İdmançılarımız keçən ili möhtəşəm qələbələrlə yola saldılar

 

Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Hər il idmançılarımız beynəlxalq turnirlərdə yüzlərlə medal qazanırlar. Dövlət rəhbərliyi xalqın, ilk növbədə böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, ölkənin idman imicinin yüksəlməsinə çalışır. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xətti həm də idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkədə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.

Dinamik inkişaf cəmiyyət həyatının bütün sahələrində özünü büruzə verir. Bu baxımdan idman da istisna təşkil etmir. Bədən tərbiyəsi və idmanın inkişafı naminə yeridilən dövlət siyasəti düşünülmüş, məqsədyönlü olduğundan gözlənilən nəticələri verir. Dövlətin idman və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin Olimpiya oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr qazanmasına zəmin yaradır. Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm uğurlar artıq adi hal almışdır.

Yola saldığımız 2013-cü il ölkənin idman həyatında da bir çox  əlamətdar hadisələrlə yadda qaldı. İdmançılarımız dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirdilər. Ümumiyyətlə, idmançılarımız ötən il 780-dən çox medal qazanmışlar ki, onlardan 280-ni qızıldır.

Keçən il idmançılarımız bir çox beynəlxalq turnirlərdə uğurlu nəticələrə imza atdılar. Onlardan ən çox yaddaqalanlarını bir daha xatırlayaq.

Böyük idman tədbirlərindən biri ötən ilin iyul ayına təsadüf etdi. Həmin ayın 6-17-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda XXVII Ümumdünya Yay Universiadası keçirildi. Uzun illərdir tələbə idmançıların əsas turniri olan universiada miqyasına və əhəmiyyətinə görə Olimpiya Oyunları ilə müqayisə oluna bilər. Tatarıstan paytaxtına 162 ölkədən 11758 idmançı, o cümlədən 27 olimpiya çempionu və 11 olimpiya mükafatçısı gəlmişdi.

Universiadalar tarixində ilk dəfə olaraq proqrama rekord sayda - 27 idman növü daxil edilmişdi. Tələbə idmançılar beş idman növündə ilk dəfə mübarizə aparırdılar. İştirakçıların və medal dəstlərinin sayı (351 dəst) da rekord səviyyədə idi. 4,5 milyad dollara başa gəlmiş Kazan Universiadası çərçivəsində keçirilmiş yarışları dünyanın 105 ölkəsinin televiziya kanalları işıqlandırmışdı. Tələbə oyunlarını 3 milyard nəfərdən çox televiziya tamaşaçısı izləmişdi.

Belə bir mötəbər idman tədbirində Azərbaycan idmançıları da iştirak etmişdilər. Yığma komandamız XXVII Yay Universiadasına 81 idmançı ilə qatılmış, 10 idman növündə mübarizə aparmışdı. Tələbə idmançılarımız gərgin mübarizə şəraitində keçən yarışlarda 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazandılar. Bu o deməkdir ki, Kazanda milli himnimiz dörd dəfə səsləndi, dövlətimizin bayrağı 16 dəfə qaldırıldı. İdmançılarımız komanda hesabında 15-ci yerə çıxdılar. Avropada 9-cu, müsəlman ölkələri arasında isə 1-ci yeri tutduq. Bu isə əvvəlki illərlə müqayisədə rekord göstəricidir.

Təbii ki, universiadada qazanılmış bu möhtəşəm qələbə hansısa təsadüfün nəticəsi deyil. Kazan zəfərinin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlığı və məsuliyyəti dururdu.

Prezident İlham Əliyev XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və idman mütəxəssislərini qəbul edərkən bildirdiyi kimi, "Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər". Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, cəmiyyətimiz idman sahəsində uğurlara artıq bir növ vərdiş etmişdir: "Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz, idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir".

Kazandan böyük qələbə ilə qayıdan tələbə idmançılarımız ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar.

Ötən ilin idman sahəsində yaddaqalan hadisələrdən biri də İndoneziyanın Palembanq şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışı oldu. Sentyabrın 23-dən oktyabrın 2-dək davam etmiş Oyunlara 43 ölkənin idmançıları, o cümlədən Azərbaycan təmisilçiləri qatılmışdılar.

Cənubi Sumatra əyalətinin Palembanq şəhəri müsəlman dünyasının ən mötəbər idman tədbirinin şahidi oldu. Sevindirici haldır ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular. (Onu da qeyd etmək lazımdır ki, oyunlara qatılmış ölkələrlərdən yalnız 29-u medal əldə edə bildi). Şübhəsiz, təqdirəlayiq nəticədir. Məlumat üçün xatırladaq ki, səkkiz il əvvəl keçirilmiş ilk İslamiadada Azərbaycan idmançıları 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq ölkə sıralamasında 8-ci yeri tutmuşdular.

Bu möhtəşəm idman zəfərinə karateçilərimizin verdiyi töhfəni ayrıca qeyd etmək lazımdır. İndoneziyaya baş məşqçisi, milli federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun rəhbərliyi ilə yollanmış karate üzrə milli komandanın üzvləri Vətənə 3 qızıl və 2 gümüş medalla qayıtdılar. Karateçilərimizin rəqibləri adlı-sanlı idmançılar idilər. Amma İslamiadanın qızıl medallarını qazanan Ayxan Mamayev (84 kq) və Rəfael Ağayev (75 kq), gümüş mükafatçılar Niyazi Əliyev (67 kq) və Şahin Atamov (+84 kq) idmanın bu növündə kimin əsl söz sahibi olduğunu sübut etdilər. Diqqətəlayiq haldır ki,  Azərbaycan karateçiləri İslamiadanın proqramına daxil edilmiş karate üzrə 5 çəki dərəcəsindən 4-nün finalına çıxdılar.

Karateçilərimiz başqa bir uğura isə komanda döyüşündə imza atdılar. Finala çıxan komandamızın rəqibi İran millisi idi. Qonşu ölkənin karateçilərini təqdim etməyə ehtiyac yoxdur - komanda atletik, çəki baxımından güclü idmançılardan təşkil olunmuşdu. Lakin Azərbaycan karateçilərinin əzmkar mübarizəsi bəhrəsini verdi və komandamız güclü rəqibini məğlub edib İslamiadanın qızıl medalının sahibi oldu. Onu da qeyd etmək yerinə düşər ki, karateçilərimiz fərdi yarışlarda uğur qazansalar da, ilk dəfə olaraq mötəbər turnirlərin komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Bu isə həm də onu göstərir ki, karate üzrə milli komanda böyük perspektivlər vəd edir. Komandanın üzvləri kifayət qədər gəncdirlər. Ona görə də onlar hələ uzun illər idmanımızın inkişafına xidmət edəcək, qarşıdan gələn yarışlarda yeni-yeni uğurlar əldə edəcəklər.

III İslamiadanın yüngül atletika yarışlarında Hayle İbrahimovun qələbəsi əvvəlcədən heç kimdə şübhə doğurmurdu: onun 5000 metr məsafəyə yürüşdə qızıl medal qazanması tamamilə təbii idi. Yüngül atletlərimizdən Yekaterina Sarıyevanın qızılını, Dmitri Marşin və Layeş Abdullayevanın bürünc medallarını da qeyd etmək lazımdır.

Ağır atletlərimizə gəlincə, onların qazandıqları medalların sayı diqqəti cəlb edir. Bu medallar arasında qızıl olmasa da, bir turnirdə beş ağırlıqqaldıranın - Əfqan Bayramov (77 kq), İntiqam Zairov (94 kq) və Silviya Angelovanın (49 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilovun (85 kq) bürünc medal qazanması alqışa layiqdir.

Taekvondoçularımız da medalların sayı baxımından fərqləndilər. Ən yüksək nəticəni gümüş medalçı Günay Ağakişiyeva göstərdi. Üstəlik, Türkan Tahirli, Patimat Abakarova və Mikayıl Əliyev bürünc mükafatçılar sırasına düşdülər.

İdmançılarımız Oyunların proqramında yer almış digər növlərdə də medal qazanmağı bacardılar. Üzgüçülər Boris Kirillov qızıl, Yevgeni Lazuka gümüş və bürünc, kamandan oxatanlar Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov komanda yarışında gümüş medal əldə etdilər. Oyunlarda ölkəmizə son medalları isə uşuçular qazandırdılar: Ruslan Pirəliyev (65 kq) qızıl, Elçin Eminov (56 kq) bürünc medalın sahibi oldular.

Beləliklə, idmançılarımızın böyük zəfərə imza atdıqları III İslam Həmrəyliyi Oyunları tarixə qovuşdu. Növbəti İslamiada 2016-cı ildə Bakıda keçiriləcək.

Ötən ilin oktyabr ayında  boksçularımız da qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirdilər. Belə ki, Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı keçirilmişdir. Mundialın son günündə Azərbaycanın iki idmançısı çempionluq üçün rinqə çıxmışdı.

Yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənarlaşdıran Cavid Çələbiyev həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirdi. 56 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz finalda da rəqibini məğlub etməkdə çətinlik çəkmədi - 3:0. Beləliklə, mundialda debüt edən Çələbiyev Qazaxıstanda Azərbaycan millisinə qızıl medal qazandırdı.

Dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə finalda yerli boksçu İvan Dıçko ilə qarşılaşdı. Yarımfinalda London Olimpiadasında uduzduğu Roberto Kammarelleni (İtaliya) mübarizədən kənarlaşdıran təmsilçimiz bu duelin iki raundunda uduzsa da, üçüncü raundda rəqibini nokauta salmağı bacardı. Beləliklə, Məcidov ikiqat dünya çempionu adını qazandı. O həm də Qazaxıstandakı mundialda yeganə nokautun müəllifi oldu.

Çələbiyev və Məcidovdan fərqli olaraq, Teymur Məmmədov (91 kq) yarımfinal səddini keçə bilmədi. Boksçumuz Olimpiadada uduzduğu italiyalı Klemente Russoya yenə də məğlub oldu və bürünc medalla kifayətləndi.

2013-cü il güləşçilərimiz üçün də növbəti uğurlu illərdən biri oldu. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etdilər. Ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur.

Yığma komandalarımızın üzvləri 2013-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 17 qızıl, 15 gümüş, 38 bürünc olmaqla cəmi 70 medal qazandılar.  Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Onlar Avropa və dünya çempionatlarında 10 qızıl, 4 gümüş, 13 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdirdilər.

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qaldı. Belə ki, gənclərimiz Avropa və dünya çempionatında 5 qızıl, 5 gümüş, 14 bürünc medal qazanmaqla əvvəlki illərdəki uğurlu nəticələri davam etdirdilər.

Böyüklərdən ibarət yığma komandalarımız isə 2-si qızıl, 6-sı gümüş, 11-i bürünc olmaqla 19 medal qazandılar. Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 228 medal qazandılar. Bu medalların 75-i qızıl, 56-sı gümüş,  97-si isə bürünc idi.

Ötən ilin ən əlamətdar idman hadisələrindən biri də şahmatçılarımızın Avropa çempionluğudur. Belə ki, noyabrın 8-18-də seçmə komandamız Polşanın paytaxtı Varşavada keçirilmiş kişi şahmatçılar arasında qitə komanda çempionatında birinci yeri tutdu. Bununla şahmatçılarımız həm ölkə, həm də Avropa şahmat tarixinə yeni qızıl səhifə yazdılar. Özü də bu, Azərbaycan şahmatının qitə miqyasında ilk böyük uğuru deyildi. Son 7 ildə kişi şahmat komandamız  dörd qitə çempionatında iştirak etmiş, bu turnirlərin dördündə də medal qazanmışdır. Milli komanda iki dəfə qitə çempionu olmuşdur.  İndiyədək Avropanın heç bir ölkəsi belə bir nəticə göstərə bilməmişdir. Doğrudan da, şahmatçılarımızın növbəti qələbəsi hər cür təqdirə layiqdir.

Şahmatçılarımızın beynəlxalq turnirlərdə göstərdikləri nəticələr, Azərbaycanın şahmat ölkəsi kimi getdikcə özünü təsdiqləməsi dünya idman ictimaiyyətinin də diqqətini cəlb etdi. Ölkəmiz 2015-ci ildə şahmat üzrə Dünya kubokunu, 2016-cı ildə isə Dünya Şahmat Olimpiadasını qəbul edəcək. Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana etimadının artmasını ölkəmizin ayrı-ayrı idman növləri üzrə beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etmək bacarığı ilə yanaşı, idmançılarımızın, o cümlədən şahmatçılarımızın qazandıqları qələbələr şərtləndirir.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, idmanın çoxsaylı növləri arasında şahmatın xüsusi yeri var. Prezident İlham Əliyevin kişi şahmatçılar arasında qitə komanda çempionatının yeni qalibləri ilə görüşərkən vurğuladığı kimi, şahmat idmanın intellektual növüdür və onun inkişafı ölkənin ümumi intellektual potensialını nümayiş etdirir: "Şahmatçılarımızın bu qələbəni əldə etmələrinin təməlində Azərbaycan xalqının istedadı dayanır. Biz Avropa ölkələri arasında birinciyik. Bildiyiniz kimi, ən qabaqcıl texnologiyalar, ən mütərəqqi ixtiralar Avropa məkanında mövcud olur. Avropada birinci olmaq, intellektual oyunda birinci olmaq Azərbaycan xalqının intellektual potensialını bir daha göstərir...  Biz Avropaya, dünyaya göstəririk ki, Azərbaycan intellektual inkişaf baxımından heç kimdən geridə qalmır".

Ötən il noyabr ayının 24-də isə Bakı başqa bir möhtəşəm turnirə ev sahibliyi etdi. Paytaxtda "Baku World Challenge" yarışı çərçivəsində dünya səviyyəli möhtəşəm idman şousu - klassik "Formula -1" avtomobillərinin yarışı keçirildi. "Baku World Challenge" final yarışından əvvəl keçmiş "Formula-1" pilotları Azərbaycan paytaxtında özlərini "Porsche 911 GT3-R" avtomobillərində sınadılar. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirildi. Yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak etdi. Avtoralli Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlandı. Ümumilikdə isə turnir dünyanın 175 televiziya kanalı ilə nümayiş etdirildi. 1970-ci və 1980-ci illərin bolidlərinin səsi tamaşaçıları heyran etdi. Yarışları izləməyə gələn çoxsaylı tamaşaçılar möhtəşəm şou və yarışa böyük maraq göstərdiklərini dəstəkləri ilə sübut etdilər. Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, finişə birinci çatan Belçikanın "Audi Club" komandasının pilotu Laurens Vantur "Audi R8" avtomobilində qalib oldu. Fransanın "Hexis Racing" komandasının pilotu Kevin Estre finişə ikinci çatdı. Almaniyanın "HTP Gravity Charouz" komandasının pilotu Alon Day isə üçüncü nəticə göstərdi.

Şübhə etməmək olar ki, idmanımız gələcəkdə daha da inkişaf edəcək, beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmlədəcək. Yeni qədəm qoyduğumuz 2014-cü il və sonrakı illərdə də idmançılarımızın beynəlxalq turnirlərdə bir-birindən möhtəşəm qələbələrinin şahidi olacağıq. Bu uğurların təməli isə məqsədyönlü  dövlət siyasəti sayəsində artıq qoyulmuşdur.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 26 yanvar.- S.6.