Uğurlu əməkdaşlıq modeli

 

Respublikamızın Avropa Şurasına tamhüquqlu

üzv qəbul edilməsindən 13 il ötür

 

 

 

Azərbaycanın əməkdaşlıq əlaqələrini ildən-ilə inkişaf etdirdiyi Avropa təsisatlarından biriAvropa Şurasıdır. Azərbaycan Respublikası Avropa Şurası ilə əməkdaşlığa doğru ilk addımı 1992-ci ilin yanvarında atmış və xüsusi qonaq statusu almaq üçün rəsmi müraciət etmişdi. Lakin bu məsələ həmin vaxt öz müsbət həllini tapmamışdı.

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən daxilixarici siyasəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya düzgün şəkildə çatdırılmağa başladı. Bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Avropa Şurasında 1996-cı ildə xüsusi qonaq statusu aldı. 2000-ci ilin iyulundan noyabrınadək davam edən müzakirələrdən sonra noyabrın 9-da AŞ PA-nın 222 saylı rəyi əsasında Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında 14 saylı xüsusi qətnamə qəbul edildi. Qətnamədə deyilirdi: Azərbaycanın Avropa Şurasına üzv olmağa və nizamnaməyə qoşulmağa dəvət edilməsi; Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi.

Azərbaycanın Avropa Şurasına qəbulunu hazırlamaq məqsədilə yaradılmış monitorinq qrupu müvafiq sənədləri təqdim etdikdən sonra 2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi və rəsmi mərasim yanvarın 25-nə təyin olundu. Bununla da Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə etdi.

Hazırda təşkilatla respublikamız arasında sıx əməkdaşlıq formalaşmışdır. Bu əməkdaşlıq müxtəlif formaformatda həyata keçirilir. Məlumdur ki, Avropa Şurasının əsas məqsədi fərdi və siyasi azadlıqların qorunmasında, hüququn aliliyinin təmin edilməsində üzv ölkələrin böyük birliyinə nail olmaqdır. Avropa Şurası yaranandan öz məqsədlərinin reallaşdırılması və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün təkanverici qüvvə rolunu oynayır.

Hələ 1996-cı ildə (Azərbaycanın xüsusi qonaq statusu almasından iki həftə əvvəl) Azərbaycan xarici işlər nazirinin Strasburqa səfərinin nəticəsi olaraq Avropa Şurası ilə ölkəmiz arasında, demək olar ki, təşkilatın bütün fəaliyyət sahələrini əhatə edən geniş fərdi əməkdaşlıq proqramı tərtib olunmuşdu. Fərdi proqrama uyğun olaraq bu əməkdaşlıq Azərbaycanda demokratik institutların təkmilləşdirilməsi, inzibati strukturların və məhkəmə sisteminin yenidən qurulması, milli qanunvericiliyin Avropa sisteminə yaxınlaşdırılması, təhsil, elm, mədəniyyət və başqa sahələrin inkişafına kömək etməli idi. Ulu öndər Heydər Əliyevin 1996, 1998 və 1999-cu illərdə "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında" sərəncamları da Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasına qədər dövlətimizlə təşkilat arasında fəaliyyət proqramı kimi mühüm əhəmiyyət kəsb etmişdi. Bu sərəncamlarla qarşılıqlı əməkdaşlığın istiqamətləri, forma və metodları müəyyən edilmişdi. Azərbaycan təşkilata tamhüquqlu üzv olduqdan sonra isə əməkdaşlığın daha yeni və müxtəlif formaları mümkün olmuşdur.

Ümumiyyətlə, Avropa Şurasında əməkdaşlıq təşkilatın daxili nizamnaməsinə uyğun olaraq müxtəlif formatda həyata keçirilir. Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycanı təşkilatın strukturlarında respublikanın idarəetmə orqanlarındakı mövqeyinə görə müxtəlif subyektləri təmsil edir. Belə ki, şuranın Nazirlər Komitəsində ölkəmizi hökumət nümayəndəsi (xarici işlər naziri) təmsil edir. Bu, hökumət ekspertləri tərəfindən konvensiya və sazişlərin hazırlanmasında və komitənin iclaslarında müzakirələr zamanı hüquqi əsasda milli yanaşma tərzinin öz əksini tapmasına şərait yaradır. Həmçinin problemlərin müzakirəsi zamanı onların həllinə dair Ümumavropa yanaşma tərzi formalaşır.

Avropa Şurasının Parlament Assambleyasında isə respublikamızı parlamentimiz tərəfindən seçilmişya təyin edilmiş nümayəndə heyəti təmsil edir. Bu isə qanunverici orqanımız olan Milli Məclisin mövqeyinin Nazirlər Komitəsinin fəaliyyətinin istiqamətinin müəyyənləşməsində böyük rol oynayan Parlament Assambleyasında öz əksini tapmasına şərait yaradır.

Avropa Şurası ATƏT, BMT, Avropa Birliyi və digər təşkilatlarla, eyni zamanda qeyri-hökumət təşkilatları (QHT) ilə sıx əməkdaşlıq edir. Bununla da üzv dövlətlər AŞ ilə yanaşı, digər beynəlxalq təşkilatlarla da paralel münasibətlər yaratmaq imkanı əldə edirlər. Həmçinin 400-dən artıq QHT-yə məşvərətçi status verilməklə sıravi vətəndaşların maraqlarını müdafiə edən təşkilatlarla da əməkdaşlığın əsası qoyulmuşdur.

Avropa Şurası indiyə qədər 190-dan çox konvensiyasaziş qəbul edib. Bu konvensiyalar həyatın bütün sahələrini əhatə etsə də, ümumi və əsas bir prinsip üzərində - insan hüquqlarının qorunması prinsipi üzərində qurulmuşdur. Azərbaycan da, öz növbəsində, Avropa Şurasında qəbul edilib qüvvəyə minmiş bir çox konvensiya və sazişləri təsdiqləmişdir. Bu konvensiyaların imzalanmasında əsas məqsəd Azərbaycan qanunlarının Ümumavropa qanunvericiliyi ilə uzlaşdırılmasıdır. Belə ki, Azərbaycan parlamenti bu konvensiyaları ratifikasiya etməklə bərabər, Azərbaycan qanunvericiliyində bu konvensiyalara uyğun müxtəlif dəyişikliklər və unifikasiyalar edir.

Azərbaycan bu mötəbər qurumla əlaqələr yaratdığı gündən bəri təşkilatın nümayəndələri tez-tez Azərbaycana gəlir, ölkənin dövlət və hökumət başçıları ilə görüşlər keçirirlər. Beləliklə, Azərbaycan həqiqətləri Avropa Şurasına və eyni zamanda bütün dünyaya olduğu kimi çatdırılır.

Azərbaycan parlamenti ilə AŞ arasında əməkdaşlığın möhkəmlənməsi və inkişafında AŞ PA-da nümayəndə heyətimizin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Əslində, Azərbaycan hələ 1996-cı ildə xüsusi qonaq statusu aldığı vaxtdan Parlament Assambleyasının sessiyalarında iştirak etmək hüququ qazanmışdı. 2001-ci ildə tamhüquqlu üzv olduqdan sonra isə Parlament Assambleyasına göndərilmək üçün Azərbaycan Respublikasının Milli Məclisi cənab İlham Əliyevin rəhbərliyi ilə 6 parlamentar və onların 6 müavinindən ibarət nümayəndə heyəti təşkil etdi. Nümayəndə heyəti Parlament Assambleyasında iştirakının ilk günlərindən fəal işləyərək Azərbaycanın mənafeyini müdafiə etməyə başladı. Nümayəndə heyəti tərkib baxımından da çox yüksək intellektual potensiala malik üzvlərdən təşkil edilmişdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə onlar arasında ilk gündən möhkəm birliyə nail olunmuşdu. Belə ki, siyasi əqidəsindən asılı olmayaraq, nümayəndə heyətinin bütün üzvləri bir məqsəd uğrunda çalışırdılar. Prezident İlham Əliyevin dediyi kimi, bu məqsəd Azərbaycanın milli maraqlarını təmin etmək və ölkəmizin mövqeyini möhkəmləndirmək idi.

2001-2003-cü illər ərzində, yəni cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi illər ərzində, eləcə də 2003-cü ildən sonra nümayəndə heyətimiz Parlament Assambleyasının ən fəal üzvləri olmuşlar. Assambleyanın iclaslarında, komitələrində, siyasi qrupların iclaslarında nümayəndə heyətimiz çox fəal iştirak edirlər. Demək olar ki, müzakirə olunan bütün məsələlər haqqında Azərbaycanın mövqeyi bildirilir. Təbii ki, bu fəallıq öz nəticəsini verməyə bilməzdi. Azərbaycan həqiqətləri artıq Avropa Şurasına düzgün çatdırılır. Artıq Avropa Şurası regionda baş verən prosesləri daha düzgün qiymətləndirmək imkanına malikdir. Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı mənfur planları isə Avropa Şurasında dəfələrlə alt-üst olmuş, nümayəndə heyətimizin gərgin fəaliyyəti nəticəsində Ermənistanın mənafeyinə zidd olan çoxsaylı qərarlar qəbul edilmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında yer almışdır. Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı bildirmişdi: "Bu gün bizim strateji seçimimiz Avropaya, Avropa ailəsinə, strukturlarına inteqrasiyadır. Biz bu siyasətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan Avropaya xas olan bütün standartlara, bütün ölçülərə cavab versin. Budur bizim siyasətimiz və uzun müddətdir onu həyata keçiririk. Bu gün Azərbaycanda baş verənlər bu siyasətin davamının nəticəsidir".

Azərbaycanda keçirilən seçkilərlə bağlı qurumun mövqeyi də diqqəti cəlb edir. Qurum təmsilçiləri 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərinin seçki qanunvericiliyinə müvafiqdemokratik şəraitdə yekunlaşdığını seçki sonu yaydıqları hesabatlarda əks etdirmişdilər. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Daimi Komitəsinin noyabrın 22-də Vyana şəhərində keçirilmiş iclasında bir sıra Ümumavropa əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı, oktyabr ayında quruma üzv iki dövlətdə keçirilmiş prezident seçkiləri ilə bağlı da ətraflı fikir mübadiləsi aparılmışdı. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə missiyasının üzvü kimi Bakıda olduğunu, gedişatı bilavasitə izlədiyini və nəticələri yüksək qiymətləndirdiyini söyləmişdir. O, Robert Volterin həm seçkidən sonrakı bəyanatını, həm də hazırladığı hesabatı tam dəstəklədiyini qeyd etmişdir.

Qurumun Azərbaycan üzrə digər həmməruzəçisi Jozef Debono Qrex Azərbaycanın demokratik irəliləyişdəki müvəffəqiyyətlərinə diqqət yönəldərək bildirmişdi: "Biz Avropa Şurası olaraq indiyə kimi Azərbaycanda gördüyümüz işlərlə qürur duymalıyıq. Çünki Azərbaycanın Avropa Şurasına 10 ildən çox üzvlüyü ərzində təşkilatın, keçmiş və hazırkı həmməruzəçilərin yardımı ilə apardığımız dialoq vasitəsilə ölkəni Avropa Şurasının dəyərlərinə yaxınlaşdıra bildik".

Azərbaycan ötən 10 ildə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığı üstün tutmuşdur. Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi ölkəmizə olan marağı artırmaqdadır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 25 yanvar.- S.2.