Ərəb mətbuatında dahi Azərbaycan şairi Nizami Gəncəvi
yaradıcılığından bəhs edən məqalə
dərc olunmuşdur
Birləşmiş Ərəb Əmirliklərində ingilis dilində nəşr olunan nüfuzlu "Arabian gazette" qəzetində jurnalist Rahma Raşdinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin Məktublar və Əlyazmalar Muzeyində, Strasburqun Reyn sarayında keçirilən sərgilərdən bəhs edən "Nizami Gəncəvi - böyük romantik və epik şair" sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalədə Nizami Gəncəvinin Xll əsrdə intibah dövrünün və Azərbaycanın böyük filosof şairi olduğu, söz sərrafının romantik duyğularla zəngin "Leyli və Məcnun" əsəri əsasında eyni adlı tamaşanın hazırlandığı, bu poemanın Şekspirin "Romeo və Cülyetta" əsərindən xeyli əvvəl qələmə alındığı və dünyada məşhur olduğu xatırlanır.
Müəllif şairin üçüncü epik poeması olan "Leyli və Məcnun" əsərinin 1188-ci ildə tamamlandığını, əsərin əsas məzmununun ərəb əfsanələrindən alındığını, psixoloji məqamlarla zəngin əsərdə iki gəncin nakam məhəbbətindən söhbət açıldığı barədə oxuculara ətraflı məlumat vermişdir.
Məqalədə qeyd edilmişdir ki, Nizami Gəncəvi şair olmaqla yanaşı, həm də dövrünün filosofu, astroloqu, həkimi, rəssamı, coğrafiyaşünası və tarixçisi olmuşdur.
Jurnalist şairin Azərbaycanın qədim şəhəri və dilbər guşəsi Gəncədə anadan olduğunu, onun xatirəsinə şəhər yaxınlığında mərmərdən məqbərənin inşa edildiyini, Bakıda Ədəbiyyat Muzeyinin şairin adını daşıdığını, əsərlərində zəngin müsəlman sivilizasiyasının ənənələrini yaşatdığını, bərabərlik, qardaşlıq və azadlıq kimi ideyaların əks olunduğunu və bütün bunların bu günün tələbi ilə səsləndiyinə görə aktuallığını itirmədiyini oxucuların diqqətinə çatdırmışdır.
Dövrünün tanınmış alim və şəxsiyyətlərindən olan Biruni, əl-Farabi, Rumi, Hafiz, Cami, Aristotel, Platon və digər dahilərin əsərləri ilə yaxından tanış olan, onların yaradıcılığından bəhrələnən Nizami Gəncəvinin mükəmməl "Xəmsə" yaratdığı və bu əsərin nəinki Şərq, həm də dünya ədəbiyyatının nadir incilərindən biri olduğu xüsusi vurğulanır. Şairin insanlara dostluq, yüksək keyfiyyətlərə, etik normalara, ictimai mühitdə qarşılıqlı anlaşmaya çağırış etməsi kimi fikirlərin əsərlərində yer aldığını xatırladan müəllif onun gələcək nəsil üçün qiymətli irs qoyduğunu bildirmişdir.
Nizami
Gəncəvinin əsərlərinin sərhədlər
tanımadığını, əlyazmalarının
dünyanın məşhur muzeylərində
saxlandığını, şairin
yaradıcılığının Şərq və Qərb
alimləri tərəfindən tədqiq edildiyini, bəşəriyyətin Azərbaycana
Nizami Gəncəvi və digər dühalar bəxş
etdiyini vurğulayan müəllif alman şairi Hötenin fikrinə
istinad edərək Şərqin
tanınmış 14 şairindən yeddisinin məşhur
olduğunu və onların
arasında Nizami Gəncəvinin xüsusilə seçildiyini
bildirmişdir.
Qəzetdə Parisdə və Strasburqda Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgilərdə nümayiş etdirilən onlarla şəkil də verilmişdir.
Məqalənin
tam mətni ilə
http://arabiangazette.com/nizami-ganjavi-greatest-epic--romantic--poet
saytından tanış olmaq mümkündür.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2014.- 28 yanvar.- S.8.