"Malların beynəlxalq və daxili
tranzit xüsusi gömrük prosedurları altında
yerləşdirilərək
daşınması Qaydaları"nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 5 Bakı şəhəri,
14 yanvar 2014-cü il
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 5nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların beynəlxalq
və daxili tranzit xüsusi gömrük prosedurları
altında yerləşdirilərək daşınması
QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
(bundan sonra - Gömrük Məcəlləsi) 175.4-cü maddəsinə
əsasən hazırlanmışdır və malların beynəlxalq
və daxili tranzit xüsusi gömrük prosedurları
altında yerləşdirilərək daşınması
qaydalarını müəyyən edir.
1.2.
Bu Qaydalar beynəlxalq uçuşları həyata keçirən
hava nəqliyyatının Azərbaycan Respublikasının
gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi)
məcburi (texniki) enmə hallarına (malların hava nəqliyyatına
yüklənilməsi, oradan boşaldılması və bununla
əlaqədar digər yük əməliyyatlarının
aparılmaması şərtilə) şamil edilmir.
1.3.
Malların beynəlxalq poçt göndərişləri,
boru kəmərləri və elektrikötürücü xətlər
vasitəsilə tranziti Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş xüsusiyyətlər
nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq həyata
keçirilir.
1.4.
Gömrük orqanları Gömrük Məcəlləsinin
13.2-ci maddəsində əks olunan məqsədlər
üçün gömrük sərhədindən
keçirilən malların tranziti ilə bağlı əldə
edilən məlumatların öz aralarında və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 95
nömrəli qərarı ilə təsdiq edilmiş
“Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə
daxil olması, çıxması və tranziti ilə
bağlı əldə edilən məlumatların başqa
ölkələrin gömrük və digər səlahiyyətli
dövlət orqanları ilə mübadiləsi Qaydaları”na
uyğun olaraq başqa ölkələrin gömrük və
digər səlahiyyətli dövlət orqanları ilə
mübadiləsini həyata keçirirlər.
1.5.
Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan
edilən daxili mallar və nəqliyyat vasitələri
müvafiq gömrük bəyannaməsi gömrük
orqanı tərəfindən təsdiq olunduğu vaxtdan
başlayaraq, gömrük ərazisindən aparılana,
dövlətin xeyrinə imtina və ya məhv edilənə,
yaxud gömrük bəyannaməsinin Gömrük Məcəlləsinin 154-cü maddəsinə
uyğun olaraq ləğvinədək gömrük nəzarəti
altında olurlar.
1.6.
Dəniz, çay və hava gəmiləri gömrük ərazisində
daxil olduqları, yaxud yola düşdükləri su və hava
limanında bəyan edilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. göndərən gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;
2.1.2. təyinat gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı;
2.1.3. tranzit - malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru.
3. Tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallara dair tələblər
3.1. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara olan tələblər aşağıdakılardır:
3.1.1. təbii aşınma nəticəsində dəyişikliklər və ya təbii itki halları istisna olmaqla, dəyişilməz vəziyyətdə qalmalıdır;
3.1.2. göndərən gömrük orqanı tərəfindən müəyyən edilən marşrutla və müddətdə təyinat gömrük orqanına çatdırılmalıdır.
4. Beynəlxalq tranzit xüsusi gömrük proseduru
4.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.
4.2. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:
4.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;
4.2.2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.
4.3. Bu Qaydaların 4.1-ci bəndində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:
4.3.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;
4.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;
4.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu Aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.
5. Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilən malların rəsmiləşdirilməsi
5.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.
5.2. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu və malların daşınması zamanı istifadə olunan Azərbaycan Respublikasının qanunvericiliyində, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş istənilən kommersiya və ya nəqliyyat sənədini gömrük bəyannaməsi kimi qəbul edir.
5.3. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınmasına icazənin alınması üçün şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları”na müvafiq olaraq gömrük orqanına Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə əsasən müəyyən edilən sənədlərlə birlikdə müraciət edir və icazə dərhal müvafiq qeydiyyat aparılmaqla verilir.
5.4. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
5.4.1. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;
5.4.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.
5.5. İcazənin verilməsindən imtina barədə qərar, imtinanın əsasları göstərilməklə şəxsə dərhal kağız üzərində yazılı və ya onun arzusu ilə elektron formada verilir.
5.6. Şəxs icazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edə bilər.
5.7. Malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.
5.8. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün təqdim edilən sənədlərin surətləri 3 il müddətində gömrük orqanlarında saxlanılır.
5.9. Beynəlxalq tranzit xüsusi gömrük proseduru göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
6. Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru
altında yerləşdirilməsi halları və şərtləri
6.1. Daxili mallar aşağıdakı hallarda beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilir:
6.1.1. mallar gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə daşındıqda;
6.1.2. mallar gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə daşınaraq üçüncü ölkəyə aparıldıqda.
6.2. Daxili mallar aşağıdakı şərtlərlə beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilir:
6.2.1. malların gömrük rəsmiləşdirilməsi bu Qaydaların 5.3-cü-5.6-cı bəndlərinə uyğun olaraq həyata keçirildikdə;
6.2.2. malların statusu dəyişdirilmədən gömrük ərazisinin bir yerindən digər yerinə daşındıqda.
7. Daxili tranzit xüsusi gömrük proseduru
7.1. Daxili tranzit xüsusi gömrük proseduru gömrük ərazisindən aparılması məqsədi ilə bəyan edilən daxili malların, onların statusunu dəyişdirmədən bir gömrük orqanından digər gömrük orqanına daşınmasıdır.
7.2. Bu Qaydaların 7.1-ci bəndində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir.
7.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.
7.4. Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan edilən daxili mallar Gömrük Məcəlləsinin 83.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində gömrük nəzarəti altında olur.
7.5. Daxili tranzit xüsusi gömrük proseduru göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
8. Daxili
tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi
8.1. Daxili
tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən
mallara dair gömrük bəyannaməsi həmin mallar təyinat
gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Göstərilən müddət bəyannaməçi
tərəfindən müvafiq sənədlərin və məlumatların
toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış
müraciəti əsasında gömrük orqanı həmin
müddəti uzadır. Gömrük bəyannaməsinin
təqdim edilməsi müddətinin uzadılmasına
malların müvəqqəti saxlanc xüsusi gömrük
proseduru altında qalma müddəti çərçivəsində
yol verilir.
8.2. Daxili
tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş
malların gömrük rəsmiləşdirilməsi bu Qaydaların
5.3-cü-5.6-cı bəndlərinə uyğun olaraq həyata
keçirilir.
9.
Göndərən gömrük orqanının müəyyən
etdiyi marşrutla və
müddətdə malların təyinat gömrük orqanına və ya
onlarla
razılaşdırılmış digər yerə
çatdırılması
9.1.
Malların tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınmasına icazə almış şəxs həmin
malları göndərən gömrük orqanı tərəfindən
müəyyən edilmiş marşrutla və müddətdə
təyinat gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə
çatdırmalıdır.
9.2. Təqdim
edilmiş nəqliyyat sənədlərində göstərilən
məlumatlar nəzərə alınmaqla, tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilmiş
malların təyinat gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə
çatdırılması üçün marşrut göndərən
gömrük orqanı tərəfindən müəyyən
edilir.
9.3.
Malların təyinat gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə
çatdırılması üçün marşrutu müəyyən
edən göndərən gömrük orqanı nəqliyyat
vasitələrinin növü və imkanlarını,
daşınma şərtlərini, sürücünün
iş rejimi və istirahət vaxtını, habelə mallara
dair səlahiyyətli şəxsin, onun nümayəndəsinin
və ya daşıyıcının müraciətini nəzərə
almalıdır.
9.4.
Marşrutun və müddətin dəyişdirilməsi mallara
dair səlahiyyətli şəxsin, onun nümayəndəsinin
və ya daşıyıcının əsaslandırılmış
müraciətinə əsasən göndərən
gömrük orqanının, malların daşınması
zamanı isə həmin ərazidə fəaliyyət göstərən
digər gömrük orqanının icazəsi ilə həyata
keçirilir.
9.5.
Malların daşınması zamanı marşrutun və
müddətin dəyişdirilməsinə icazə vermiş
gömrük orqanı bu barədə göndərən və
təyinat gömrük orqanlarını elektron informasiya
sistemləri vasitəsilə məlumatlandırır.
9.6.
Fors-major halların yaranması nəticəsində bu
Qaydaların 9.1-ci bəndi ilə müəyyən edilmiş
öhdəlikləri yerinə yetirə bilməyən şəxs
və ya onun maraqlarından çıxış edən şəxs
bu barədə gömrük orqanlarını təxirəsalınmadan
məlumatlandırmalıdır. Belə hallarda
mallar tam itkiyə məruz qalmadıqda, gömrük
orqanlarına onların dəqiq yeri barədə məlumat
verilməlidir.
9.7. Bu Qaydaların 9.6-cı bəndində qeyd olunan
hallarda gömrük orqanları nəqliyyat vasitəsində
olan malların başqa gömrük orqanına və ya
razılaşdırılmış digər yerə
çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.
10. Tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların eyniləşdirilməsi
10.1.
Gömrük orqanları gömrük nəzarəti
altında qalmaqla, gömrük ərazisindən tranzitlə
keçirilməsi nəzərdə tutulan mallara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 253
nömrəli qərarı ilə təsdiq edilmiş “Mallara
gömrük təminatının vurulması Qaydaları”na
uyğun olaraq gömrük təminatının
vurulmasını həyata keçirirlər.
10.2.
Fors-major hallarında malların və nəqliyyat vasitələrinin
mühafizəsini təmin etmək məqsədləri istisna
olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin
götürülməsini və ya məhv edilməsini
yalnız gömrük orqanları, gömrük orqanları tərəfindən
səlahiyyət verildiyi hallarda isə səlahiyyətli
iqtisadi operatorlar həyata keçirə bilərlər.
10.3. Eyniləşdirmə
vasitələri fors-major hallarında götürüldükdə
və ya məhv edildikdə, dərhal gömrük
orqanlarına məlumat verilməli və göstərilən
halların mövcudluğunu sübut edən dəlillər təqdim
olunmalıdır.
10.4.
Gömrük orqanları malların eyniləşdirilməsinə
və digər tələblərin yerinə yetirilməsinə
əmin olduqda, tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların digər gömrük
proseduru altında yerləşdirilmiş mallarla birlikdə
gömrük orqanının nəzarəti altında bir nəqliyyat
vasitəsində daşınmasına icazə verirlər.
11. Tranzit
xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınan malların digər gömrük proseduru altında yerləşdirilməsi
11.1.
Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınan mallar digər gömrük proseduru altında
yerləşdirilə bilər.
11.2.
Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınan malların digər gömrük proseduru
altında yerləşdirilməsi zamanı həmin mallar bəyan
edilməli və müvafiq gömrük proseduru
üçün müəyyən edilmiş şərtlərə
əməl olunmalıdır.
11.3.
Malların digər gömrük proseduru altında yerləşdirilməsini
rəsmiləşdirən gömrük orqanı bu barədə
göndərən və təyinat gömrük orqanlarına
məlumat verir.
11.4.
Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş
malların bir hissəsi digər gömrük proseduru
altında yerləşdirildikdə, həmin mallar üzərində
bu Qaydaların 12-ci hissəsinə uyğun olaraq yük əməliyyatları
aparılır.
12. Tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar üzərində həyata
keçirilən yük əməliyyatları
12.1.
Gömrük ərazisindən malları tranzit daşıyan nəqliyyat
vasitələrinə əlavə malların yüklənməsinə,
malların nəqliyyat vasitəsindən
boşaldılmasına və ya malları daşıyan nəqliyyat
vasitəsinin dəyişdirilməsinə yol verilir. Tranzit xüsusi gömrük proseduru altında
daşınan malların bir hissəsi digər gömrük
proseduru altında yerləşdirildikdə, həmin mallar nəqliyyat
vasitəsindən qismən boşaldılır.
12.2.
Gömrük ərazisi ilə tranzit daşınan mallar üzərində
yük əməliyyatları gömrük nəzarəti
zonalarında və ya gömrük orqanının müəyyən
etdiyi digər yerlərdə gömrük orqanının vəzifəli
şəxslərinin iştirakı ilə həyata
keçirilir. Yük əməliyyatları
aparıldıqda, tranzit daşınma müddəti belə əməliyyatların
aparılması üçün zəruri olan vaxt nəzərə
alınmaqla müəyyən edilir.
12.3.
Mallar üzərində yük əməliyyatları göndərən
gömrük orqanı və ya əməliyyatların
aparıldığı ərazidə fəaliyyət göstərən
gömrük orqanı tərəfindən verilən icazə əsasında
həyata keçirilir.
12.4.
Malların bir nəqliyyat vasitəsindən digər nəqliyyat
vasitəsinə
yenidən yüklənməsinə icazə həmin
ərazidə fəaliyyət göstərən gömrük
orqanı tərəfindən verilir. Malların
yenidən yüklənməsinə icazə vermiş
gömrük orqanı göndərən gömrük
orqanına bu barədə məlumat verir. Yenidən
yüklənmiş mallar təyinat gömrük orqanına
gömrük nəzarəti altında
daşınmalıdır.
12.5.
Malların məhvi, itirilməsi və ya əhəmiyyətli
dərəcədə korlanması təhlükəsi varsa,
daşıyıcı və ya mallara dair səlahiyyətli
şəxs malların boşaldılması və ya yenidən
yüklənməsi üçün tədbirlər həyata
keçirir. Bu halda daşıyıcı
müvafiq akt tərtib edilməsi üçün malların ən
yaxın gömrük orqanına daşınmasını və
ya gömrük orqanının vəzifəli şəxslərinin
malların olduğu yerə gətirilməsini təmin etməli
və malların qorunması məqsədi ilə tədbirlər
həyata keçirməyə məcbur olduğunu əsaslandırmalıdır.
Akt üç nüsxədə tərtib edilir,
aktın birinci nüsxəsi onu tərtib edən gömrük
orqanında saxlanılır, ikinci nüsxəsi göndərən
gömrük orqanına göndərilir,
üçüncü nüsxəsi isə
daşıyıcıya təqdim edilir.
12.6. Malların tranzit daşınması zamanı yol nəqliyyat hadisəsi baş verdikdə, bu Qaydaların 12.5-ci bəndinə uyğun olaraq akt tərtib edilməsi üçün malların ən yaxın gömrük orqanına daşınması və ya gömrük orqanının vəzifəli şəxslərinin malların olduğu yerə gətirilməsi təmin edilməlidir. Malların təyinat gömrük orqanına sonrakı daşınması gömrük nəzarəti altında həyata keçirilir.
12.7. Zədələnmiş qablaşdırmanın düzəldilməsinə, qablaşdırmanın açılmasına, qablaşdırmaya və ya yenidən qablaşdırmaya zərurət yaranarsa, bu halda həmin yük əməliyyatlarının aparılmasına icazə həmin ərazidə fəaliyyət göstərən ən yaxın gömrük orqanı tərəfindən verilir.
13. Yekun müddəalar
13.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan xarici mallar itirildiyi, təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu hesablanarkən, onların müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanının qərarının qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən gömrük dəyəri əsas götürülür.
13.2. Daşıyıcı və onun nəqliyyat vasitələri Gömrük Məcəlləsinin tələblərinə cavab vermədikdə, malların daşınması gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilir. Malların gömrük müşayiəti altında daşınmasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımları alınır.
13.3. Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.
Azərbaycan.-2014.- 26 yanvar.- S.3.