İkinci işğal
aktından sonra...
Azərbaycan torpaqlarının Rusiya və İran dövlətləri arasında bölünməsini təsbit edən Birinci ışğal aktının - Gülüstan müqaviləsinin (12 oktyabr 1813-cü il) 200 illiyi 2013-cü ilin oktyabr ayında Kremlin "Prezident" otelində bayram edildi. Erməni və ermənipərəst siyasətçilərin "tandemi" tərəfindən təşkil olunan bu tədbir başdan sonadək anti-Azərbaycan ahəngində keçirildi. O zamankı Azərbaycanın Qarabağ xanlığı "Erməni xanlığı", azərbaycanlılar isə "işğalçı millət" kimi təqdim olundu. Gülüstan müqaviləsi isə "erməniləri Azərbaycanın işğal etmiş olduğu doğma torpaqlarına qaytarmaqla ədaləti bərpa edən tarixi sənəd" adlandırıldı...
Qəzetimizin 12 oktyabr 2013-cü il tarixli sayında yazıçı-publisist Yusif Kərimovun "İşğal vadisi" adlı yazısı dərc olunmuşdu. Bu gün həmin mövzuda ikinci yazını oxuculara təqdim edirik.
Naibisəltənə Abbas Mirzə Fətəli Şah oğlu Qovanlı-Qacar Türkmançay qalaçasını tərk edərkən verdiyi sözə əməl edə bilmədi. O zaman qalib rus ordusunun komandanı, Qafqaz hakimi qraf Paskeviçə "yenidən döyüş meydanında görüşəcəyini" vəd etmişdi. Lakin Bütöv Azərbaycan uğrunda belə bir döyüş daha baş tutmadı. Ruslar Azərbaycanı ikiyə bölən Araz çayı boyunca möhkəm sipər çəkdilər və Qacar qoşunlarının Arazdan şimala adlamalarına bir daha imkan vermədilər...
Türkmançay müqaviləsi (1828) Rusiya və İran dövlətləri arasında Azərbaycanın ikiyə parçalanmasını, başqa sözlə, pay-bölüş edilməsini "əbədiləşdirdi". Xüsusən XIX əsrin ikinci yarısında əslən azərbaycanlı olan Qacarlar sülaləsi hakimiyyəti tərk edəndən sonra İran dövlətində Azərbaycanı birləşdirmək və vahid dövlət yaratmaq həvəsi azalaraq, tədricən yox oldu. Həmin vaxtdan Azərbaycan müxtəlif müsibətlər yaşadı...
İşğalçılıq və müstəmləkəçilik yürüşünü tarixə həkk edən Türkmançay müqaviləsinin imzalanması mərasimini ötən yazımızda ətraflı təsvir etmişdik. Lakin mərasimdə iştirak edən şəxslərin sonrakı taleyindən danışmamaq mümkün deyil. Çünki onların fəaliyyəti və aqibəti müəyyən dərəcədə Azərbaycanla bağlı olmuşdur.
İran ordusunu diz çökdürən və Azərbaycanın şimal hissəsinin birdəfəlik Rusiya imperiyasının tabeliyinə keçməsini təmin edən general İvan Fyodoroviç Paskeviç Türkmançay müqaviləsinin imzalanması mərasimində "verdiyi vədlərə sadiq qaldı". Daha doğrusu, İmperator Birinci Nikolayın Azərbaycan barədə plan və fərmanlarını sədaqətlə həyata keçirməyə başladı. Çarın bir fərmanına görə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradıldı.
Rusiyanın Qafqaz hakimi qraf Paskeviçin (Feldmarşal) tapşırığı ilə "Erməni vilayəti"ndə aparılan siyahıyaalmada (1828-ci ilin sonu) ərazidə 81749 müsəlman və 25131 erməni qeydə alınmışdı. Bu balansı ermənilərin xeyrinə həll etmək üçün İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlandı. "Erməni vilayəti" 1840-cı ildə "İrəvan qəzası" adlandırılaraq, Tiflis-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə isə "İrəvan quberniyası" (1917-ci ilədək) təşkil edildi.
Bu arada İranla müharibədən qalib çıxaraq, Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan etdi. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi, Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - "Erməni vilayətinə" və Gürcüstana köçürüldü.
Şimali Azərbaycan ərazisində altı əyalət - Talış, Şirvan, Şəki, Qarabağ, Bakı və Quba əyalətləri, Yelizavetpol dairəsi, Car-Balakən vilayəti (1830) və iki distansiya: Qazax və Şəmşəddil distansiyaları yaradıldı.
Beləliklə, Rusiya imperiyası Azərbaycan ərazisini müstəqil xanlıqlardan təmizləməklə yanaşı, həm də Qafqazda özünün "Erməni plasdarmını" yaratmış oldu.
Qafqaz döyüşlərində qələbəsinə görə feldmarşal rütbəsi alan qraf Paskeviç missiyasını başa vurandan sonra buranı tərk etdi. Vaxtilə məşhur Polşa üsyanını amansızcasına yatırdığı üçün "Əlahəzrət knyaz Varşavski" titulu qazanmış qraf imperiyanın Polşada canişini vəzifəsinə təyin olundu. Ömrünün sonunadək bu vəzifədə qalan general-feldmarşal İ.F.Paskeviç 1856-cı ildə, 74 yaşında vəfat etdi.
Lakin İ.F.Paskeviç Qafqazı tərk etməzdən bir il qabaq qohumu və köməkçisi şair-diplomat Aleksandr Qriboyedovun faciəli ölümünün şahidi oldu. Bu hadisə onu bərk sarsıtdı. İmperiyanın "erməni siyasətini" həyata keçirməkdə fəal iştirak etməsi A.Qriboyedovu həm çarın, həm də Qafqaz hakimi Paskeviçin nəzərində çox ucaltmışdı...
İran dövlətində yenicə fəaliyyətə başlayan Rusiya səfiri Aleksandr Sergeyeviç Qriboyedov Türkmançay müqaviləsinin imzalanmış sənədlərini dərhal Peterburqa, İmperator həzrətlərinin hüzuruna apardı. Bu zaman Paskeviçin tapşırığı ilə qalaçada baş verən münaqişə, İran şahzadəsi Abbas Mirzə Qacarla general Paskeviç arasında olan "atışma" barədə heç nə danışmadı. Çar Birinci Nikolay müqavilənin şərtlərindən məmnun qalaraq, onu təsdiq etdi. Daha sonra gənc diplomatın fəaliyyətindən razı qaldığını, rus ordusunun qələbəsində komandan Paskeviçə yaxından kömək göstərdiyini bildirərək, onu İran dövlətində Rusiyanın nazir-rezidenti təyin etdi. Başqa sözlə, şair yenidən İrana qayıdıb, səfir missiyasını davam etdirmək tapşırığı aldı...
Aleksandr İrana qayıdarkən yolunu Tiflisdən salaraq, bir il əvvəl tanış olub, yaxınlıq etdiyi general-qubernator knyaz Aleksandr Çavçavadzenin qonağı oldu. Əslində onu bu ünvana çəkən ailənin kiçik qızı Nino Çavçavadzeyə olan sevgisi idi. Gözəl və mükəmməl savadlı Nino da bu yaraşıqlı rus oğlana vurğun idi. Odur ki, "yolüstü görüş" iki qəlbin ittifaqı ilə nəticələndi. Tərəflərin razılığı ilə Aleksandr Qriboyedovla Nino Çavçavadze arasında nigah aktı bağlandı. Təzə evlənənlərin "bal ayi" cəmi iki həftə çəkdi. Aleksandr iş yerinə tələsirdi. O, Təbrizdə, vəliəhd Abbas Mirzə Qacarın malikanəsində yerləşən rus səfirliyini Tehrana köçürməli, İranda qeydə alınmış erməni ailələrinin Şimali Azərbaycan torpaqlarına köçürülməsi işini səhmana salmalı idi. Qacarlarla münasibətlər tamam yoluna düşəndən sonra o, ailəsi ilə qovuşub, Tehranda məskunlaşa bilərdi. Hələlik isə gənc ərarvad ayrılmalı oldular. Özü də həmişəlik...
Türkmançay müqaviləsinin bağlandığı günün birinci ildönümü ərəfəsində (30 yanvar 1829-cu il) Tehranda Rusiya səfirliyinə kütləvi basqın oldu. Həyəcanlanmış kütlə odlu qasırğaya çevrilib qarşısına çıxan hər şeyi məhv etdi. Səfirliyin bütün əməkdaşları, o cümlədən səfir A.S. Qriboyedov öldürüldü. Onun nəşi Tiflisə aparılaraq, Müqəddəs David kilsəsi yanındakı panteonda dəfn olundu.
Faciə ilə nəticələnən bu qəfləti basqının səbəbi barədə müxtəlif versiyalar mövcuddur. Bir deyimə görə, rusların xeyrinə cəsusluq edən bir erməni aşpazın rus səfirliyində gizlədilməsi Tehran sakinlərinin qəzəbinə səbəb olub. Başqa bir deyimdə isə bu basqının vəliəhd Abbas Mirzə Qacar tərəfindən təşkil olunduğu bildirilir.
Faciənin səbəbləri haqqında fikirlər haçalansa da nəticəsi bir idi. Rus xalqının istedadlı şair və musiqiçi oğlu imperiyanın müstəmləkəçilik siyasətinin qurbanı olmuşdu. A.S. Qriboyedov yaradıcılığının incisi sayılan "Ağıldan bəla" adlı nəzm komediyası bu günədək Rusiyanın teatr repertuarından düşmür...
Tehranda rus səfirinin qətlə yetirilməsi iki dövlət arasında münasibətləri yenidən kəskinləşdirdi. Yaranmış gərginliyi soyutmaq, yeni müharibə təhlükəsindən yayınmaq məqsədi ilə İran hökmdarı Fətəli Şah Qacar mümkün olan hər şeyi etdi. O, nəvələrindən birini, Abbas Mirzənin oğlunu girov kimi imperatorun hüzuruna göndərdi. Bundan əlavə, təzminat olaraq çar sarayına çox qiymətli hədiyyələr göndərdi. Bu hədiyyələr arasında əsrlər boyu İran şahlarının taclarını bəzəyən "Şah" adlı almaz da vardı. Həmin almaz indinin özündə də Kremlin Almaz Fondunun nadir nümunələrindən sayılır...
Türkmançay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edən Abbasqulu Ağa Bakıxanov bu məclisdən çox mütəəssir ayrıldı. Qalib tərəfin nümayəndəsi qraf Paskeviçin amirlik ruhunda danışıqları, xüsusən "erməni məsələsini" müqavilənin əsas maddəsi kimi ön plana çəkməsi, Azərbaycanın bütövlüyü uğrunda həyatını qurban verməyə hazır olan cəsur sərkərdə Abbas Mirzə Qacarı təhqir etməsi Abbasqulu Ağanı bərk qəzəbləndirmişdi. Digər tərəfdən Şimali Azərbaycanda xanlıqların ləğv edilərək, Rusiya tabeliyində əyalətlərə çevrilməsi, əzəli Azərbaycan torpaqlarında gələcəyin erməni dövlətinin yaradılması damarlarında azərbaycanlı qanı axan mütəfəkkir ziyalının heysiyyətinə toxunmaya bilməzdi.
Onu qulluq etdiyi imperiya siyasətindən incik salan başqa səbəblər də vardı. 1828-ci ildə rus qoşunları Cənubi Azərbaycanın içərilərinə soxularkən təkcə Qacar hökumətini təslimçilik aktına qol çəkməyə vadar etməmişdilər, həm də Azərbaycana məxsus olan maddi-mədəni dəyərləri talan edərək, Tiflisə daşımış, oradan da Sankt-Peterburqa göndərmişdilər. Həmin mədəniyyət abidələrindən ən dəyərlisi Ərdəbildəki Şeyx Şəfi kitabxanası idi. Şərqin zəngin bilik məbədi sayılan həmin kitabxanadan Rusiyaya daşınan kitabları və nadir əlyazmaları siyahıya almaq və hər birinin məzmununu rus dilində şərh etmək tapşırığını Paskeviçin əmri və təhdidi ilə Abbasqulu ağa yerinə yetirmişdi. Sonralar hərracdan-hərraca, əldən-ələ keçərək, Londonun "Viktoriya və Albert" muzeyində məskunlaşan məşhur "Şeyx Şəfi xalısı" da işğalçı ordunun əsgərləri tərəfindən qarət edilən Azərbaycan incilərindən idi...
A.A. Bakıxanov Azərbaycanın ikiyə parçalanmasını təsbit edən müqavilədən sonra rus ordusunda qulluqdan imtina edərək, Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə mirzəlik vəzifəsindən istefa verdi. Bundan sonrakı ömrünü bütünlüklə yaradıcılığa həsr etdi. Qüdsi təxəllüsü ilə gözəl şeirlər yazdı, tarixi araşdırmalarla məşğul oldu. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının bünövrəsini qoydu.
Həyatının çox hissəsini rus (xristian) təbəəliyində keçirən Abbasqulu Ağa Bakıxanov-Qüdsi ömrünün sonunda islam dininə iman gətirdi. Bu inamla da müqəddəs həcc səfərinə çıxdı. Lakin bu səfərdən qayıtmadı. 1847-ci ildə 53 yaşlı Abbasqulu Ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat etdi və həmin yerdə dəfn olundu....
Şah sarayının xarici siyasət vəziri Mirzə Əbdül Həsən Xanın əli düşərli olmadı. O, İran dövləti üçün təslim aktı olan Gülüstan müqaviləsindən (1813) sonra ikinci dəfə məğlubiyyət sazişini -- Türkmançay müqaviləsini imzalamaqla çox tezliklə mövqeyini itirdi. Həm sarayda, həm də Fətəli Şahın nəzərində "bədniyyət vəzir" kimi qəbul olunan Mirzə Əbdül Həsən Xan bu soyuqluğa dözməyərək hakimiyyətdən uzaqlaşdı və tez də unuduldu...
Azərbaycanın parçalanmasından ən çox sınan vəliəhd Abbas Mirzə idi. İnsandan soruşurlar ki, "ən qiymətli varidatın nədir?", cavab verir ki, "itirdiklərim". Abbas Mirzə də itirdiklərini özünün ən böyük varidatı hesab edirdi. O, bütöv Azərbaycan uğrunda apardığı döyüşlərdəki məğlubiyyətləri nə özünə, nə də Qacarlar Dövlətinə bağışlaya bilirdi. Türkmançay müqaviləsindən sonra Cənubi Azərbaycandan başqa, həm də Kirman və Xorasan əyalətlərinə hakimlik etsə də vaxtilə at çapıb-qılınc oynatdığı Şimali Azərbaycan üçün bərk darıxırdı. Deyilənə görə, vaxtaşırı Araz çayının sahilinə gəlib onu məzəmmət edərmiş: "...Canım qədər sevdiyim Azərbaycanı niyə parçaladın? Niyə keçilməz sipər olub, aramıza girdin?... Əlacım olsaydı, Fərhad kimi külüng götürüb sənin mənbə aldığın dağları parçalar, axarını başqa səmtə yönəldərdim..." Danışırlar ki, bu sözlərdən sonra Arazın ləpələri bir qədər də qızararmış...
Naibisəltənə (səltənətin hökmdarlığına yeganə namizəd) Abbas Mirzə sınmışdı. Təkcə mənəviyyatca deyil, fiziki cəhətdən də sınmışdı. Kökünə balta çalınmış ağac kimi get-gedə quruyur, nəhəng gövdəsi əriyib cılızlaşırdı. Uşaq vaxtı mübtəla olduğu və seçmə həkimlərin aşkar edə bilmədiyi pünhan xəstəliyi otuz yaşından sonra yenidən baş qaldırmışdı. Lakin bu dəfə onun vücudunu içindən gəmirən xəstəliyin adı tapılmışdı. İngilis cərrahı Karmek bu xəstəliyin kəmik xəstəliyi (sümük ovulması) olduğunu və əlacı olmadığını müəyyən edə bilmişdi...
Abbas Mirzə Fətəli Şah oğlu Qovanlı-Qacar 1833-cü ildə 44 yaşında vəfat etdi. Onu Məşhəddə İmam Əli ibn Museyi-Rza məqbərəsinin yaxınlığında dəfn etdilər...
Türkmançay müqaviləsindən sonra Qacarlar Dövlətinin də ömrü uzun sürmədi. Ağa Məhəmməd şah Məhəmməd Həsən xan oğlu Qovanlı-Qacar tərəfindən 1796-cı ildə əsası qoyulan İran Qacarlar Dövləti heç yarım əsr yaşamadı. Qacarların İkinci Şahı Fətəli Hüseynqulu xan oğlu Qovanlı 1834-cü ildə 62 yaşında vəfat etdi. Onu Qum şəhərindəki Xanım Məsumə türbəsində dəfn etdilər.
Fətəli şahın vəfatından sonra taxt-taca layiq namizəd tapmaq asan olmadı. Hələ Ağa Məhəmməd Şah Qacar tərəfindən vəliəhd, naibisəltənə elan edilmiş Abbas Mirzə Qacar bir il əvvəl dünyasını dəyişmişdi. Fətəli Şahın digər oğlanları (onların sayı 114 idi) isə müxtəlif səbəblərdən hökmdar olmağa layiq deyildi. Bu səbəblərdən biri o idi ki, həmin şahzadələrin əksəriyyəti "yad qadınlardan", başqa sözlə, Qacarlar sülaləsinə qan qohumluğu çatmayan hərəmlərdən doğulmuşdu. "Qan qohumlarından" olanlar isə ya azyaşlı, ya da fərsiz idilər. Nəhayət, "şahlıq quşu" nisbətən fərasətli olan şahzadə Məhəmməd Fətəli Şah öğlunun başına qondu. O, isə özbək qızından doğulduğu üçün Qacarlar nəsli tərəfindən "yad adam" hesab edilirdi. Beləliklə, Məhəmməd şah İran Qacarlar Dövlətinin üçüncü və axırıncı şahı oldu. Onun hökmranlığı dövründə Qacarlar Dövləti bir qədər də zəiflədi və əsrin ikinci yarısında süquta uğradı.
* * *
Zaman dəyişdi. Fateh hökmdarlar kimi, ictimai quruluşlar, dövlətlər də bir-birini əvəz etdi. Lakin dəyişməz qalan yalnız işğal və işğalçılıq siyasəti oldu. Azərbaycanın ilk işğal tarixindən 200 il keçsə də Araz çayı yenə də bizi bizdən ayırmaqda davam edir.
Məhəmməd Şəhriyarın "Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!" misrasındakı çağırış daim xalqımızın qanında çağlayıb. Odur ki, iki əsr ərzində Azərbaycanın həm cənubunda, həm də şimalında çoxsaylı mücadilələr olub. Xalq zaman-zaman silaha sarılaraq müstəqilliyini qazanmaq və bütövlüyünü bərpa etmək üçün ayağa qalxıb, lakin hər dəfə fateh dövlətlər tərəfindən amansızcasına susdurulub. Bunlara misal olaraq, cənubda Səttar xan hərəkatını, Şeyx Xiyabani üsyanını, şimalda yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini göstərmək olar. Cəmi 23 ay ömür sürən AXC bolşeviklər tərəfindən işğal edilərək sovet imperiyasının tərkibinə qatıldı. Xalqımızın böyük ümid bəslədiyi, uğrunda saysız qurbanlar verdiyi "Fəhlə-kəndli dövləti" də ədaləti bərpa etmək fikrindən yan keçdi. Azərbaycanın birləşdirilməsi məsələsini qaldırıb, həll etmək əvəzinə öz payına düşən hissəsindən qırtıq-qırtıq kəsıb qonşu respublikalara payladı. XX əsrin 40-cı illərində iki Azərbaycanın birləşməsi üçün əlverişli şərait yaranmışdı. Paytaxtı Təbriz şəhəri olmaqla Cənubi Azərbaycan Respulikasının yaradılması layihəsi həyata keçirilməli idi. Lakin dövlət səviyyəsində baş verən xəyanət nəticəsində bu layihə də baş tutmadı. Əvəzində minlərlə cənublu qardaşımız Şah ordusunun amansız zərbəsinə məruz qaldı.
Sovet imperiyası
dağılandan sonra işğalın forması
dəyişdi. İki əsr əvvəl
Qafqaza pərçimlənmiş
"erməni plasdarmı"
hərəkətə gətirildi.
Yenə də işğalın ünvanı Azərbaycan oldu. Olub-qalan torpaqlarımızın iyirmi faizi də
bu dəfə zəbt olundu, bir milyon azərbaycanlı
yurd-yuvasından didərgin
düşdü.
Bu gün işğalın
forması dəyişsə
də məzmunu dəyişməyib. Ən qəribəsi odur
ki, işğalçının
işğalçılıq iştahası sönmək
bilmir. Elə olmasaydı, Azərbaycanın
ilk işğal tarixinin
(oktyabr 1813) 200 illiyini
təntənəli surətdə
bayram etməzdilər.
Yusif KƏRİMOV,
əməkdar jurnalist
Azərbaycan.-2014.- 24 yanvar.- S.7.