Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yanvarın 24-də ədliyyə naziri Fikrət Məmmədov Qəbələ Mədəniyyət Mərkəzində Oğuz, İsmayıllı, Qəbələ və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında birbaşa yazılmaq imkanı yaradılmışdır.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır. Qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə digər müraciətlər üzrə müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 25 yanvar.- S.2.