Arılar sevinəndə...
Hava elə şaxtalı idi ki, tezliklə qar yağacağına heç kim şübhə etmirdi. Dağların başı ağarıbsa, deməli, tezliklə aşağılara da qar düşəcək. Ağacların üstündə qalmış təkəm-seyrək qızılı yarpaqlar da qarın, şaxtanın gəlişini hiss etmiş kimi özlərini torpağın qucağına atırdılar. Bəli, payızla qışın qovuşduğu günlər belə olur. Elə bu ovqatla Zaqatala şəhərindəki Heydər Əliyev parkında gəzişə-gəzişə arıçı Mövluddin Qurbanəliyevi gözləyirdim-bura vədələşmişdik. Mövluddin həm də Zaqatala Arıçılar Birliyinin sədridir. Təbiət vurğunudur, arıçılıqla məşğul olmaq həm də bu vurğunluğundan irəli gəlir.
Düz dediyimiz vaxtda Mövluddin Qurbanəliyev parkın girişində göründü-yanında da özündən az cavan bir nəfər. Onunla da tanış olduq-arıçı Aleksandr Milaserdov. Qərara gəldik ki, elə parkda bir çay masası arxasında söhbət edək. Söhbətə Mövluddinlə başladıq.
- Arıçılıq babamdan qalıb. Çitada hərbi xidmətimi başa vurduqdan sonra Zaqatalaya qayıtdım. Bir həftə dincəldikdən sonra atama qoşulub arıçılıq sovxozuna getdim. Həvəsimi və bir az da bacarığımı görüb işə götürdülər. Atamla birgə 60 arı ailəsinə baxırdıq. Evdə də arılarımız var idi, həm də onlarla məşğul olurduq. Getdikcə arıçılığa daha çox bağlandım.
1995-ci ildə aparılan islahatlara uyğun olaraq Zaqatala arıçılıq sovxozu ləğv edilir və sovxozdakı arı ailələri işçilər arasında staja və əmlaka uyğun olaraq bölüşdürülür. Elə həmin vaxtdan da Mövluddingil arıçılıq üzrə fermer təsərrüfatı yaradırlar.
Hazırda Mövluddin Qurbanəliyev təcrübəli arıçı kimi 240 arı ailəsi saxlayır. Qış gələndə arıları rayonun aran ərazisində (Yuxarı Talada, Qırğıllıobada) məskunlaşdırır. Yayda isə üz tuturlar çiçəkləri min bir rəng alan Zaqatala dağlarına.
2006-cı ildə Mövluddin Qurbanəliyev təcrübə mübadiləsi məqsədi ilə Amerikanın müxtəlif ştatlarında olub. Ay yarımlıq müddət ərzində arıçılıqla bağlı iştirak etdiyi konfranslarda, keçirdiyi görüşlərdə çox şey öyrənib. Bir daha yəqinləşdirib ki, arıçının başlıca məqsədi ekoloji cəhətdən təmiz bal məhsulları əldə etməyə nail olmaqdır. Sonralar Gürcüstanda, Türkiyədə arıçılıq məhsulları sərgilərində də iştirak edib.
Mövluddinin bildirdiyinə görə 2013-cü il arıçılar üçün çətin il oldu: - Yay mövsümü çox yağışlı keçdi. Buna görə 6 dəfə arıların yerini dəyişib köç etməli olduq. Arıçılar yaxşı bilir ki, hər çiçəyin öz dövrü var. O dövrə uyğun arıları başqa məkana köçürməlisən. Əks halda arıların yemlənməsinə mənfi təsir edir, inkişaf getmir. Tozlanma olmayanda qida zəifləyir, məhsuldarlıq aşağı düşür.
M.Qurbanəliyev onu da qeyd etdi ki, həm arı ailələrinin sayına, həm də arı məhsullarının keyfiyyətinə görə Zaqatala ölkədə birinci sıradadır.
Bayaqdan sakitcə həmkarını dinləyən Aleksandr Milaserdov da təmiz Azərbaycan dilində (şübhəsiz ki, Zaqatala ləhcəsi ilə) söhbətə qoşulur: - Bu yay havaların yağışlı keçməsi işimizə çox ziyan vurdu. Qidalanmanın zəifliyinə görə arılar taqətdən düşdü, hətta qırılanları da oldu. Ancaq həyat davam edir. Təbiətdən, havadan nə qədər asılı olsaq da çalışırıq ki, arıçılığı yaşadaq.
Aleksandr Milaserdov 1979-cu ildə Zaqatalada doğulub. Nənəsi,
babası vaxtilə
arıçılıqla məşğul
olub. Onun dediyinə görə
keçmişdə Zaqatalada
ruslar da arıçılıqla məşğul
olublar. Bu ənənəni o da böyük məmnuniyyətlə
yaşadır. 2002-ci ildən müstəqil təsərrüfatçıdır. İlk vaxtlar 45-50 arı ailəsi olsa da, sonralar artırıb
100-ə çatdırıb. Saşanın arılarının qış ünvanı Makov kəndi, Alazan çayının qırağındakı Qarabulaq
ərazisidir. Yayda isə
Mazıx, Qəbizdərə
yaylaqlarına üz tuturlar.
A.Milaserdov da M.Qurbanəliyevlə birgə Almaniyada, Türkiyədə sərgilərdə
olub. Qeyd edir ki, arıçıların bir-biri
ilə məsləhətləşməyi
çox vacibdir.
Belə olanda xoş münasibətlər işə
də yaxşı təsir edir.
Mövluddin əlavə edir ki, arıçılıq
çox həssas peşədir. Elə hallar olur ki, ya vəlvələdən-ya
zəlzələdən, kiminsə
arılarının hamısı
qırılır. Belədə digər arıçılar
yığışıb ona
arı ailəsi bağışlayır, müvəqqəti
çətinlikdən çıxmaq
üçün dayaq
olurlar. Peşəkar arıçılar arasında bu bir ənənədir.
Hansısa arıçının sıradan
çıxması ümumi
işə ziyan vurur. - Bu fikri də Aleksandr Milaserdov əlavə edir.
Bu vaxt Mövluddinin
telefonuna zəng gəlir. Kənara çəkilib
qısa danışıqdan
sonra bildirir ki, iki arıçı
dostumuzdur, "Azərbaycan"
qəzetinə müsahibə
verdiyimizi biləndə
onlar da gəlmək istədilər,
məsləhətdisə...
Əlbəttə, məsləhətdir.
Çay
məclisimiz bir az da böyüdü. Tahir Qasımov
və Şaban Mehdiyev də öz fəaliyyətlərindən
danışdılar.
Tahir Bəhmədli
kəndindəndir, 41 yaşı
var. Dədə-babadan nəsilliklə
arıçılıqla məşğul
olublar. Tahir 16-17 yaşlarından başlayıb arıçılığa,
indi 40 arı ailəsi var. Elə Bəhmədlidə saxlayır.
Yaz gələndə isə dağlara qalxırlar.
Tahir deyir ki, üç
oğlunun üçü
də arıçı
olmaq istəyir, bu da onu
çox sevindirir.
Çünki elə olur valideyn dünyasını
dəyişəndə arılara
baxan olmur deyə məhv olub gedirlər.
58 yaşlı Şaban Mehdiyev isə Qəbizdərə kəndindəndir:
- Atamdan 10 arı ailəsi qalmışdı
- deyə bildirir: Özüm də o zamanlar arıçılıq
sovxozunda sürücü
işləyirdim. Getdikcə arıçılığa
marağım artdı.
Əvvəl 30 arı ailəsinə
çatdırdım, indi
100-dür. Köç vaxtı uşaqlarım
çox kömək edirlər. Düzdür,
çətinliklər də
az olmur.
Ancaq işimizdir, çətinliyə
dözməyi də bacarmalıyıq.
Arıçılar dövlət qayğısından, onlar
üçün yaradılan
şəraitdən də
razılıqla danışdılar: - Nə qədər bacarırsan arı saxla, heç bir vergi ödəmirsən, azadsan vergidən. Ağlı başında olana çox əhəmiyyətli
işdir.
Bəli, Zaqatala arıçıları
öz fəaliyyətlərindən
böyük məhəbbətlə
danışırlar. Baxmayaraq
ki, 2012-ci ildə hər arı ailəsindən 15 kiloqramdan
çox, bu il isə
3-4 kiloqram bal alıblar,
bu onları ruhdan salmır. Hər şeyi maddi mənfəətlə
ölçmək olmaz
ki...
Söhbətimizin sonunda Aleksandr Milaserdov əlavə edir: -Təbiət gözəl olanda, havalar yaxşı keçəndə hər çiçək öz varlığını daha yaxşı göstərir. Belə olanda arılar çox sevinirlər, öz işlərini sevinə-sevinə, canla-başla görürlər. Arılar sevinəndə isə arıçının qəlbi sevinir, heç düşünmür ki, nə qədər məhsul götürəcək və ya qazancı nə olacaq... Arıçı üçün əsas odur ki, arılarının qonmağa çiçəyi olsun...
T.NƏZƏRLİ,
Azərbaycan.-2014.- 28 yanvar.- S.6.