Azərbaycan ilə Macarıstan arasında
mədəniyyət və turizm
sahəsində
qarşılıqlı maraq doğuran məsələlər müzakirə
edilmişdir
Yanvarın 27-də Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə yüksək nüfuza malik nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu, rəhbərlik etdiyi nazirliyin işinə qarşı tərəfin göstərdiyi marağa görə qonaqlara təşəkkürünü bildirmişdir.
Diqqətə çatdırmışdır ki, hər iki dövlətin səfirliklərinin səyi nəticəsində ölkələrimiz arasında əlaqələr son vaxtlar daha da genişlənmişdir. Ümumiyyətlə, 2006-cı ildən başlayaraq Azərbaycan və Macarıstan arasında mədəniyyət və turizm əlaqələri inkişaf etməkdədir.
Sonra qonağa Azərbaycanda mədəniyyət və turizmin inkişafı, müvafiq sahələrdə həyata keçirilən böyük işlər haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, belə görüşlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri Peter Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir.
Azərbaycan ilə Macarıstan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və inkişaf perspektivlərinin geniş müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulmuşdur.
Görüşdə
Azərbaycanın Macarıstandakı səfiri Vilayət
Quliyev və Macarıstanın ölkəmizdəki səfiri
Jolt Çutora iştirak etmişlər.
Azərbaycan.-2014.- 28 yanvar.- S.5.