Azərbaycanlı deputatlar AŞ PA Nazirlər Komitəsinin sədrinə sualla müraciət etmişlər

 

Yanvarın 27-də günün ikinci yarısında öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri  Sebastyan Kurz rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabat verdikdən sonra deputatlar ona şifahi sualla müraciət etmişlər.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə müraciət edərək Ermənistanın Azərbaycana təcavüzü məsələsini növbəti dəfə qaldırmış, Avropa Şurasını bir daha bu problemin həlli istiqamətində təsirli addımlar atmağa çağırmışdır. R.Hüseynov məsələni kəskin şəkildə qoyaraq demişdir: "Hörmətli cənab nazir! Oxşar sualı mən son 13 ildə Nazirlər Komitəsinin bütün sədrlərinə vermişəm və daim əsasən ümumi sözlərdən ibarət standart cavab eşitmişəm. Vəziyyət isə qətiyyən standart deyil və mənim verdiyim suallar da, sədrlərin verdiyi cavablar da yazılır, tarixdə qalır. Başqa dövlətin ərazisini işğal etmək Avropa Şurasının bütün prinsiplərinə ziddirAvropa Şurası 2001-ci ildə Ermənistanı Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş ölkə kimi sıralarına qəbul edib, şərt də qoyub ki, münaqişə həll edilsin. Problem həll edilmir. Avropa Şurası heç bir təsirli addım atmır, bir milyondan artıq qaçqın və köçkün isə bizdən daim soruşur: Nə vaxtadək gözləyək?

Mən də sizdən soruşuram: daha nə qədər gözləsinlər?"

Nazirlər Komitəsinin sədri birbaşa qoyulmuş bu sualı cavablandırmaqda çətinlik çəkmiş və bildirmişdir ki, o da sorğuya konkret müddəalarla cavab verməkdə acizdir. Problemin həllinin vacibliyini, işğal altındakı ərazilərin azad edilməsinin mütləq olduğunu vurğulayan Nazirlər Komitəsinin sədri dialoqun intensivləşdirilməsinə diqqət yönəltmişdir. Amma ATƏT ilə yanaşı, problemin daim Avropa Şurasının da gündəmində qalacağını, bu qurumun da münaqişənin həlli üçün bundan sonra səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Nümayəndə heyətinin digər üzvü  Qənirə Paşayeva sədrə belə bir sual vermişdir: "Bir neçə gün əvvəl  Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq  millət vəkili seçildiyim Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində  açdıqları atəş nəticəsində kənd sakini, 38 yaşlı Ruhiyyə Hüseynovanı yaralaması barədə məlumat almışam. Ermənistan silahlı qüvvələri sivil, günahsız və dinc əhaliyə qarşı tez-tez belə addımlar atırlar. Bu yaxınlarda yenə bir ailənin evi və əkin sahəsində işləyən gənc erməni snayperinin açdığı atəşə məruz qalmışdır.

Nazirlər Komitəsinin yeni sədri kimi siz bu məsələyə necə baxırsınız?"

Nazirlər Komitəsinin sədri azərbaycanlı deputatın sualına cavabında  bildirmişdir ki, təşkilat bu məsələni ciddi şəkildə nəzərə alacaq və vəziyyəti diqqətdə saxlayacaqdır. Əlbəttə, hər cür zorakılığın qarşısı alınmalıdır. Ümid edirəm ki, Avropa Şurası bu məsələyə öz töhfəsini verə bilər. Bizim fəaliyyətimizdə dialoq əsas məqsəd olmalıdır. Bu suala ümumi cavab vermək istəmirəm. Amma bir neçə həftədən sonra sizə yazılı şəkildə cavab verməyə çalışacağam.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan.-2014.- 28 yanvar.- S.5.