Azərbaycanın kənd təsərrüfatı
naziri Beynəlxalq Maliyyə
Korporasiyasının missiyasının
nümayəndələri ilə görüşmüşdür
Yanvarın 23-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının missiyasının nümayəndələri ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşün əsas məqsədi Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycanda həyata keçirilən "İnvestisiya mühiti üzrə məsləhət xidmətləri" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının və tərəflər arasında əlaqələrin genişləndirilməsinin müzakirəsi olmuşdur.
Nazir Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirmiş və buna daim dəstək olacağını bildirmişdir.
Görüşdə bağçılıq sahəsində dəyər zəncirinin təhlili, investisiya mühitində şəffaflığın artırılması, aqrobizneslərin rəqabət qabiliyyətinin yüksəldilməsi, aqrar sığorta, qida təhlükəsizliyi və digər sahələrə dair geniş fikir mübadiləsi aparılmışdır. Həmçinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən birgə hazırlanmış "Bitki sortlarının sınağı və qeydiyyatı sahəsində əməkdaşlıq" sazişi müzakirə edilmişdir. Saziş fermerlərin həm ölkədə yaradılan, həm də idxal olunan bitki sortlarının toxumlarının əldə etmək imkanlarının genişləndirilməsi və bununla əlaqədar Dövlət Sort Sınaq Komissiyasının təkmilləşdirilməsi vasitəsilə kənd təsərrüfatı sahəsində məhsuldarlığın və rəqabətliliyin artırılması məqsədi daşıyır.
Nazir Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən bundan sonra da prioritet hesab olunun sahələr üzrə həyata keçirilən layihələrə lazımi şərait yaradılacağını bildirmişdir.
Beynəlxalq
Maliyyə Korporasiyasının missiyasının nümayəndəsi
Heinz Strubenhoff qeyd olunan məsələlərə dair
qısa müddətdə təkliflər paketi
hazırlanacağını və bu əlaqələrin daha
da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini
diqqətə çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 24 yanvar.- S.3.