2013: möhtəşəm il
İlin uğurlu yekunları
2013-cü il xalqımızın bütün sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə yadda qaldı. İstər ictimai-siyasi, istər sosial-iqtisadi və eləcə də digər sahələrdə müşayiət olunan nikbin dinamika da respublikamızın inkişafının davamlı olduğunu təsdiq edir. Qarşıya qoyulan bütün məsələlərin öz həllini tapması ilə yanaşı, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü layiqincə davam etdirməsi, ilk süni peykinin orbitə çıxarılması, ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ötən ilin respublikamız üçün yaddalan bir dövr olduğunu göstərir.
Xalqın iradəsinin
təntənəsi
Azərbaycanda ötən ilin ən mühüm və əlamətdar siyasi hadisəsi oktyabrın 9-da keçirilən prezident seçkiləri oldu. Bu seçkidə İlham Əliyevin möhtəşəm qələbəsi müdrik və qədirbilən xalqımızın siyasi iradəsinin növbəti dəfə təntənəsi olmaqla insanların öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin - ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixləşdi. Seçkilərin nəticəsi olaraq xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoydu. Danılmaz reallıqdır ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı son seçkilərdə daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətə səs verməklə ölkənin taleyinə biganə olmadığını göstərmişdir. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.
Ümumiyyətlə, prezident seçkisi bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Seçkinin nəticələri nüfuzlu xarici siyasi dairələr, o cümlədən populyar xarici KİV-lər tərəfindən yüksək qiymətləndirildi. Rəylərdə, hesabatlarda, informasiyalarda, məqalələrdə seçkinin şəffaf keçirildiyi və ölkəmizin demokratiya yolu ilə inkişaf etdiyi qeyd olundu. Beynəlxalq müşahidəçilər keçirdikləri mətbuat konfranslarında yekdilliklə Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməsini yüksək qiymətləndirərək respublikamızın dinc və sabit ölkə olduğunu, demokratiya yolu ilə uğurla irəlilədiyini, demokratik seçkilərin keçirilməsinə görə bir çox ölkələrə örnək olduğunu birmənalı şəkildə qeyd etdilər.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə deyilir: "Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər azad, ədalətli şəkildə keçirilmişdir. Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət vermişlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam".
Sosial-iqtisadi
yüksəlişin növbəti mərhələsi
Respublikamızda ardıcıl həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2013-cü ildə də ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, dövlətin, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatlar ölkəmizin qüdrətini və imicini daha da artırıb, perspektiv inkişafa, xalqın rifahının durmadan yaxşılaşdırılmasına xidmət edib.
Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı respublikamızdakı iqtisadi və siyasi vəziyyəti dərindən təhlil etdi, əldə edilmiş uğurlar qiymətləndirildi, qarşıda duran vəzifələr və onların həlli yolları dəqiq müəyyən olundu. Dövlət başçısının vurğuladığı kimi, ötən il qarşıya qoyulmuş bütün iqtisadi və sosial vəzifələr öz həllini tapıb, ölkəmizin uğurlu inkişafı davam edib. Prezident İlham Əliyev deyib: "Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik".
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafını müəyyən edən birinci və ikinci dövlət proqramları ilə bağlı həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda ölkəmizin bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olmuşdur.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası daim Prezident İlham Əliyevin diqqətində olub. Bunu dövlət başçısının regionlara etdiyi səfərlər də bir daha təsdiq edir. 2013-cü ildə Prezident İlham Əliyev Qəbələ (2 dəfə), Hacıqabul, Mingəçevir, Qobustan, Sumqayıt (2 dəfə), Şirvan, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz, Şabran, Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara, Lənkəran, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Gədəbəy, Quba (2 dəfə) və Qusarda səfərdə olub. Ümumilikdə götürdükdə isə dövlət başçısı bölgələrə 39 dəfə səfər edib.
Prezident regionlara etdiyi səfərlərdə 131 sosial obyektin açılışında iştirak edib. Dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlərin statistikasına nəzər saldıqda görərik ki, bir ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 Gənclər Mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq Meydanı, 6 hotel kompleksi, 6 Mədəniyyət Mərkəzi, 4 Olimpiya İdman Kompleksi, 5 İdman Mərkəzi (2 Atıcılıq klubu, 2 Regional Boks Mərkəzi, 1 Milli Qolf Klubu) 5 Mərkəzi xəstəxana, 3 körpələr evi - uşaq bağçası, 2 muzey, 2 elektrik stansiyası, 1 hava limanı tikilib istifadəyə verilib. Bununla yanaşı, dövlət başçısı səfər etdiyi 36 rayon və şəhərin 17-də içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, eləcə də 16 rayonda avtomobil yolunun açılışında iştirak edib. Eyni zamanda Prezident İlham Əliyev 3 rayonda 4 yeni körpünün açılışı mərasiminə qatılıb, Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə tanış olub.
Ümumilikdə 2013-cü ildə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı bərpa olunub. 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.
Düşünülmüş
xarici siyasət
Tarixə çevrilən 2013-cü il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu ildir. Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirib, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyilir: "2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq".
2013-cü ildə Prezident İlham Əliyev 9 dövlətə - İsveçrə, Belçika, Avstriya, Xorvatiya, Monteneqro, Türkiyə, Ukrayna, Belarus və Litvaya səfər edib. Bu səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə təkan verib.
Cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk rəsmi səfərlərini Türkiyə və Ukraynaya edib. Bu, Türkiyə və Ukrayna ilə strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir. Noyabr ayının sonlarında Prezident İlham Əliyev Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammitində iştirak etmək üçün Litvaya işgüzar səfər edib. Qeyd edək ki, bu sammit Azərbaycanın tam müstəqil siyasət yeritdiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu mənada Azərbaycan diplomatiyası Vilnüs sammitindən qalibiyyətlə ayrıldı.
Vilnüsdə Prezident İlham Əliyev bir neçə ölkənin prezidenti və hökumət başçıları ilə də görüşüb. Fransa Prezidenti Fransua Olland, Latviya Prezidenti Andris Berjins, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İspaniyanın Baş naziri Mariano Rahoy Brey, Estoniya Respublikasının Baş naziri Andrus Ansip, Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşlərdə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirən görüşlərdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2013-cü ildə Serbiya Prezidenti Tomislav Nikoliç, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Abdullah Gül, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Sloveniyanın Baş naziri Yanez Yanşa, Yunanıstanın Baş naziri Antonis Samaras, İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta, Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Bolqarıstanın Baş naziri Plamen Oreşarski, Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycana səfər ediblər.
Prezident İlham Əliyev həm səfərləri zamanı, həm də Azərbaycanda 16 ölkənin (Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Xorvatiya, Monteneqro, Avstriya, Fransa, Latviya, Serbiya, Gürcüstan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Ermənistan) dövlət başçıları, 15 ölkənin (Xorvatiya, Monteneqro, Avstriya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İspaniya, Estoniya, Litva, Sloveniya, Yunanıstan, İtaliya, Gürcüstan, Bolqarıstan, Albaniya) Baş nazirləri, 4 ölkənin (Türkiyə, Ukrayna, Monteneqro, Xorvatiya) parlament sədrləri ilə görüşüb. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş və düşünülmüş olduğunu göstərir.
Beynəlxalq
miqyasda qəbul edilən liderlik nümunəsi
Ötən on ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub, o cümlədən xalqımızın malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib. Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib.
Prezident İlham Əliyevin siyasi xəttinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqların müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin başladığı neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırmağa qadir olduğunu göstərdi. Azərbaycanın kosmik klubun üzvü olması ölkəmizin iqtisadi potensialını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi, hər bir vətəndaşın həyatında da irəliləyişlərə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, beynəlxalq tədbirlər məkanına çevrilməsini təmin edib.
Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmişdir. Onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindəndir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
2013-cü ildə Prezident İlham Əliyev 8 dəfə "İlin adamı" adına layiq görülüb. Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti, geniş oxucu kütləsinə malik nüfuzlu "VİOAS" ("Hind okeanının və Ərəb dənizinin səsi") jurnalı, İstanbulda keçirilən Xəzər Forumu, Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı, Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalı, Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) və Azərbaycanın ANS televiziyası tərəfindən Prezident İlham Əliyevin "İlin adamı" elan edilməsi göstərir ki, dövlət başçısı praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi özünü təsdiq edib. Bu kimi keyfiyyətlər, onların nəticəsində əldə olunan uğurlar, dünynın aktual problemlərinin həllinə verilən töhfələr beynəlxalq ictimaiyyətin diqqətindən qaçmayıb və Prezident İlham Əliyev dəfələrlə keçirilən beynəlxalq sorğuların, nüfuzlu nəşrlərin araşdırmaların nəticələrinə görə ən yüksək adlara layiq görülüb.
Milli maraqlara xidmət
edən və dünyanın nəbzini tutan enerji siyasəti
Ötən on ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluqla yetişməsini uğurla təmin edib. Dövlət başçısı neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin praktik şəkildə gerçəkləşməsinə nail olub. Beləliklə, 2005-ci ildə əfsanədən həqiqətə çevrilən BTC neft kəmərinin müəllifi Heydər Əliyev olan "Əsrin müqaviləsi"nin qanunauyğun məntiqi nəticəsi idi. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrildi. Xəzər neftinin Ceyhan limanına çatdırıması, Ceyhandan isə dünya bazarlarına göndərilməsi həmişə çətin sınaqlardan böyük uğurla çıxmış, özünü təsdiqləmiş Heydər Əliyev siyasi kursunun real və parlaq qələbəsi kimi tarixə düşdü.
Ötən ilin sonlarında Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan növbəti möhtəşəm hadisə baş verdi. Bakıda "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalandı. Xatırladaq ki, 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub qaz dəhlizi" layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
İmzalanma mərasimində Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: "Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. Bu gün "Şahdəniz-2" enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir".
"Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. Layihə indiyədək kəşf edilmiş 3 trilyon kubmetrə yaxın Azərbaycan qazının ən azı 100 il birbaşa satışı üçün Avropada vasitəçisiz bazar yaradır, bununla da Azərbaycan dünyada həm neft, həm də qlobal qaz ixracatçısına çevrilir. Bu isə uzun illər Azərbaycanın milli gəlirlərinin formalaşmasının diversifikasiyası deməkdir.
"Əsrin müqaviləsi" ilə müqayisə olunan "Şahdəniz-2" üzrə yekun investisiya qərarı ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin enerji siyasətinin uğurlu nəticəsidir. Bu qərar, sadəcə, iqtisadi və kommersiya deyil, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə xidmət edən çox mühüm sənəddir. Bu layihənin reallaşması Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradan çox mühüm amillərdən biri olmaqla yanaşı, ölkəmizin dünyadakı mövqelərini, regional və qlobal miqyasda rolunu və yerini daha da gücləndirəcək.
2013-cü ildə Azərbaycan mötəbər beynəlxalq siyasi, iqtisadi, idman tədbirlərinə layiqincə ev sahibliyi etdi. Azərbaycana gələn xarici qonaqlar respublikamızı daha yaxından tanıdılar, buradakı inkişafa şahid oldular. Ötən il dövlət başçısı tərəfindən 1 amnistiya aktı və 1 əfv sərəncamı imzalandı. Bu humanist addımlar nəticəsində törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən və cəzasının müəyyən hissəsini çəkmiş bir qisim məhkum cəzasının qalan hissəsindən azad edildi.
2013-cü il ərzində baş verən hər bir ictimai-siyasi və sosial-iqtisadi hadisə Azərbaycanın dünyadakı yerinin daha da möhkəmlənməsinə, nüfuzunun və demokratik imicinin yüksəlməsinə xidmət etdi. İqtisadi yüksəliş isə paralel şəkildə vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edən siyasətin həyata keçirilməsi ilə müşayiət olundu. Beləliklə, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsi əvvəlki dövrlər kimi, 2013-cü ili də xoş ovqatla başa vurdu.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 28 yanvar.- S.4.