Azərbaycanın kənd təsərrüfatı naziri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşmüşdür

 

Yanvarın 24-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqı arasında əməkdaşlığın və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycanın Avropaya daim inteqrasiya etdiyini deyən nazir Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında "Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək proqramı"nın uğurla həyata keçirildiyini, bunun cari ildə də davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirmişdir. H.Əsədov "Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək proqramı" çərçivəsində ötən il üçün nəzərdə tutulmuş fəaliyyətlərin - ərzaq təminatı və baytarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin, regional baytarlıq laboratoriyaların bərpasının, işçilərə təlim keçirilməsinin uğurla reallaşdırıldığını diqqətə çatdırmışdır.

Nazir xüsusilə aqrar sahədə xidmət sahələrinin özəlləşdirilməsi, struktur islahatların aparılması üzrə beynəlxalq ekspertlərin dəvət olunması, süni mayalanma sisteminin yenidən qurulması, peşə təhsili, kənd təsərrüfatının elektronlaşdırılması və digər məsələlər üzrə Avropa İttifaqı tərəfindən həm texniki, həm də büdcəyə dəstəyin olmasının vacibliyini qeyd etmişdir.

Xanım Malena Mard Avropa İttifaqı tərəfindən aqrar sahədə uzun illər ərzində layihələrin həyata keçirildiyini, gələcək üçün üç prioritet istiqamətdən birinin kənd yerlərinin və regionların inkişafı olduğunu bildirmişdir. Avropa İttifaqının Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı tərəfdaş olduğunu bildirən Malena Mard ərzaq və qida təhlükəsizliyi, sertifikatlaşma sahələrində əməkdaşlığın davam etdirilə biləcəyini və bu məqsədlə işçi qrupunun yaradılmasının vacibliyini vurğulamışdır. O, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixrac imkanlarının daha da genişlənəcəyinə ümidvar olduğunu, fəaliyyəti dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 25 yanvar.- S.5.