Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, onların qəbulu və  müraciətlərinə daim  qayğı və həssaslıqla yanaşılması dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 24-də baş prokuror Zakir Qaralov Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərindən, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişdir.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror 130-dan artıq vətəndaşın ərizə və şikayətlərini dinləmiş, qaldırılan məsələlərin həll olunması üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar vermişdir.

Qəbulda bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmışdır. Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqdaya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların qəbulu işinin düzgün təşkili və onların müraciətlərinə obyektiv baxılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 25 yanvar.- S.5.