Azad Əliyev qızıl medal qazandı

 

İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku" beynəlxalq turniri başa çatmışdır.

Yarışın sonuncu günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində güləşçilər xalça üzərinə çıxmışlar.

Millimizin heyətində Azad Əliyev (66 kq), Niyaməddin İbrahimov (75 kq), Orxan Nuriyev (85 kq) və Valera Rodriqes (130 kq) mübarizə aparmışlar.

Güləşçilərimizdən yalnız Azad Əliyev mükafatçılar arasında yer almışdır. O, gürcüstanlı, macarıstanlı və iranlı rəqiblərinə qalib gələrək finala yüksəlmişdir. Həlledici görüşdə Gürcüstan idmançısı Marat Abuladze ilə qarşılaşan güləşçimiz rəqibini məğlub edərək turnirin qızıl medalını qazanmışdır.

Bununla da milli komandamız turniri iki medalla başa vurmuşdur. Yarışın ilk günündə Elman Muxtarov (59 kq) bürünc medala sahib olmuşdu.

 

 

Azərbaycan.-2014.- 26 yanvar.- S.8.