2013-cü il Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldı
Bu gün ölkəmiz
sürətli yüksəliş dövrünü
yaşayır
Dinamik inkişafı getdikcə daha sürətli xarakter alan müasir Azərbaycan artıq dünyada güclü bir dövlətə çevrilmişdir. Keçən il ölkəmizdə baş verən hadisələrə, həyata keçirilən layihələrə, görülən işlərə nəzər saldıqda Azərbaycanın sürətli iqtisadi inkişafının bir daha şahidi oluruq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Ötən il ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı üçün yaxşı imkanlar yarandı və bu imkanlardan səmərəli şəkildə istifadə edildi.
Tarixə çevrilən 2013-cü il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu ildir. Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. 2013-cü ildə Prezident İlham Əliyev 9 ölkəyə səfər etdi. Həm bu səfərlər zamanı, həm də Bakıda 16 ölkənin dövlət başçıları, 15 ölkənin baş nazirləri, 4 ölkənin parlament sədrləri ilə görüşlər keçirdi. Ölkə daxilində isə dövlət başçısı ötən il 36 rayonda səfərdə olaraq 131 obyektin açılışında iştirak etdi.
2013-cü
ildə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasındakı (TŞ) fəaliyyəti başa
çatdı. Bu, Azərbaycan
üçün böyük tarixi sınaq idi. Ölkəmiz
bütün vəzifələrin öhdəsindən layiqincə
gəldi. Ən əsası, ölkəmizin TŞ-yə sədrliyi
göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər
kəs hesablaşır. Azərbaycanın bu quruma sədrlik
etməsi Prezident İlham Əliyevin apardığı
uğurlu siyasətin nəticəsidir. Dövlət
başçısının məqsədyönlü siyasəti
Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin
beynəlxalq aləmdə mövqelərinin güclənməsinə
və qüdrətli dövlətə çevrilməyimizə
hesablanıb. Xatırladaq ki, Azərbaycanın BMT TŞ-yə
ilk sədrliyi müddətində qurumun 59 açıq və
qapalı iclası keçirilib, 7 qətnamə, şura sədrinin
3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul
edilib. Beynəlxalq sülh və təhlükəsizliyin
təmin olunması istiqamətində öz səylərini əsirgəməyən
və davamlı şəkildə fəaliyyət göstərən
Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq səviyyədə
ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərqərar
olmasına mühüm töhfələrini verdi. Bu müddət ərzində etibarlı və qətiyyətli
tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin
üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar
ilə sıx işbirliyi və əməkdaşlıq
münasibətləri də inkişaf etdirildi.
2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirildi. Bunların sırasında Davos İqtisadi Forumu, III Beynəlxalq Humanitar Forumu, İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrin nazirlərinin iştirakı ilə keçirilən konfransı, İkinci Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd etmək olar. Bu konfranslar Azərbaycanın beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrildiyini bir daha təsdiqləyir.
May ayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı da ölkə ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Mərhəmət və humanizm məfkurəsindən çıxış edərək insanlara daim qayğı, yardıma ehtiyacı olanlara kömək göstərmək Heydər Əliyev Fondunun başlıca məramlarındandır. Azadlıqdan məhrum edilmiş şəxslərin və onların yaxınlarının, ailə üzvlərinin fonda çoxsaylı müraciətlər etməsi vətəndaşların Heydər Əliyev Fondunun ali prinsiplərinə olan ictimai etimadının mühüm göstəricisidir. "Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 7 may 2013-cü il tarixli qərarı ilə 10 040 məhkuma şamil olunan son amnistiya aktı nəticəsində 2268 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edildi. Oktyabrın 14-də isə Qurban bayramı münasibəti ilə imzalanan əfv sərəncamı 153 nəfəri azadlığa qovuşdurdu.
2013-cü ildə ölkə
iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Bu isə rekord göstəricidir. Çünki
heç vaxt bir il ərzində ölkə
iqtisadiyyatına bu qədər investisiya qoyulmayıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50
milyard dollara çatıb. Dünya
miqyasında bu göstəriciyə görə Azərbaycan ən
qabaqcıl yerlərdədir. Azərbaycan
iqtisadiyyatının dayanıqlı və davamlı
inkişafını özündə təcəssüm etdirən
milli sosial-iqtisadi modelin başlıca istiqaməti ölkə
iqtisadiyyatının daha da inkişafı, dünya
iqtisadiyyatına inteqrasiya və Azərbaycan vətəndaşlarının
rifahının yüksəldilməsidir. Ötən
müddət ərzində bu modelin müvəffəqiyyətlə
həyata keçirilməsi nəticəsində Azərbaycanın
uğuru davamlı və sabit xarakter almış, ölkəmiz
nəqliyyat, ərzaq və enerji təhlükəsizliyini təmin
edərək öz siyasi və iqtisadi müstəqilliyini
möhkəmləndirmişdir. Dövlət
müstəqilliyinin üçüncü onilliyini yaşayan
respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla
yüksək əzmkarlıqla və yaradıcılıqla həyata
keçirilən inkişaf strategiyası bütün sahələrdə
öz səmərəli nəticələrini verir.
Keçən
il ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edildi. Bu sahədə görülən işlər
nəticəsində Azərbaycan daha bir uğura imza atdı.
"Azərspace-1" telekommunikasiya peyki orbitə
çıxdı və Azərbaycan kosmik dövlətlər
klubuna daxil oldu. Hazırda dünyada cəmi
11 kosmos dövləti var ki, onun da biri Azərbaycandır.
2013-cü ildə ölkəmizin ictimai-siyasi həyatında
baş verən ən önəmli hadisələrdən biri
isə prezident seçkiləri oldu. Azad, demokratik və tam şəffaf
şəkildə keçirilən bu seçkilərdə
xalq layiqli namizədinə səs verdi. 9 oktyabr seçkilərinin nəticəsi olaraq
xalqımız siyasətin davamlığının təmin
olunması, hər bir fərdin perspektiv mənafeyinə
hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların
ardıcıl şəkildə davam etdirilməsi naminə
ciddi siyasi iradə ortaya qoydu. Dahi lider Heydər
Əliyev siyasətinin alternativsizliyi qənaətini
özü üçün tam yəqinləşdirmiş Azərbaycan
xalqının cənab İlham Əliyevi strateji islahatlar
kursunun layiqli davamçısı görməsi reallıqlarla
şərtlənmiş, obyektiv zərurətdən irəli gəlmişdir.
Dövlətə rəhbərlik
missiyasını üzərinə götürən liderin
şəxsiyyətcə bütöv, iradəli və
sarsılmaz olması xalqın özünə inamını təmin
etməklə yanaşı, hər bir vətəndaşın
sabit və istiqrarlı yaşam tərzinə imkan yaradır.
Xalqın yenidən cənab İlham Əliyevə
etimad göstərməsi dövlət
başçısının rəhbərliyi altında həyata
keçirilən siyasətə verdiyi yüksək dəyər
idi. Xüsusi olaraq qeyd edim ki, Prezident
İlham Əliyev 2013-cü ildə beynəlxalq nüfuzlu nəşrlər
tərəfindən 7 dəfə "İlin adamı"
elan edildi.
2013-cü ilin dekabr ayının 17-si isə Azərbaycan
üçün tarixi bir gün oldu. Həmin gün
Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi
üzrə yekun investisiya sazişi imzalandı.
"Şahdəniz" konsorsiumu son iki il ərzində
Avropaya qazın nəqli üçün boru kəmərinin
bir neçə seçim variantını nəzərdən
keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində
dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri
Azərbaycan qazını Türkiyə, Yunanıstan və
Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.
Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.
"Şahdəniz-2" layihəsinin imzalanması
birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyətinin
və xarizmatik liderliyinin, mükəmməl təşəbbüsünün
məntiqi nəticəsi, əzmkar və möhtəşəm
fəaliyyətin təntənəsi idi. Bu, ölkəmizin
tarixi nailiyyəti, qələbəsi idi. Artıq
Azərbaycan qazının 2018-ci ildən sonra Avropada
satılması ilə bağlı bütün müqavilələr
bağlanmışdır. "Şahdəniz-2"
investisiya sazişi XXI əsrin layihəsidir. Bu layihə ölkəmizin nüfuzunu, iqtisadi
gücünü daha da artıracaqdır.
Bu gün Azərbaycanda regionların sosial-iqtisadi
inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə
aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas
tərkib hissələrindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafını müəyyən
edən birinci və ikinci dövlət proqramları ilə
bağlı həyata keçirilən uğurlu işlərin
nəticəsidir ki, hazırda ölkəmizin bütün
bölgələrində inkişafa nail olunub, regionların
siması, insanların sosial həyatı əhəmiyyətli
dərəcədə yaxşılaşıb. Nazirlər
Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bildirilmişdir ki, ötən il
regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı,
xidmət və ticarət müəssisəsi fəaliyyətə
başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə,
25 idman, 45 mədəniyyət və digər sosial obyektlər
tikilib və ya əsaslı bərpa olunub, 470-ə yaxın
müəssisənin isə tikintisi davam etdirilir. Ötən il 110 min yeni iş yeri açılıb ki,
onlardan 80 mini daimi iş yeridir. İşsizliyin
səviyyəsi isə 5 faizə düşüb.
Azərbaycanda əhalinin maddi rifah halı davamlı
şəkildə yüksəlir, bütün şəhər
və kəndlərin siması gündən-günə
gözəlləşir, ümumi tərəqqini bariz şəkildə
özündə əks etdirir. Bunu ölkəmizin ən
iri sənaye mərkəzlərindən biri olan Sumqayıt
şəhərinin timsalında da aydın görmək
mümkündür. Dinamik inkişafı
ilə Sumqayıt təkcə sənaye yox, digər əsas
sahələr üzrə də özünün sürətli
yüksəliş dövrünü yaşayır. Bu mənada Sumqayıtda görülən işlər
həm miqyasına, həm də nəticələrinə
görə nümunəvi xarakter daşıyır. İndi Bakı ilə sanki bir inkişaf
yarışına girən Sumqayıtın statistik göstəriciləri
burada əksər standartların paytaxtla
uyğunlaşdırılmasına yol açmaqdadır.
Ötən
il Prezident İlham Əliyev iki dəfə
Sumqayıt şəhərinə səfər etmişdir.
Dövlət başçısı may ayının 3-də
Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmiş, Cümə məscidində
əsaslı təmir işləri və Bayraq Meydanında
yaradılan şəraitlə tanış
olmuşdur. Eyni zamanda, Prezident Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Sumqayıt "ASAN xidmət" mərkəzinin və
"Gilan" Tekstil Parkının açılış mərasiminə
qatılmışdır. Mərasimdə dövlət
başçısı demişdir: "Sumqayıt doğrudan
da, gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir
olunur. İstirahət yerləri, bulvar
salınır. Yəni, doğrudan da,
müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi
kimi artıq inkişaf yolundadır. Burada həm
ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi
olaraq inkişaf edir. Belə gözəl
müəssisələrin yaradılması ölkəmizin
gücünü göstərir".
Prezident İlham Əliyev 5 ay sonra oktyabrın 3-də
yenidən Sumqayıt şəhərində olmuş, bir
sıra obyektlərin açılış mərasimində
iştirak etmişdir. Həmin vaxt şəhərdə 1 nömrəli Sumqayıt şəhər
xəstəxanası əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilmiş, Sumqayıt Kimya Sənaye
Parkının təməlqoyma mərasimi olmuş, Sumqayıt
Kimya Sənaye Parkı ərazisində "Azərtexnolayn"
MMC-nin polad boru zavodu açılmışdır. Eyni zamanda, "Sağlam qida" aqrar-sənaye
kompleksi istifadəyə verilmişdir.
Açılış mərasimlərində iştirak edən
dövlət başçısı demişdir:
"Sumqayıt şəhərinin yeni sənaye
inkişafı dövrü bu gün başlayır. Kimya Sənaye Parkının yaradılması sənaye
inkişafının yeni mərhələsi olacaqdır.
Bu müəssisələr və Sumqayıt
Kimya Sənaye Parkının yaradılması və
inkişafı ölkəmizin sənaye potensialını
gücləndirəcəkdir".
Nazirlər
Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bu il "sənaye
ili" elan edilmişdir. Sumqayıt isə
Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye
mərkəzidir. Prezident İlham Əliyev
də dəfələrlə vurğulamışdır ki,
Sumqayıt gələcəkdə dünya miqyasında ən
böyük sənaye mərkəzlərindən biri
olmalıdır.
Yola saldığımız 2013-cü il bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurlu olub. Ötən il Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də mədəniyyətinin nümayişi, təbliği istiqamətində dünyanın ən böyük dövlətlərində tədbirlərin keçirilməsi buna sübutdur. Fəxrlə demək olar ki, Azərbaycan həm də dünyada mədəniyyət-incəsənət dövləti kimi tanınır. Bu isə həm qürurverici, həm də fəxr ediləcək haldır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərin bir illik mənzərəsinə diqqət yetirsək, nə qədər möhtəşəm layihələrin reallaşdığının bir daha şahidinə çevrilərik. 2013-cü ildə Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələrinin müstəsna yeri və əhəmiyyəti var. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyıb. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə səbəbkar olub. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını yeniləşdirmək, səhiyyə və tibbi xidməti inkişaf etdirmək istiqamətində fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir.
2013-cü il ərzində Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər keçirilmişdir. Bunların sırasında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Azərbaycanda ilk dəfə keçirilən UNESCO-nun Qeyri-Maddi İrsin dövlətlərarası komissiyasının iclasını xüsusi qeyd etmək olar. Bu tədbirlərdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin qorunması üçün vacib və önəmli qərarlar qəbul olunmuşdur. Ötən il respublikamızda bir neçə xarici dövlətin mədəniyyət günləri, eləcə də xarici dövlətlərdə mədəniyyət günlərimiz böyük çoşqu ilə qeyd edilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində xarici ölkələrdə də tədbirlər baş tutmuşdur.
Bütün bunlar onu göstərir ki, Azərbaycan daim irəliyə baxan və daha böyük hədəflərə çatmağı qarşıya əsas məqsəd qoyan dövlət olduğundan inkişaf tempini davamlı şəkildə artırır. Azərbaycanda keçən il ərzində istər iqtisadi, istər siyasi, istər mədəniyyət sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərin geniş şəkildə həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb. Keçən ilin belə uğurlarla başa çatması, bu ildə də həmin uğurların davam edəcəyinə xalqımızda böyük inam yaradır.
Leyla ABDULLAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.-2014.- 24 yanvar.- S.5.