Bakıda Azərbaycan-Macarıstan
biznes forumu keçirilmişdir
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti
və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın həmsədri
Peter Siyartonun rəhbərlik
etdiyi nümayəndə
heyətinin ölkəmizə
səfəri çərçivəsində
yanvarın 27-də Bakıda
Azərbaycan-Macarıstan biznes
forumu keçirilmişdir.
AzərTAc xəbər verir
ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə keçirilmiş
biznes forumda tikinti, İKT, kənd təsərrüfatı, qida
emalı avadanlıqları,
tekstil, tibbi texnologiyalar, əczaçılıq,
turizm, qablaşdırma,
maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə
fəaliyyət göstərən Macarıstan şirkətləri iştirak
etmişlər.
Forumda iqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev çıxış
edərək iki ölkə arasında siyasi münasibətlərin
yüksək səviyyədə
olduğunu, iqtisadi əlaqələrin uğurla
inkişaf etdiyini vurğulamışdır.
Bildirilmişdir ki, dövlət
başçılarının qarşılıqlı səfərləri,
aparılan müzakirələr,
imzalanmış sənədlər
əlaqələrin inkişafına
təkan vermişdir.
Hökumətlərarası Komissiyanın, Parlamentlərarası
Əlaqələr üzrə
İşçi Qrupun
səmərəli fəaliyyəti,
ötən il Şuşa ilə Döndöş şəhərlərinin
qardaşlaşması haqqında
birgə bəyannamənin
imzalanması, Bakı-Budapeşt
birbaşa hava xəttinin açılması,
bu ilin əvvəlində
Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə
qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması, iqtisadiyyatın
müxtəlif sahələrində
əlaqələrin genişlənməsi
Azərbaycan-Macarıstan əməkdaşlığının
hərtərəfli inkişafının
göstəriciləridir. Hazırda iqtisadiyyatın
müxtəlif sahələri
üzrə əməkdaşlıq,
eləcə də ticarət əlaqələri
yüksələn xətt
üzrə inkişaf
edir. Bakıda Macarıstan Ticarət
evinin açılması
bu əlaqələrinin
genişlənməsinə əhəmiyyətli töhfədir.
Nazir Şahin Mustafayev
2005-2013-cü illərdə ölkələrimiz arasında
9 biznes forumun və işgüzar görüşün keçirildiyini
vurğulamış, işgüzar
dairələrin iştirakı
ilə keçirilən
tədbirlərin iş
adamları arasında
əlaqələrin yaradılmasına,
iqtisadi əməkdaşlığın
genişlənməsinə, yeni layihələrin icrasına və biznes təşəbbüslərin
inkişafına təkan
verdiyini diqqətə
çatdırmışdır. Qeyd olunmuşdur ki, Macarıstan şirkətləri
Azərbaycanda əsasən
kənd təsərrüfatı
və xidmət sahələrində uğurla
fəaliyyət göstərirlər.
Son iki ildə
keçirilmiş biznes
forum və işgüzar
görüşlərin nəticəsi
olaraq inşaat, informasiya kommunikasiya texnologiyaları sahələrində
layihələrin həyata
keçirilməsi barədə
razılaşmalar əldə
olunmuşdur.
Bildirilmişdir ki, bugünkü
tədbirdə hər
iki tərəfdən
müxtəlif sahələrdə
fəaliyyət göstərən
şirkətlərin 150-yə yaxın nümayəndəsi
iştirak edir və biznes forum iş adamları arasında qarşılıqlı
əlaqələrin genişləndirilməsində,
yeni əməkdaşlıq
imkanlarının müəyyənləşdirilməsində
əhəmiyyətli rol
oynayacaqdır. Nazir macar iş adamlarını
azərbaycanlı sahibkarlarla
sənaye, kənd təsərrüfatı, inşaat,
turizm və digər sahələrdə
birgə layihələri
müzakirə etməyə
və əlaqələri
daha da genişləndirməyə
dəvət etmişdir.
Macarıstanın xarici işlər
və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ölkəmizdəki
dinamik iqtisadi inkişafdan məmnunluğunu
ifadə etmişdir. P.Siyarto əlaqələrin
bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə əminliyini
bildirmiş, iş adamları
arasında əlaqələrin
Macarıstan-Azərbaycan iqtisadi-ticarət
əməkdaşlığının inkişafına təkan verəcəyini vurğulamışdır.
Macarıstan iqtisadiyyatı, ölkəsinin
biznes və investisiya imkanları barədə məlumat verən dövlət katibi macar şirkətlərinin
kənd təsərrüfatı,
səhiyyə, turizm, enerji sahələrində
əməkdaşlıqda maraqlı
olduğunu diqqətə
çatdırmışdır. O, Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə
qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına görə Azərbaycan hökumətinə təşəkkürünü
bildirmişdir.
AZPROMO-nun
rəhbəri Rüfət
Məmmədov ölkəmizdə
investisiya mühiti və biznes imkanları, Macarıstanın
İnvestisiya və Ticarət Agentliyinin
(HİTA) vitse-prezidenti Peter Bilek Macarıstan-Azərbaycan
ticarət əlaqələrinə
və
HİTA-nın göstərdiyi
xidmətlərə dair
təqdimatlarla çıxış
etmişlər.
Biznes
forum iş adamları arasında ikitərəfli
görüşlərlə davam etmişdir.
Azərbaycan.-2014.- 28 yanvar.- S.1.