Azərbaycan ilə Macarıstan arasında əməkdaşlığın və ticarət

əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunmuşdur

 

Yanvarın 27-də Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ilə görüşmüşdür.

Görüşdən əvvəl Macarıstan nümayəndə heyəti Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafından bəhs edən sərgi ilə tanış olmuşdur.

Görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanmış və əməkdaşlığın hüquq-müqavilə bazası yaradılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılmış, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elminnovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir.

Görüşdə bildirilmişdir ki, ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsinin həcmi 40 faizə yaxın artmışdır. Növbəti iclası yanvarın 28-də Bakıda keçiriləcək Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir. Macarıstanın Azərbaycanla kənd təsərrüfatı, ərzaq məhsullarının emalı və heyvandarlıq sahələrində uğurlu əməkdaşlıq etdiyini deyən P.Siyarto səhiyyə, kənd təsərrüfatı, turizm, enerji sahələrində də əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırmış, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişafı imkanları, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 28 yanvar.- S.5.