Bakıda «Real məkan. Konseptual məkan» - alman fotoqrafiyası 90-cı illərdə» adlı sərgi açılmışdır

 

Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Real məkan. Konseptual məkan" - alman fotoqrafiyası 90-cı illərdə" adlı fotoşəkillərdən ibarət sərgi açılmışdır.

Açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmiş və paytaxtımızda belə bir sərginin açılmasını gənc azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan verəcəyini söyləmişdir.

Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya bildirmişdir ki, "Müasir alman fotoqrafiyasının aspektləri" adlı tədbirlər çərçivəsində keçirilən sərgidə 90-cı illərin alman fotoqrafiyasının inciləri nümayiş etdirilir.

Sərgidə Susanna Brügger, Tomas DemandHaydi Şpekerin üç müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşmişdir. Bunu həm Haydi Şpekerin "çəkilmiş" mücərrəd memarlıq şəkillərində, həm Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, həm də Tomas Demandın qurularaq inşa edilmiş məkanla bağlı şəkillərində çox aydın görmək olar. Sərginin adında məkanın reallıq və təsvir kimi ziddiyyəti anlayışlarla əlaqəli vurğulanması təsvir vasitəsilə bağlı spesifik bir polemikanı göstərir.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel belə sərgilərin açılmasının ölkələrimiz arasında mövcud mədəni əlaqələrə öz müsbət təsirini göstərəcəyini söyləmişdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayevaya, "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida MahmudovayaMüasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirən səfir hər kəsi fevralın 28-dək davam edəcək sərgi ilə yaxından tanış olmağa çağırmışdır.

Bakıda ilk dəfə olduğunu bildirən fotoqraf Haydi Şpeker diqqətə çatdırmışdır ki, sərgidə təxminən otuz müxtəlif fotoşəkil təqdim edilmişdir.

Vurğulanmışdır ki, "Real məkan. Konseptual məkan" adlı sərgi 1998-ci ildən etibarən dünyanın 50-dək müxtəlif ölkəsində nümayiş etdirilmişdir.

Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova alman fotoqraflarının əsərlərini yüksək qiymətləndirmişdir.

Özünün yaradıcılıq axtarışlarından söz açan Aida Mahmudova vurğulamışdır ki, hazırda intensiv işləyir və müvafiq əsərlərini cari ilin ortalarında başa çatdırmaq niyyətindədir. Bu ilin sonunda xaricidə fərdi sərgisinin keçirilməsini də planlaşdırır.

Sərgi çərçivəsində yanvarın 25-də almaniyalı fotoqraf Haydi Şpeker "YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında gənc fotoqraflar üçün seminar keçirəcəkdir.

 

Azərbaycan.-2014.- 25 yanvar.- S.6.