva ananı mənzilində
tək gördük.
Həyat yoldaşı Nemət
kişi oğul həsrəti ilə dünyasını
dəyişib. İndi
ananın qayğı yükü
ikiqat artıqdır, həm övladlarına atalıq, həm də analıq edir. Şəhid anası nəslin
başında mərdanə
dayanıb. Oğul evləndirib,
qızlarını köçürüb,
on nəvəsi var.
Həvva ana ilə ətraflı
söhbətləşdik, Rasimi
yad etdik. Qəlbisınıq ana gəlişimizdən razı qaldığını
gizlətmədi. Aradan
20 il keçməsinə
baxmayaraq hələ də ananın gözü yolda, qulağı səsdədir.
Oğlunun həyatda yoxluğuna
özünü inandıra
bilmir. Həvva Qəhrəmanova şəhid ailələrinə,
qaçqın və məcburi köçkünlərə
mütəmadi dövlət
qayğısı və
kömək göstərən
Prezident İlham Əliyevə öz dərin minnətdarlığını
bildirdi.
Köçəri
ORUCOĞLU
Azərbaycan.-2014.- 23 yanvar.- S.7.