Müasir İncəsənət Muzeyinin və «YARAT» Müasir
İncəsənət Məkanının
birgə təşkilatçılığı
ilə uşaq yaradıcılıq sərgisi
açılmışdır
Yanvarın 23-də Müasir İncəsənət Muzeyinin (MİM) və "YARAT" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə MİM-də uşaq yaradıcılıq sərgisi açılmışdır. Açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova muzeyin kollektivinə və sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən layihənin rəhbərinə və valideynlərə təşəkkürünü bildirmişdir.
Diqqətə çatdırmışdır ki, ustad dərslərində iştirak etmək istəyənlərin sayı çoxalmaqdadır. Valideynlər bu dərslərlə çox maraqlanırlar. Belə dərslər uşaqların yaradıcılığının inkişafına öz müsbət təsirini göstərir. Elə uşaqlar var ki, onların işləri artıq nümayiş edilmiş, elələri isə var ki, belə mötəbər sərgidə ilk dəfədir iştirak edirlər. Onların hamısına uğurlar arzulayıram.
"Da'ART" uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva bildirmişdir ki, bu gün əl işləri nümayiş olunan uşaqlar üçün əlamətdar gündür və onların yaddaşında həmişəlik qalacaqdır.
Dilarə Atakişiyeva gözəl ideyaya görə "YARAT" Müasir İncəsənət Məkanının rəhbərinə təşəkkür edərək studiyanın gələcək planlarından danışmışdır. Bildirmişdir ki, müvafiq layihə davam edəcəkdir. İldə iki dəfə muzeydə ustad dərslərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Sərgi üç ay ərzində hər həftənin bazar günlərində MİM-də 7-13 yaşlı uşaqlar üçün keçirilmiş ustad dərslərinin nəticəsi olaraq təqdim olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını dərk etmişlər.
Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin "Da'ART" uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova iştirak etmişlər.
Ümumilikdə
150-dək əl işinin nümayiş olunduğu sərgi
yanvarın 31-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2014.- 24 yanvar.- S.6.