«İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 17 dekabr tarixli 847-IVQD nömrəli
Qanununun tətbiqi və «İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 847-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
4.
"İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7,
maddə 608) 2.1-ci bəndinə "9.1.1-ci," sözlərindən
sonra "10.0.1-ci," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 yanvar 2014-cü il
Azərbaycan.-2014.- 26 yanvar.- S.3.