Haqlı olan güclüdürmü?

 

Beynəlxalq aləmdə, o cümlədən xarici siyasətdə baş verən proseslərin və hadisələrin müxtəlif istiqamətləri ilə bağlı aktual mövzuların təhlili üzrə ixtisaslaşan "Newtimes.az" informasiya-təhlil portalı bu günlərdə "Haqlı olan güclüdürmü?" adlı məqalələr toplusunu nəşr etmişdir. Toplu XX əsrin böyük siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişdir.

Nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Kitaba ön sözdə qeyd edilir ki, son 2-3 onillikdə beynəlxalq münasibətlərin yeni sisteminin, yaxud bəzən deyilən kimi, "yeni dünya nizamı"nın formalaşması prosesləri gedir. Əvvəlki vaxtlardan fərqli olaraq, indi dünya siyasət müstəvisində hamılıqla qəbul edilmiş oyun qaydaları yoxdur, bir-birinə kəskin zidd olan, bir-birini qarşılıqlı istisna edən yanaşmalar isə dünya miqyasında onsuz da amanabənd sülh üçün çox təhlükəli, qeyri-müəyyən, ikili vəziyyət yaradır.

Oxucuların mühakiməsinə təqdim edilən materiallar məhz müasir mərhələdə geosiyasi proseslərin dinamikatransformasiya xüsusiyyətləri barədə daha dəqiq təsəvvürlər yaratmağa yönəlmişdir. Bu məqalələrin müxtəlif və çox aktual mövzuları əhatə etdiyinə baxmayaraq, onların arasında sıx əlaqə vardır. Topluda portal ilə əməkdaşlıq edən alimlərin, ekspertlərin, analitik və mütəxəssislərin bəşəriyyəti narahat edən proseslər barədə mövqeləri öz əksini tapmışdır. Dövrümüzün ən aktual problemlərinin həllinə yanaşmada ikili standartlarla fərqlənən müasir beynəlxalq münasibətləri səciyyələndirən qlobal trendlərin təhlilinə xüsusi diqqət yetirilir. Nəşrdə güc metodlarının beynəlxalq aləmdə üstünlük təşkil etməsi, dünyada terrorizm qüvvələrinin, mütəşəkkil cinayətkarlığın, separatizmin fəallaşması, sivilizasiyaların toqquşması təhlükəsi və ya multikulturalizm ideyalarının taleyi kimi bəşəriyyət qarşısında duran çağırışlara xüsusi yer ayrılmışdır.

Topluda müxtəlif qeyri-hökumət təşkilatlarının və fondların fəaliyyəti, geosiyasətin yeni aktorları kimi kütləvi informasiya vasitələrinin rolu, dövlətlərin xaricidaxili siyasətində KİV-lərin artan təsiri mexanizminə də geniş yer ayrılmış, beynəlxalq hüququn və "ədalət" anlayışının böhranlı dövr yaşaması məsələsi qaldırılmışdır.

Bizim region üçün çox əhəmiyyətli bir məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi məsələsinə də kitabda xüsusi yer ayrılmış, erməni terrorizminin üzü və beynəlxalq təşkilatların prinsipsizliyi ifşa edilmişdir.

Onu da qeyd edək ki, "Haqlı olan güclüdürmü?" toplusu "ZAMAN STAT" MMC-də çapa hazırlanmış və "Zərdabi LTD" MMC-nin mətbəəsində nəfis poliqrafik tərtibatla çap edilmişdir.

 

Azərbaycan.-2014.- 24 yanvar.- S.6.