Nazirlər Kabinetində Azərbaycan-Macarıstan iqtisadi əlaqələri müzakirə edilmişdir

 

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, qədim tarixə və mədəniyyətə malik iki dost ölkənin əməkdaşlıq üçün daha böyük perspektivlərə malik olduğu xatırlanmışdır.

Tərəflər Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 3-cü iclasından ötən dövr ərzində görülmüş işləri nəzərə almaqla qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarını müzakirə etmişlər.

Baş nazir Artur Rasizadə hökumətlərarası komissiyanın müzakirələri zamanı əsasən qeyri-neft sektorunda müştərək müəssisələrin yaradılmasına, habelə tikinti, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əczaçılıq, turizm və digər istiqamətlərdə birgə layihələrin icrasına diqqət yetirməyi tövsiyə etmişdir.

Səmimi qəbula görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirən Peter Siyarto respublikamızın sürətli iqtisadi inkişafının şahidi olduğunu diqqətə çatdırmışdır. O, Macarıstanın bütün beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın yanında olduğunu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan etmişdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 28 yanvar.- S.1.