«Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun

 təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli

 Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanını "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 dekabr tarixli 85 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1.  5.6.16-cı yarımbənddə "qurumların" sözündən sonra "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla)" sözləri əlavə edilsin;

1.2. 5.6.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.6.22-ci və 5.6.23-cü yarımbəndlər əlavə edilsin:

"5.6.22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin təqdimatı ilə Akademiyanın Elmi Şurasının tərkibini təsdiq edir;

 5.6.23. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin müavinlərini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin təqdimatına əsasən vəzifəyə təyin və vəzifədən azad edir.".

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 dekabr tarixli 85 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturu"nun 2.4.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"2.4.5.  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası;".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2014-cü il

Azərbaycan.-2014.- 26 yanvar.- S.2.