Azərbaycan ilə UNESCO arasında Gənc
Peşəkar Əməkdaş Proqramının təsis edilməsi
haqqında saziş imzalanıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində yanvarın 24-də UNESCO-nun mənzil qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-UNESCO əlaqələri və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Azərbaycanın UNESCO ilə əlaqələrə xüsusi önəm verdiyini deyən Elmar Məmmədyarov ötən il iyulun 18-də ölkəmiz ilə bu qurum arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinin münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulamışdır.
İrina Bokova Azərbaycanın UNESCO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirmiş, ölkəmizin təşkilatın qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırmışdır. O, UNESCO ilə əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi vurğulamışdır.
Görüşdə
Elmar Məmmədyarov və İrina Bokova Azərbaycan ilə
UNESCO arasında Gənc Peşəkar Əməkdaş
Proqramının təsis edilməsi haqqında saziş
imzalamışlar.
Saziş
Azərbaycanın gənc mütəxəssislərinin UNESCO
Katibliyində çoxtərəfli mühitdə fəaliyyət
göstərməsinə və beynəlxalq təcrübə
toplamasına imkan yaradacaqdır.
AzərTAc
Azərbaycan.-2014.- 26 yanvar.- S.5.